Əgər inamın ölübsə
“Yarəb, bu uğursuz gecənin yoxmu sabahı?”
M.A.Ərsoy
Əgər inamın öldüsə, bu həyatdan əlini çək, İnam öldü, iman öldü, demək, həqiqətin öldü.
Çəkməyə bir nəfəs yoxsa, uçmağa bir həvəs yoxsa, Yerə, göyə, sonsuzluğa marağın, heyrətin öldü.
Qaynamasa damarda qan, hər ağrıya yanmasa, Demək, dosta məhəbbətin, düşmənə nifrətin öldü.
Arzu, ümid, fikir, xəyal, uçan qollar, qanadlar, Qolun yoxsa, yolun yoxdu, gücün, cəsarətin öldü.
Diri-diri ölənlərçün nə görüş var, nə ayrılıq, Yad-doğma yox səndən ötrü, Vətənin, qürbətin öldü.
Molla çağır, Quran oxut, versin sənin “Fatihə”ni, Ölü gəldin, ölü getdin, hünərin, qeyrətin öldü.
Ey inamı ölən kimsə, könüllü get qəbristana, Çünki səndən çox-çox əvvəl ruhun, qətiyyətin öldü.
2006, 13 yanvar