Əsas məzmuna keç

Qoşabeyt

108 əsər · İki beytlik müstəqil şeir

Göylər

Yağan nur da onundu, düşən qar da, dolu da, Min illərdi tükənmir eşqi ulu göylərin.

Hər dəfə buludundan gur yağışlar yağanda, Boşalır saf ürəyi qəlbi dolu göylərin.

Necə görsün yer üstə yanan cəhənnəmləri? Ay-ulduzdu, Günəşdi sağı-solu göylərin.

Nə qədər yüksəlsə də, nə qədər ucalsa da, Şair qəlbindən keçir səmti, yolu göylərin.

Qoy ürəyim danışsın

Qarşıda bir yaşıl yaylaq, göydə Allah, yerdə mən, Dilim, burda sən danışma, qoy ürəyim danışsın.

Arıya bax, çiçəkləri necə basıb bağrına, Gülüm, burda sən danışma, qoy ürəyim danışsın.

Bu mənzərə Tanrı taxtı, şah təbiət, qul insan, Qulum, burda sən danışma, qoy ürəyim danışsın.

Kimlər keçir xəyalımdan, nələr keçir içimdən, Çölüm, burda sən danışma, qoy ürəyim danışsın.

Aşıq, kiri, söz, dillənmə, mizrab, dayan, pərdə, sus! Telim, burda sən danışma, qoy ürəyim danışsın.

Dəli sevdam, havalanma, yığ ağlını başına, Dəlim, burda sən danışma, qoy ürəyim danışsın.

Huşum uçar, ağlım çaşar, ruhum çıxar bədəndən, Ölüm, burda sən danışma, qoy ürəyim danışsın.

İşin olmasın

“Dünya mənim” deyən şair, sən dünyanın zərrəsisən. Özünü bir zərrədə tap, dünyayla işin olmasın.

Bu dəryalar dünya boyda ağır gəmilər batırıb, Sən ondan bir damla götür, dəryayla işin olmasın.

Məcnunları tək-tək olur yandım, öldüm deyənlərin, Leylin yoxsa, kənar dayan, səhrayla işin olmasın.

Hər sevginin bir xatası, hər eşqin bir qovğası var. Canında bır qorxu varsa, qovğayla işin olmasın.

Dastan

Bu qədər qəmlər içində mən də bir qəm dastanıyam, Yanağın od, gözün nisgil, kirpiyin nəm dastanıyam.

Ürəklərdən ürəklərə axdım haqqın səsi kimi, Nə dəftərə yazılmışam, nə qələm dastanıyam.

Aşıqların sazındayam, gözəllərin nazındayam, “Leyli-Məcnun”, “Fərhad-Şirin”, “Əsli-Kərəm” dastanıyam.

Məcnun öldü, Kərəm yandı, Fərhad yardı öz başını, Neçə-neçə talesizin taleyi kəm dastanıyam.

Gül

Gülümsəyən gözəlliksən, könül açan talesən, Xoş gəlmisən bu bahara, xoş gəlmisən yaza, gül.

Bu qədər ki, yaraşıqsan təbiətə, varlığa, Ancaq sənin haqqın çatır hər qəmzəyə, naza, gül.

Torpaq canın, Günəş dostun, su sirdaşın, od ruhun, Gül ömrünü şaxta vurub döndərməsin buza, gül.

Ətrin, qoxun nə deməkdi, onu sevənlər bilər, Hədiyyəsən hər oğula, hər sevilən qıza, gül.

Gül yanaqlar, gül dodaqlar, gül nəfəslər içində, Gördüm, dönüb gül olmuşam səndən yaza-yaza, gül.

Ölüm bizdən güclü çıxır

Bu, ömür-gün yollarıdı, varlı keçir, kasıb keçir, Dərd insandan aralanmır, hər gün dardan asıb keçir.

Həqiqəti demək eşqi qismət olmur çoxlarına, Kimi batır öz içində, kimi səsin qısıb keçir.

Əl açsaq da, əl yetişməz Yaradanın ətəyinə, Kimi Haqqa könül verir, kimi Haqdan küsüb keçir.

Yüz il sonra torpaq üstə çəmən kimi göyərsək də, Ölüm bizdən güclü çıxır, başımızdan basıb keçir.

Yalan şeydi əbədiyyət

Bir tərəfi sel uçurur, bir tərəfi yel dağıdır, İnsanlığın üzü gülməz, tufan adlı zülüm varsa.

Yazda açan çiçəklərə qəmli payız qənim olar, Bağban yüz də can çürütsün, solacaqdır, gülüm varsa.

Hər aşın bir ağısı var, hər canın bir yağısı var, Nə çəkib qarğadan çəkib, qan ağlar bülbülüm varsa.

Ölməzlik boş təsəllidi, kimsə atıb ortalığa, Yalan şeydi əbədiyyət, insan üçün ölüm varsa.

Halal doğulanlar

Halal doğulanlar, halal doğanlar, Gül olur, şeh olur, bulaq olurlar.

Halalla haramın qarışığından, Dünyaya gələnlər calaq olurlar.

İşıqlı ürəklər, nurlu könüllər, Çırağı sönənə çıraq olurlar.

Bir köynək Allaha yaxın olanlar, Min köynək şeytandan uzaq olurlar.