Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər
Zövq şövqilə cəhan qeydin çəkən zəhmət çəkər, Əhli-zövq oldur kim, ondan daməni-himmət çəkər.
Gün çəkər yerdən gögə hər dəm qübari-rahini, Tutiya içün, bəli, yerdən gögə minnət çəkər.
Ey çəkən qeyr ilə pünhan bəzm edib mey gah-gah, Yad qıl ondan ki, bəzmin yad edib həsrət çəkər.
Xali etmiş qeyrdən zülfün xəyali könlümü, Nola sahibkəşf ilə bir ömrdür xəlvət çəkər.
Çək, səbuhi, sübh nəqqaşinə ərzi-ariz et, Böylə çəksin, kim fələk lövhinə bir surət çəkər.
Sərvqamətlər səmənrüxsarlər toprağıdır, Hər səmən kim, açılır, hər sərv kim, qamət çəkər.
Qətreyi-əşkim qətarı, sinə çakindən girib, Tən evinə dışradan bari-qəmü möhnət çəkər.
Ey Füzuli, baxmayam ta qeyrə, hər xunin müjə Atəşin bir mildir kim, çeşmimə qeyrət çəkər.
Lüğət: Tutiya – gözə çəkilən maddə; Bəzm – qonaqlıq, kef məclisi; Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Xuni – qanlı, qatil