Əsas məzmuna keç

Qoşabeyt

127 əsər · İki beytlik müstəqil şeir

Baxışlar

Allah, Allah, bu yanan gözlərə bax, Çayların, çeşmələrin rəngidi bu.

O baxışdan bu canım yanmadısa, Dağ deyil, dağların nəhəngidi bu.

Qan-qan deyərək məni meydana çəkir, Qan tökən bir döyüşdü, cəngidi bu.

Niyə yandım, niyə öldüm, əridim, Göz deyil, gözlərin qəşəngidi bu.

Ruha güc, qəlbə qanad, canlı həyat, Ürəyin ritmidi, ahəngidi bu.

Qəzəl

Hara düşdü Şəhriyarım, ax, diyar görmək istərəm, Haqq diyarımtək orada da haqq diyar görmək istərəm.

Yenə yandı bağrım mənim, təzələndi ağrım mənim, Zamanı, ruzgarı, dövrü, vaxtı yar görmək istərəm.

Nə müddətdi yolu gözlər bəxti kimi qara gözlər, Arazdan körpü salmağa ixtiyar görmək istərəm.

“Eyvaz gəlib yatmayınca, yatmaram” – dedi şair, Mən Eyvazam, çatmaq üçün baxtı yar görmək istərəm.

Şah taxtına baş əymədi Nəsimilər, Füzulilər, Mən ölsəm də demərəm ki, taxtı yar görmək istərəm.

Dərman özüm, dərd özüməm, Azərbaycandı torpağım, Yol gözləyən qoca, cavan, ixtiyar görmək istərəm.

Bu tayda Bəxtiyarımı bəxtiyar gördü gözlərim, O tayda Şəhriyarımı bəxtiyar görmək istərəm.