Əsas məzmuna keç

Qoşabeyt

Müşfiqə bir güllə dəydi

Zəlimxan Yaqub

2

Müşfiqə bir güllə dəydi, ona dəyən bu güllədən, Yer alışdı, göy qovruldu, səs hönkürdü, ün ağladı.

Qaraqaşlı, qaragözlü, qara bəxtli bir şairin Zəmisi, tarlası yandı, sünbülündə dən ağladı.

Bu, İsanın çarmıxıydı, Məhəmmədin daşqalağı, İnsaf itdi, mürvət öldü, iman susdu, din ağladı.

Tətik çəkən barmaqları Tanrı niyə qurutmadı. Bəd xəbərdən göy üzündə Ay tutuldu, gün ağladı.

Hansı barıt, hansı güllə, hansı silah tökdü qanı, Yoldu ağaclar saçını, bir hönkürdü, min ağladı.

Qan gölündə çimdi çıxdı, tarın bütün pərdələri, Qəlbimizdə qəmli tellər, saçımızda dən ağladı.

Nə çığırmaq, nə bağırmaq, nə çağırmaq mümkün idi, İçimizdə batan səsə dağ başında çən ağladı.

Allah özü yaş axıtdı bir güllənin dəhşətinə, Şair haqqı tək qoymadı, Allah ilə tən ağladı.

2006, 9 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.