Əsas məzmuna keç

Qoşabeyt

108 əsər · İki beytlik müstəqil şeir

Tək olana arxalan

Ucalığı, insanlığı insanın, Ləyaqətdə, abırdadı, abırda.

Yaradana yaxınlığın yolları, Dözümdədi, səbirdədi, səbirdə.

Həyat səndən güc-hərəkət istəyir, Sükut ancaq qəbirdədi, qəbirdə.

Arxalansan, tək olana arxalan, Hər nə varsa, o Birdədi, o Birdə!

O gəlirsə

O gəlirsə, dedi-qodu gəlir, demək, Baxışda kin, dildə zəhər gətirəcək.

Kim əzildi, kim vuruldu, kim yıxıldı, Bircə-bircə dildə əzbər gətirəcək.

Ölən varsa, qoymaz bir saat keçə, Ölüm-itim, qəza-qədər gətirəcək.

Canı çıxar, dilindən bir xeyir gəlməz, Şərdən deyib, şər oğlu şər gətirəcək.

Ömrü boyu şad xəbərlə arası yox, O gəlirsə, qara xəbər gətirəcək.

Can üstündə

Gördüm bir əl uzandı zülmətdən mənə doğru, Qapımı döydülər ki, ömrün başa yetişdi.

Neçə dəfə can atdım ölümü öldürməyə, Fürsət Əzrayıl adlı ağlı çaşa yetişdi.

Aşından çox yemişəm daşını bu dünyanın, Ağzım aşa yetəndə başım daşa yetişdi.

Yüzdən o tərəfi çox qalmağın şərəfi yox, Nə olsun insan ömrü neçə yaşa yetişdi.

Çoxunun ürəyindən ölməzlik gəldi-keçdi, Ona nə xan qovuşdu, nə də paşa yetişdi!!!