Əsas məzmuna keç

Qoşabeyt

Pir kimi baxdım

Zəlimxan Yaqub

2

Gözəl üzlər, gül çöhrələr gözəlləşdirdi dünyanı, Alov saçan ürəklərə odlu təndir kimi baxdım.

Yerində deyilən sözlər şərəfim, şöhrətim oldu, Yerinə düşməyən sözə ağır təhqir kimi baxdım.

Tanrıdan aldığım nuru bol-bol insana payladım, Hər kim ağsaqqal oldusa, mən ona pir kimi baxdım.

Çox-çox arzulayan oldu, az-az insanlara çatdı, Ağsaqqala möcüzətək, müqəddəs pir kimi baxdım.

Özü Haqdan, sözü Haqdan, ilhamı Haqdan gələnə, Sözdə Səməd Vurğun kimi, sazda Şəmşir kimi baxdım.

Sevgi doldu ürəyimə tək olan Allahım kimi, Birliyinə baş endirdim, birinə pir kimi baxdım.

Sazın-sözün meydanında Zəlimxan heç qısılmadı, Mən ona harda baxdımsa, şir oğlu şir kimi baxdım.

2004, 14 noyabr

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.