Əsas məzmuna keç

Qoşabeyt

Dərdə deyin

Zəlimxan Yaqub

2

Aman ağrı, ayaq saxla, sən tutduğun Allahsız iş, Ürəyimdən qan axıdıb, gözlərimi nəmləməsin.

Nə mən dənəm, nə dərd toyuq, ağlını yığsın başına, Mənim ruhum hesabına ruhsuzları yemləməsin.

Nolar şair ürəyinin açıq olanda qapısı, Qəm üstünə qəm gətirib qəlbi belə qəmləməsin.

Nə topum var, nə topxanam, silah ancaq qələmimdi, Üstümə qoşun yeridib ordusunu cəmləməsin.

Üz verdim, astar istədi, yağış verdim, qar istədi, Dərdə deyin, həddi aşıb, bir belə sərsəmləməsin!

2006, 1 oktyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.