Əsas məzmuna keç

Qoşabeyt

Təki gələn mələk olsun

Zəlimxan Yaqub

2

İldə bir də çıxmaq olar, bir fəsildə beş dəfə də. Təki dolan bulud olsun, təki çaxan şimşək olsun.

Gənclikdə də sevmək olar, cavanlığı ötəndə də, Təki ümid qapısını açıb gələn mələk olsun.

Payızda da duymaq olar təbiəti bahar kimi, Təki sənin vurulduğun, sevdiyin bir çiçək olsun.

Bir zərrə qum dənəsində bir səhranı görmək olar, Təki səndə dünya boyda çırpınan bir ürək olsun.

Zirvə eşqi müqəddəsdi, yarıyolda qoymaz səni, Təki sənin ürəyində saf bir arzu-dilək olsun.

Nə təhqirlər, nə zəncirlər, nə kəndirlər sıxmaz səni, Təki sənin istəyincə dönən çərxi-fələk olsun.

Sınma, səni sındırmağa cəhd eyləsə nadan, naşı, Təki səndə dəmir əzən, zəncir qıran bilək olsun.

Həqiqəti susdurmağa gücü çatmaz bəndələrin, Təki ulu Yaradanın özü sənə kömək olsun.

2006, 28 oktyabr Kislovodsk

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.