Nə cəh-cəhdi başlamısan, yermi qalxır, göymü enir?
Hər nəfəsin dünyamızı bəzər, Alim, bəzər, vallah!
Sal qayalar muma dönər, nəfəsini duya bilsə,
Buludlar da göz yaşını süzər, Alim, süzər, vallah!
Sular bilsə yanmaq nədir, atəşinə tab eyləməz,
Kür alışar, göyə qalxar Xəzər, Alim, Xəzər, vallah!
“Segah”amı, “Şüştər”əmi, “Qatar”amı çevrilmisən,
Nalələrin ürəyimi üzər, Alim, üzər, vallah!
Zildə Allah ucalığı, bəmdə bəndə mərtəbəsi,
Yerdə-göydə dalğa-dalğa gəzər, Alim, gəzər, vallah!
Xanəndələr bülbül kimi oxuyub səs-səsə versə,
Bir an səndən uzaqlaşmaz nəzər, Alim, nəzər, vallah!
Min il sonra Zəlimxanın qulağına səslər gələ,
Yenə sənin avazını sezər, Alim, sezər, vallah!