Tarix
Ahdı burulub çıxan tüstülü bacalardan, Nələr gördü bu tarix, soruşun qocalardan.
108 əsər · İki beytlik müstəqil şeir
Ahdı burulub çıxan tüstülü bacalardan, Nələr gördü bu tarix, soruşun qocalardan.
Ayaqları olan kəs yerində saya bilməz, Ayaqsızlar sürünər, fərli yaşaya bilməz.
Yorulub, yola salıb payızları, qışları, Anamın alnındakı zamanın qırışları.
Qurban olum Məkkəyə, məndən incimə qəti, Anamın ayaqları başımın ziyarəti.
Xalqın ümid qaynağı ər oğlu ərdən gələr, Döyüş vaxtı kişinin səsi səngərdən gələr.
Yaman aldı üstümü, yaman yerdə təklədi, Mən vaxtı tutammadım, vaxt məni ətəklədi.
Allah! Allah! Nə qədər yalançı qəhrəman var, Yaxşı ki, hər əməlin son hakimi zaman var.
Yıxdı xalqın evini yalançılar, saxtalar, Milləti duya bilməz qəlbi, ruhu taxtalar.
Olsa da şəhidimiz, qalsa da şikəstimiz, Cəmiyyətin boynunu düzəltməkdi qəsdimiz.
Kim qarnının quludu, kim nəfsinin əsiri, Küçələrin tozudu, ayaqların həsiri.
Atılan daşlara bax, heyfini başdan çıxır, Yarılan başlara bax, qisməti daşdan çıxır.
Xalqa üz qaralığı insana təhqir, ləkə, Millətin faciəsi köləlik, müstəmləkə.
Yatır torpaq altında xəzinələr, dəfnələr, Allah tək insanı yox, xəznəni də dəf eylər.
Ruhumuz, varlığımız, torpağımız talandı, Biz Allahı çağırdıq, o qaçdı daldalandı.
Tale insan oğlunu hər gün sıxasıxdadı, Həzrəti-İsa kimi hərə bir çarmıxdadı.
İtilənib qılınclar, hazırlanıb tilovlar, Qiyamət qopa bilər səngiməsə alovlar.
Görəsən bu milləti dartıb hara çəkirik? Dardan xilas edirik, yoxsa dara çəkirik?
Dünənki faciəmiz gur alqışlar, çəpiklər, Bugünkü faciəmiz fışqırıqlar, təpiklər.
Göy əsgiyə bürünüb ömürləri, günləri, Allah, özün razı sal taledən küskünləri.
Nəfəs candan üzülüb, ruh çıxanda bədəndən, Əbədi vətən üçün ayrılırsan vətəndən.
Əbədi qalan deyil nə saraylar, nə damlar, Hərdənbir yerə baxsın göylə gedən adamlar.
Qeyrət elə şeydi ki, qanadı var, canı var, Önündə Çin səddi çək, aşmağa imkanı var.
Elə ki, ağırlaşır, çətin olur halları, Xalqı alverə çəkir siyasət dəllalları.
Bacarar krallığı, sultanlığı, şahlığı, Bəndə yaranan insan bacarmaz allahlığı.
Qulaq ver qəbirlərə, səs gəlir dədələrdən: “Heyifdi, insanlığı qoruyun zədələrdən”!