Əsas məzmuna keç

Qoşabeyt

108 əsər · İki beytlik müstəqil şeir

Ömrün son günü

Dünya məndən dönən günü, Dünyadan əlim çıxacaq.

Nə deməyə söz qalacaq, Nə onda dilim çıxacaq.

Həsrət elə qovuracaq, Cızdağım, külüm, çıxacaq.

Əcəl girəndə bacadan, Qapıdan ölüm çıxacaq!

Hesablaşmır

Söz ürəyi yandıranda dil dodaqla hesablaşmır, Sellər çəkəndə nərəni, çay yataqla hesablaşmır!

Qəzəb qılınc oynadanda səbir ilə hesablaşmır, İnsan onda qorxu ilə, qəbir ilə hesablaşmır!

Dolu ürək, dolu könül boş həvəslə hesablaşmır, Qartal üçün göylər gərək, dar qəfəslə hesablaşmır!

Sürgün ilə, həsrət ilə, hicran ilə hesablaşmır! Əllər dönüb yumruq olur, zindan ilə hesablaşmır!

Arzu, dilək daş hasarla, dəmir sədlə hesablaşmır, Nə tikanlı məftil ilə, nə sərhədlə hesablaşmır!

Hər xainlə, hər satqınla, hər alçaqla hesablaşmır, Xalqın adı – haqqın adı, haqq nahaqla hesablaşmır!

Gedir

Vaxt deyilən axar sudu, dayanmağı, durmağı yox, Düşür axşam, gəlir gecə, sökülür dan, keçib-gedir.

İnsan ulu, insan böyük, çiyinlərdə dağ boyda yük, Haqq yolunda igid başdan, oğul candan keçib-gedir.

Qanın yoxsa, ruhun yoxdur, ruhun yoxsa, özün yoxsan, Coşub-daşan duyğuların yolu qandan keçib-gedir.

Qəm yeriyir axın-axın, istədiyin gəlmir yaxın, Kədər qalır içəridə, sevinc yandan keçib-gedir.

Ağzıgöyçək deməsin ki, dünya onun nə vecinə, Bu dünyanın hər ağrısı Zəlimxandan keçib-gedir.

Nə yaxşı

Ömrün on beş ilini dar komada keçirdim, Nə yaxşı bu günümdə sığındığım otaq var.

Evsizlərin halına o qədər ağlamışam, Gözümdə neçə-neçə göz-göz olmuş bulaq var.

Dünənki komada da, bugünkü otaqda da Könlümdə öz əlimlə çatdığım bir ocaq var.

Əllərim qələmdədi, baxışlarım varaqda, Şamdanda şam əriyir, başım üstə çıraq var.

Nə yaxşı öyrənmişəm qonaqsız darıxmağa, Nə yaxşı bizim evdə hər gün əziz qonaq var!

Meşədəndir

Meşənin qucağında ağaca söykənmişəm, Yazdığım misraların ətri bənövşədəndir.

Çeşmələrin gözündə şeirimin saflığı var, Könlümə düşən işıq aldığım nəşədəndir.

Beşiyimin ağacı, tabutumun taxtası, İlk varım, son dövlətim bu yaşıl meşədəndir.