Tanı məni, Amerika
TANI MƏNİ, AMERİKA
Amerika dövləti! Məni dəvət etmisən, bu dəvətin mübarək! Mənə hörmət etmisən, bu hörmətin mübarək! Dünyanın o başından bu başına gəlməyə Səxavət göstərmisən, səxavətin mübarək! Şan-şöhrətin, ad-sanın, böyüklüyün, möcüzən, Varlığın, gözəlliyin, təravətin mübarək! Məcrasına sığmayan gur çayların mübarək! Buludlardan nəm çəkən sarayların mübarək! Min zəfər kitabına sığışmayan, sığmayan Ağlı heyrətə salan əzəmətin mübarək! Görüşünə gəlmirəm sadə kef-damaq üçün, Beş-on gün ləzzət alıb, gözəl yaşamaq üçün. Su kimi hara gəldi axmaq üçün gəlmirəm, Ağ evə, Parlamentə, Senata, Konqresə Seyrçi bir nəzərlə baxmaq üçün gəlmirəm.
Yaşım o yaş deyil ki, Baxdığım mənzərələr
xəyalımı çaşdıra, Gördüyüm parıltılar gözümü qamaşdıra. Yaşım o yaş deyil ki, zövqüm məni aldada, Məndən ötrü həyatın yalanı da bal dada. Təkcə şair deyiləm, Coşsun, çağlasın təbim, Ya, bir xoş xatirəylə, Ya, gözəl bir şeirlə bitsin sözüm, mətləbim. Təkcə şair deyiləm, Göylərin durnasına, Göllərin sonasına, Daşların xınasına, Gördüyüm şəhərlərin göydələn binasına Ətirli misraları səpəm gül-çiçək kimi, Çiçəklərə, çöllərə qonam kəpənək kimi. Vəkiləm bir millətə, vəkiliyəm millətin, Yüküm ağırdan ağır, işim çətindən çətin. Bircə yarpaq düşürsə, budağa cavabdehəm, Bir qarışı yanıbsa, torpağa cavabdehəm. Bir əsrin tarixində İki dəfə yüksələn bayrağa cavabdehəm.
O qədər qövr edib ki, ürəyimin yarası, Sənə yetirmək üçün Nə fikrim bitəsidi, nə sözüm qurtarası. Od tökülüb, qor dolub saçımdan dırnağıma, Yana-yana kül olar kim çıxsa qabağıma. İztirab var, ağrı var, faciə var, əzab var, Çürütməli, çözməli nə qədər haqq-hesab var. Daşdı səbrim, dözümüm, dağdı çiynimin yükü, Biz-biz olub qəzəbdən yenə başımın tükü! Dərd ağır dalğa-dalğa, duman kəsir üstümü, On illərdi yanıram, görən yoxdu tüstümü. Yandım qır qazanında, Bişdim kor qazanında, Qovruldum qovut kimi, Fitnə, şər qazanında. Bu gün mənim sirdaşım
nə saz, nə kaman, nə tar, Nə ovçuyam, nə səyyah, nə alim, nə bəstəkar. Nə mən tamaşaçıyam, nə də sən bir tamaşa, Baxım parıltılara gözüm nurdan qamaşa. İşim dönüb tərsinə, ağzım dirənib dağa,
Gəlirəm, Amerika! Gəlirəm, dur hazırlaş məni qarşılamağa! Qasırğayam, dalğayam, fırtınayam, tufanam, İllər boyu qaynayan, Bircə anda püskürən zəlzələyəm, vulkanam. Gəlirəm, Amerika, tufan kimi gəlirəm. Qayaları sovuran vulkan kimi gəlirəm. Ya miskin bir ölümdü, ya məğrur yüksəlişdi, Bu, başqa cür gəlişdi! Tək mən deyiləm gələn: Çıxıb uzaq bir yola, verib mənlə qol-qola, Böyük bir arzu gəlib həqiqət olmaq üçün, Böyük bir ümid gəlib məhəbbət olmaq üçün. Dağdan ağır dərd gəlib, gələn dərdim sərt gəlib. Səndən qüvvət istəyir cəsarət olmaq üçün. Ruhumda bir od gəlib, canımda bir can gəlib, İliyimdə, qanımda bir Azərbaycan gəlib. Mənim üçün hər şeydən uca, müqəddəs olan, Dilimdə, dodağımda nəğmə olan, səs olan,
Udduğum təmiz hava, çəkdiyim nəfəs olan, Dərdli bir Vətən gəlib. Onun dərdi həmişə zirvələrlə tən gəlib. Yolum çətin, işim zor, Dinlə, cənab senator! Bilsən də, bilməsən də, Azərbaycanla bağlı bir az təqdimat verim, Qəlbinə bir genişlik, ruhuna qanad verim. Tanı, yaxından tanı bizim Azərbaycanı! Xəzər yaxasında Kürlü, Arazlı, Göygöllü, Şahdağlı bir dövlətəm mən! Şeirimdə Nizami yüksəkliyi var, Peyğəmbər zirvəli bir sənətəm mən! Bir dövlət qurmuşdum beş yüz il əvvəl, Xətai imzalı cəsarətəm mən! İnsanı qaldıran tanrı taxtına, Nəsimi möhürlü həqiqətəm mən! Fikirlər, duyğular zəlzələsiyəm, Sabir möcüzəli səltənətəm mən! O tayda Təbriz var, bu tayda Bakı, Ortadan ikiyə şaqqalanmışam, Dünyada ən böyük bir həsrətəm mən! Torpağı min yerə parçalansa da, Sevgisi bölünməz məhəbbətəm mən! Körpə azadlığı qana bələnmiş, Dağılmış, talanmış bir sərvətəm mən! Bu gün gözü yaşlı, qəlbi təlaşlı, Üsyanam, gileyəm, şikayətəm mən! Mən deyim, sən dinlə, yaddaşına yaz, Ən kövrək, ən qəmli hekayətəm mən!
Düz iki yüz ildi ki, dağılmış, parçalanmış, Yadellilər əlində
yurd-yuvası talanmış, Yenilməz oğulları Nizələrə taxılmış, alovlara qalanmış, Taleyi düyünlənib, işləri tərsə düşən, Bir payı rusa düşən, bir payı farsa düşən, Təbrizi yaralanmış, Dərbəndi paralanmış, Ağrılar sinəsində dağlartək sıralanmış, Sellərə dönmüş qanam, qanlara dönmüş seləm, İki yerə bölünmüş bir Vətənəm, bir eləm! Bir körpüyəm, keçidəm Şərqlə Qərb arasında, Ömrüm, günüm, taleyim sülhlə hərb arasında. Düşünəndə az qalır başıma gəlsin hava, Mənim bəxtsiz millətim Bir parça torpaq üstə min qan görüb, min dava. Mənə millət göstərin, keçsin otuz milyonu, Danışmağa öz dili, Yazmağa öz qələmi, öz kitabı olmasın. Mənə millət göstərin, Mənim millətim qədər dərdi, əzabı olsun.
Axıtdılar dalbadal xalq oğlu Səttarxanın, Şeyx Xiyabaninin, cənab Pişəvərinin Qan dolu göz yaşını. Mənə millət göstərin, Mənim millətim qədər Bir əsrdə üç dəfə qopartsınlar bədəndən
onun qanlı başını. Qafqazın sinəsində ən möhtəşəm bir dağam, Qoca Şərqdə ilk dəfə Müstəqillik adıyla dalğalanan bayrağam! Bircə gündə əlimdən aldılar şadlığımı, Qan içində boğdular Üç yaşına çatmamış körpə azadlığımı. Dişində şirə qalıb, axıdır qanı düşmən, Bu gün də aralanmır, tutub hər yanı düşmən, Yolum çətin, işim zor, Dinlə cənab senator! Bağışla, bəlkə, bir az
çox alıram vaxtını, Axı, ziyarətdəyəm, Azadlıq ölkəsinin azad bir paytaxtını. Başında duman oynar, gözlərində çən olar, Bizlərdə bir məsəl var, “dərdli deyingən olar”. Axı, sən konqresdə,
axı, sən senatdasan,
Hər yerdə sözün keçir, Həm aşağı qatdasan, həm yuxarı qatdasan! Heç bir kəsin yanında sözü keçməyən mənəm! İllər ilə alışan, odu keçməyən mənəm, közü keçməyən mənəm! İlan kimi qıvrılan, Tüstülənən, qovrulan Azadlıq şərbətini Bircə dəfə doyunca alıb içməyən mənəm! Təzə oyun tapıblar, indi bir təzə oyun Avropa, Amerika Bu işdə can-ciyərdi, bu əməldə qol-boyun. Tapılan bəhanəyə əcəb ad da veriblər: “Erməni soyqırımı”. Olubsa, doğrudan da,
erməni soyqırımı, Bəs onda kimlər açdı Türkün torpaqlarında Bir bu qədər uçrumu, Bir bu qədər yarğanı, bir bu qədər şırımı?! Amerika hələ ki, yaranı yüngül vurub, Oyunda birincidir, Fransa lap gül vurub! Maya qoyub, xərc verib bu daşnaq yuvasına, Avropa dövlətləri Gecə-gündüz oynayır
erməni havasına.
Söhbətin sərt yerində bir azca yumşalıram, Bir kövrək, bir yaralı xatirəyə dalıram. Bayatı oxuyuram, ingilisə bayatı, Dörd misranın içindən Güzgü kimi boylanır Vətənimin taleyi, millətimin həyatı.
“Ay amandı, Xalların nə yamandı. Namərd mərdə güc gəlir, Qoymayın, ay amandı”.
Tərcüməçim yetişir elə bu vaxt dadıma, Qoşulur bayatıdan Qızıl qantək fışqıran ahıma, fəryadıma. Hər sözdə bir təravət, hər cümlədə bir ətir, Azərbaycan dilindən ingilisə çevrilir sözbəsöz,
sətir-sətir. Senator hər fikirlə yaxından maraqlanır, Dəftər kimi yazılır, kitabtək varaqlanır. Diqqət ilə baxıram rənginə, baxışına Tutur bizi dalbadal suallar yağışına. Sual dalınca sual, cavab dalınca cavab, Hər sualda bir ağrı, hər cavabda bir əzab.
Amerika dövləti! Çin ölkəsi deyilsən, söz qoşam gözəlinə, İran deyilsən, səni Bürüyəm başdan-başa Sədinin hikmətinə, Hafizin qəzəlinə. Qədim Misir deyilsən, Ehramların önündə Ucalam, qədimləşəm, mən də bir ehram olam. Şərq gözəli deyilsən, Gözəlliyin önündə əriyəm, bir şam olam. Sən Tac-Mahal deyilsən, heyran olam tacına, Baxdıqca gözüm dola daşına, ocağına. Sən İstanbul deyilsən, Ən qədim muzeylərin Ən qədim tarixlərə dura meydan oxuya. Ulu Məkkə deyilsən, Hər qarışın, addımın Peyğəmbər təravəti, Quran ətri qoxuya. Sənin bir sovqatın var, azadlıq ölkəsisən! Ədalətin beşiyi, azadlığın səsisən! Nemətlərin içində ən böyük nemət olan, Çoxlarını gözlədən,
azına qismət olan,
Allahı qanun olan, qanunu Allah olan, Ədalətə sərkərdə, azadlığa şah olan Ən böyük bir məmləkət, ən ali bir ölkəsən! Mənim fikrimə meydan, Mənim hökmümə dərman, sən verəsən, bəlkə, sən! Mən nə pula, nə qazanca,
nə sərvətə gəlmişəm, Ədalət istəyirəm, ədalətə gəlmişəm! Arxalı köpəklərin zəncirini dart bir az, Bir azca nəfəs dərim, yüngülləşsin dərd bir az. Eşitmişik, görmüşük Qonşular arasında söz olar, savaş olar, Bir artıq-əskik düşər, bir dava-dalaş olar. Ağsaqqal ayırd edər, Kimin sözü düz çıxar, kiminki çaş-baş olar. Heç yerdə görməmişik Qonaq gəlib deyə ki, evin sahibi mənəm, Buludların son qatı, dəryanın dibi mənəm. Dünyanın heç yerində bir bu qədər şər olmaz. Yox, belə insan olmaz, yox, belə bəşər olmaz. İddiası başından, bəlkə, min dəfə yekə,
Erməni xəstəliyi Tək mənim üçün deyil, Sabah sənin üçün də ən böyük bir təhlükə! Vaxt çatıb, Amerika! Ayır yaxşıdan pisi, Arxasında durmasan Heç bir iş görə bilməz nə erməni barmağı, nə erməni lobbisi!
Hörmətli konqresmen! Buyur, bu mən, bu da sən, dinlə məni ürəkdən! O konqres deyilmi, Düz on il bundan əvvəl əl-qolumu bağlayan? Salıb məni hasara, sağ-solumu bağlayan? O konqres deyilmi, Ədalətin adıyla xəyanətə yol verən? Öpüb cinayətkarı,
cinayətə yol verən? Yaxşımı pisə yozub, düzümü tərs oxuyan? İnsan haqları haqda dünyaya dərs oxuyan? Konqres bilməliydi, Oğru kimdi, doğru kim, İşğalçı, talançı kim, Fitnəkar, yalançı kim. Konqres bilməliydi,
İrəvan hansı gündə dönüb Yerevan olub. Bu yer dünənə qədər Kimlərin məskəniydi, kimlərə meydan olub. Unutdu bir millətin tarixi şərəfini, Saxladı fitnəkarın, Bircə ilin içində İki yüz kənd yandıran daşnakın tərəfini. Konqres bilməliydi, həmişə mənim olmuş, yurdum, vətənim olmuş Ermənistan adlanan bugünkü məmləkətdə Azərbaycanla bağlı nə iz qalıb, nə ləpir. Bu gün bütün dünyaya daşnaklar qırğın salıb, nifaq toxumu səpir. Konqres bilməliydi, qara nədir, ağ nədir, Bakı harda yerləşir, Dağlıq Qarabağ nədir. Nədir Şuşa yanğısı, nədir Xocalı dərdi, Konqres bilməliydi, Osventsim kədərindən, Buhenvald harayından Xocalı faciəsi daha beşdi-betərdi. Düz yüz əlli ildi ki, Qurana, Məhəmmədə, bütöv İslama qarşı, İstanbuldan başlamış Hələbə, Şama qarşı,
Türk oğlu türkə qarşı, Ankaraya, Bakıya, Təbrizə, Ərkə qarşı,
Azərbaycana qarşı, Azərbaycanla bağlı bütün cahana qarşı Kimlər, nələr birləşib, Neçə böhtan övladı, şər oğlu şər birləşib. Hörmətli konqresmen! Azərbaycan başa-baş od içində yananda, dəniztək çalxananda Qırılan ümidlərin, daranan qəfəslərin, Tüstülərin içində boğulan nəfəslərin, Halal haqqı yeyilmiş haqq bağıran kəslərin, Ahların, harayların, nalələrin, səslərin, Ata-ana deyilən ruhu müqəddəslərin, Faciəli taleyi qulağına çatdımı? Qulağına çatan səs Tükünü tərpətdimi, Ruhunu oynatdımı? Silah kimin silahı, əllər kimin əliydi? Xocalı soyqırımı kimlərin əməliydi, Heç vardınmı fərqinə? Bu bəla hardan gəlir, Boylandınmı ölkənin şimalına, şərqinə? Dostunla düşmənini seçməyi bilmədinsə, Mənim üçün səninlə qaniçən erməninin fərqi nədi, fərqi nə?!
Qanunlara ad verib,
adını qoyursunuz “Ədalətin təməli”, Biz necə başa düşək sizin tərəfinizdən Başımıza açılan Əsassız imtahanı, ədalətsiz əməli?!
Amerika! Xəyalımda gərdiş edib, ürəyimdə bir az gəzsən, Yəqin, mənim sözlərimdən inciməzsən. Biz qalmışıq Neçə məkr, neçə hiylə,
neçə oyun arasında, Biz qalmışıq qurdla qoyun arasında. Biz qalmışıq odla suyun arasında. Suya doğru qayıdırıq,
su yandırır, Oda doğru yeriyirik, od yandırır, Kəlbəcərə, Cəbrayıla əlim çatmır, Odu sönmüş ocaqları orda bu gün yad yandırır. Anasının bətnindəcə Ölüb getmiş uşaq oldu
BMT-nin qətnaməsi. Arxivlərdə çürüməkçün Bir saralmış varaq oldu BMT-nin qətnaməsi. Azərbaycan xalqı üçün
Yaxşıca bir sınaq oldu BMT-nin qətnaməsi. Azərbaycan su yoluna dönüb daha, Diplomatlar axın-axın. Mənim ağır dərdlərimə Kimi uzaq, kimi yaxın. Ütülənmiş təklifləri həddən aşır, Qovluqları kağızlarla dolub, daşır, İçinin bir faydası yox,
mayası yox, Diplomatın haqq mövqeyi, erməninin həyası yox. Bu oyunlar, oyunbazlar Hər gün bizi qana çəkir, Amerika! Rusun fikri, farsın fikri, Fransada bir tərs oğlu tərsin fikri Balıq-xərçəng oyunutək Taleyimi qoyub hərrac bazarına, Hərəsi bir yana çəkir, Amerika! Yer üzündən silmək üçün alçaqlığı, rəzaləti, Kəsmək üçün faciəni, qovmaq üçün fəlakəti, Bütün dünya səndən umur düzgünlüyü, ədaləti! Cənab katib! BMT-nin baş katibi, Ruhu incə, qəlbi kövrək, özü həssas Bir millətin sözlərinə lap yaxından, gəl, qulaq as. BMT-nin binasına boylanırsan, papaq düşür,
Görkəmində bir kəsir yox, bir qalıq yox, Duruşunda bir heyrətli ucalıq var, Əməlində, işindəsə ucalıq yox! Lap gözünün önündədir, Bayraqların cərgəsində baxmısanmı bayrağıma? Bircə dəfə gəlmisənmi qan çilənmiş torpağıma? Səndən əvvəl gələnlər də çadırları görüb, gedib, Çadırlardan çıxmaq üçün şirin vədlər verib, gedib. Daha, yağlı yalanlara inanmırıq! İnanmırıq iki yana baxanlara, İki yana baxa-baxa evimizi yıxanlara! İnam ölməz işıqlı bir ümid olsa, Nahaq haqqı zorlayanda inam ölür. Ağ yalanlar bir şah kimi
taxta çıxıb, Şər işləri korlayanda inam ölür. Böyük-böyük dövlətlərin baxışları Kiçikləri xorlayanda inam ölür. İnam öldü, insan öldü – fərqi yoxdur, İnam öldü, vicdan öldü – fərqi yoxdur. İnam ölməz, arxalansan həqiqətə!
İnam ölməz, meydan versən
cəsarətə! İnam ölməz, qənim olsan
xəyanətə!
Amerika! Eşit məni! İçərimi eşir bu dərd. Ürəyimi tikan kimi deşir bu dərd.
Axşam-sabah yemək üçün Qazanımda xörək kimi yanır bu dərd, bişir bu dərd. Əgər sən də yetişməsən imdadıma, Yetişməsən harayıma, fəryadıma, Sülh sözünü arxivlərə ataq gərək! Sülh sözünü ocaqlara çataq gərək! Haqqımızı almaq üçün Yeri-göyü bir-birinə qataq gərək! Səkkiz milyon əsgər kimi səngərlərdə yataq gərək! Mənim bircə silahım var, Ümid ancaq haqq adlanan
silahadı. Ümid ancaq yer üzünün
qeyrətinə, Ümid ancaq göy üzündə Allahadı,
Şərin yolu qaranlıq bir
mağaraya, Haqqın yolu işıqlı bir sabahadı. Bircə qarış torpağını əldən verməz Azərbaycan!
O, şirindi, o, əzizdi, o, bahadı! Ürəyimin Şuşa adlı bir dağılmış sarayı var, Qulağımda bir Daşaltı
harayı var. Əldən gedib Ağbabanın oylaqları, Əldən gedib Zəngəzurun yaylaqları. Əldən gedib Basarkeçər, Zəngibasar, Düşmən ilə danışığa getməz bu xalq, Barışığa daha çətin
qulaq asar. Tanrı mənə Əhriməni qonşu verdi, Allah mənə qara baxdı, Amerika! Bu gün mənim əqidəm də, inamım da, Bu gün mənim əsərim də, ilhamım da, Bu gün mənim ölümüm də, həyatım da, Qarabağdı! Qarabağdı! Qarabağdı! Amerika!
Düz əlli min əsgərini itirmisən Vyetnamda, Mövqeyini, səngərini itirmisən Vyetnamda,
Sən bilirsən güllələrin dimdiyində Zəhərlənmiş bulud nədir, Amerika! Sən bilirsən qara parça, qara taxta, tabut nədir, Amerika! Sən bilirsən nə deməkdi surğuclanmış dəmir qutu, Allah özü poza bilmir qəbirdəki daş sükutu. Vaşinqton, Parlamentin lap yanında Bu şəhərin ən geniş bir meydanında Ustaların əlləriylə Daş işlənib, daş qazılıb, Qara mərmər lövhələrə düz əlli min ad yazılıb. Bir Allaha şikayəti, insanlara gileyi var, Hər imzanın arxasında bir əsgərin taleyi var. Hər gələnin ürəyində ağrı gəlir, acı gəlir, Qan-qan deyən cəbhələrə Oğul vermiş ana gəlir, qardaş vermiş bacı gəlir. Sükut edib, ayağını saxlayanlar gördüm burda, Hönkür-hönkür ağlayanlar gördüm burda, Gör, aradan neçə-neçə illər keçib, Amerika! Göz yaşından çaylar axıb, sellər keçib, Amerika! Baxdım, yenə gözlərdəki yaş qurumur, Amerika!
Yaralanmış ürəklərdən qəm tökülür, Kədərlənmiş baxışlardan nəm tökülür, Yaş qurumur,
yaş qurumur, Amerika! Yaşıl çəmən, qara mərmər,
qızıl yazı, Bu lövhəyə baxdıqca mən Hərbə qarşı baş qaldırır ürəyimin etirazı. İstəmirik silahların son hökmünü, qərarını, İstəmirik biz savaşan
təkrarını. Yaşamaqçün yaranmışdır yer üzünün hər insanı, İstəmirik kimsənin bircə damla axsın qanı. Ermənistan orda-burda axtarmasın dayağını, Çəksin mənim torpağımdan birdəfəlik ayağını. Günahkardı, qoy, bizi də batırmasın günahlara, Güvənməsin Rusiyadan pay aldığı silahlara! Güvənməsin yardımların milyonuna, manatına, Güvənməsin Fransanın
senatına! Hara gedib çıxasıdı yalanları sata-sata, Güvənməsin Nyu-Yorkda apardığı təbliğata!
Türk şeirinin şah beytini saldım yada, Tofiq Fikrət çatdı dada: “Zülmün topu, tüfəngi var,
tələsi varsa, Haqqın da bükülməz dizi, dönməz üzü vardır!” Yalanla.......... qırx gün çəkər
axırı, Yeddi dəfə qalayla,
üzə çıxar paxırı. Oyunbazlar nə qədər sırtıqlaşır, sırtılır, Bir o qədər açılır, maskaları yırtılır. Yalan bu qədər olmaz! Talan bu qədər olmaz! Yalanı, fırıldağı Satan bu qədər olmaz, Alan bu qədər olmaz! Dərdimizlə baş-başa çox dolandım dünyanı, Eşitməyən, bilməyən, eşitmək istəməyən, Azərbaycan dərdinə biganələr də gördüm. Dərdi görəndə qaçan Ağciyər fərarilər, divanələr də gördüm. Özünü bizdən ötrü oda yaxıb yandıran, Azərbaycan dərdinə pərvanələr də gördüm. Qürbət ölkədə belə ölümündən qorxmayan,
Mərdlər, kişilər, ərlər, mərdanələr də gördüm. Erməni yalanları qanqal kimi bitsə də, Mənim həqiqətlərim Yavaş-yavaş göyərir, bitir çiçəklər kimi. Dünya ayılır daha, Yalanları tanıyır şeytan hiyləsi kimi, Gerçəkləri tanıyır əsl gerçəklər kimi. Xəyanətin min üzü, min sifəti olsa da, Həqiqət təmiz olur göydə mələklər kimi.
Allah mənə bir balaca vətən verib, Elə bil ki, Allah deyil, Kimsə onu elə yoldan ötən verib. Ona minnət, buna minnət, Ona rüşvət, buna sərvət, Biri gəlir yaralayır, Biri gəlir paralayır. Biri gəlir, üstümüzdən qələm çəkib qaralayır. Biri gəlir, özümüzü özümüzdən eləməyə, Biri gəlir, canımızı gözümüzdən eləməyə. Biri gəlir, eli eldən ayrı salıb, dağı düzdən eləməyə!
Böyüklərin dərdi xırda, kiçiklərin dərdi yekə, Bölünmüşük parça-parça, bölük-bölük, tikə-tikə. Bölünməzdik, böldürdülər, Gözlərimiz baxa-baxa diri-diri öldürdülər. Çaş-baş salıb bayramları, Toyumuzda ağlatdılar, yasımızda güldürdülər. Yaxınlardan çox “yarıdıq”, İndi bizə uzaqlardan qanun gəlir, qayda gəlir, Bu qanundan, bu qaydadan, Guya bizə xeyir gəlir, guya bizə fayda gəlir. Başlamışıq oynamağa Qərb adlanan bir aləmin tapşırığı, nazı ilə. Barışmışıq qismət ilə, qədər ilə, yazı ilə. Unuduruq ruhumuzu, itiririk kökümüzü, İtiririk dağdan ağır çəkimizi. Ölkələrin geyindiyi dəblər bizə bir dəb olur. Həyasızlıq abır-bəya, ədəbsizlik ədəb olur. Unuduruq əslimizi, çürüdürük kökümüzü, Başdan gedir papağımız, heç tərpətmir tükümüzü. Belə getsə, bizdən sonra gələnlərin Nə ruhunda od qalacaq, nə dilində bayatı.
İstəmirəm, istəmirəm Özgələrə yamaq olan, Ögeylərə calaq olan,
Əqidəsi şikəst olan, Kişiliyi çolaq olan, Yaşıl-yaşıl çəmənində Qanqal olan, alaq olan Bir vərdişi, bir həyatı. Belə getsə, əriyəcək zərrə-zərrə, Birdən-birə yox olacaq Qoca Şərqin muğamatı. Özgələşib yada dönsəm,
Yad ağzında dada dönsəm, Özgələrin ocağını isitməkçün
Közə dönsəm, oda dönsəm, Bir quruca çöpə dəyməz, Mənə versən kainatı! Tutduğunu tutammaram, Etdiyini edəmmərəm, Amerika! Sənin yolun başqa yoldu, Mən o yolla gedəmmərəm, Amerika! Yarı arvad, yarı kişi, Yarı erkək, yarı dişi olanlardan qorxuram mən. Əsl insan gözəlliyi yalan olsa, Ruhumuza hücum çəkən talanlardan qorxuram mən. Küçələrdə çılpaq gəzmək azadlığı, Baxıb-baxıb, buna dözmək azadlığı, Kişilərin qadın kimi geyinməyi, Qadınların çılpaqlıqla öyünməyi, Oğlanların burnundakı halqa, dəmir, Çirkinlikdən hər şey deyir,
Gözəllikdən, məhəbbətdən, zəriflikdən, təravətdən Heç nə demir, Heç nə demir, Amerika! Azadlığın axşamüstü küçələrdə dolub-daşan itlərdisə, Azadlığın it ilə qol-boyun olan Təpə-dırnaq lütlərdisə, Mədəniyyət əgər busa, Onda gərək birdəfəlik göz bağlana, könül susa. Mədəniyyət mənim üçün abrımızdı, həyamızdı! Ruhdan gələn adətimiz, kökdən gələn mayamızdı! Bütün nemətlərin başı İnsanlığın bünövrəsi, ailənin özül daşı Əsl insan məhəbbəti Qəlbimizdə işığımız, kökümüzdə ziyamızdı! Bu yazılmış qanunlardan Çox-çox əvvəl qanunlaşan Yasımızdı, toyumuzdu! Odumuzdu, suyumuzdu! Palıd kimi məğrur olan qamətimiz, Çinar kimi uca duran boyumuzdu. Babalardan nəvələrə Zərrə qədər ləyaqəti itirməyən kökümüzdü, soyumuzdu. Səndən gələn azadlığı istəmirəm. Bu azadlıq millətimə gərək deyil, Amerika! Bu azadlıq Millətimin ismətinə gərək deyil, Amerika!
Mən uydumsa bu dəblərə, Mən uydumsa bu mətləbsiz mətləblərə, Demək, onda köksümdəki Qara daşdır, ürək deyil, Amerika! Yox, mən belə mədəniyyət istəmirəm, Çılpaq arzu, çılpaq niyyət istəmirəm. Qanunların işindədi saat kimi, Bax, mən səndən o saatı istəyirəm. Gecə-gündüz qaynayırsan həyat kimi, Bax, mən səndən o həyatı istəyirəm! Hər şey axır bu ölkədə: İşıq axır, fikir axır, beyin axır, Ağıl sənin sürətindən yeyin axır.
Axır gəmi, axır maşın, axır qatar, Bu axına qarşı gedən qüvvə varmı? Buna kimin gücü çatar?! Bax, mən səndən bar gətirən, var gətirən, Axşam-sabah aşıb-daşan, Səmalarla qucaqlaşan, Amazonka, Missisipi çaylarıtək Nərə çəkən axınları istəyirəm! Mənə uzaq olanları istəmirəm, Ruhu mənə yaxınları istəyirəm! Hardan tapdıq bu cazibə qüvvəsini? Hardan aldıq yer üzündə birincilik həvəsini? Möcüzədir bir bu qədər gediş-gəliş, Möcüzədir bu tərəqqi, bu yüksəliş. İtirməli nəyin varsa itirərəm, Götürməli nəyin varsa götürərəm. Gördüklərim hər nə varsa, bir heyrətdir, heyrət mənə. Möcüzənin, tərəqqinin, yüksəlişin, Öz dili var, sən o dili öyrət mənə!
O dənizi, o dəryanı, o sahili öyrət mənə! Əzəmətin heyran qoyur adamları, Sehr kimi ürəklərə axmağın var. Vətəndaşı vətən qədər uca tutub, Əsgərinə Allah kimi baxmağın var. Ölüsünə, dirisinə hörmət qoyan,
Hər kəsə öz gücü qədər qiymət qoyan, Ədalətin səngərisən! Tarix boyu yenilməyən o səngəri istəyirəm! O duruşu, ucalığı, o ləngəri istəyirəm! Gördüklərim bir tərəfə, Sevdiklərim hər nə varsa, ver aparım sovqat kimi. Mən də keçim sən keçdiyin o yolları, Basım səni öz bağrıma, susmayan bir həyat kimi!
Alt qatını görmək üçün illər gərək, Amerika, üst qatını görə bildik. Yüz illərlə formalaşan bir ölkədə Beş-on günlük həyatını görə bildik. Halal elə bir şairin güzarını, Seyr elədik neçə-neçə gülzarını.
Gülzarında cənnətini görə bildik. Cənnətində sərvətini görə bildik. Çəmənlərdə çiçəklərin çələngini, Meşələrdə ocaqların nəhəngini, Yollarında genişliyin heyrətini, Varlığında var olmağın qüdrətini, Şəhərində abadlığı görə bildik. İnsanında azadlığı görə bildik. Həm yoxsulu, həm zəngini görə bildik. Hər şeyin var, heç bir şeydən korluğun yox, Heç bir şeydən çətinliyin, zorluğun yox. Dükanların dolub daşır ağzınacan, Sənin üçün dərdə dərman dərdi yoxdur. Bərəkətdə, duz-çörəkdə qıtlığın yox, Hərəkətdə küçə, meydan dərdin yoxdur. Özün üçün azad dünya
yaratmısan, Paxıl qonşu, şərlə böhtan dərdin yoxdur. Aclığın yox, ac olana ağlayasan,
Taxıl dərdin, kotan-xırman dərdin yoxdur. Qarabağ nə, Fələstin nə, Kəşmir nədir, Bir cahansan, sənin cahan dərdin yoxdur. Bu gün səndə Ermənistan qayğısı var, Bu gün səndə Azərbaycan dərdi yoxdur. Mənim dərdim yerə-göyə çətin sığa! “Sən yanmasan,
mən yanmasam, biz yanmasaq, necə çıxar qaranlıqlar aydınlığa?” Yollardayam, qaranlıqdan aydınlığa çıxmaq üçün, Yollardayam, öz haqqımın əllərini sıxmaq üçün. Hara getsə əvvəl-axır haqqındı yer, Amerika! Dağa-daşa salma məni, haqqımı ver, Amerika! Mən heç kəsin qapısını döyməmişəm, Gərək qapım döyülməsin, Amerika! Mən heç kəsin qismətini yeməmişəm, Gərək haqqım yeyilməsin, Amerika! Ədaləti tərəzidə elə çək ki, Şərə doğru əyilməsin, Amerika!
Hər gün sənin dəvətinlə minlər gəlir, minlər gedir, Milyonlardan biri kimi mən də gəlib-gedəcəyəm.
Boşaldıram ürəyimin nə ki, ağrı-acısı var, Öz dərdimi, sevincimi sənlə bölüb gedəcəyəm. Məndən sonra varaqlanar mən yazdığım xatirələr, Hərənin bir can borcu var, mən də ölüb gedəcəyəm. Baxdığım göy, gəzdiyim yer, çıxdığım dağ, Dəli dalğa, çılğın dəniz, odlu torpaq, Söykəndiyim xınalı daş, güvəndiyim məğrur ağac, Çəmənlərin xalısında min rəng alan əriş-arğac, Adı baha, özü ucuz İçdiyim su, daddığım duz, Halallıq ver qonağına! Gözəl ömür, şirin həyat, yağın olsun, balın olsun, Qollarınla quc dünyanı, dürlü-dürlü halın olsun. Allah verib, bəndə görüb, hər nə var halalın olsun, Halallıq ver qonağına! Ruhum duyan, qəlbim sevən, gözüm görən hər nə varsa, Gördüyündən nə götürüb, duyduğundan nə aparsa, Halallıq ver qonağına! Bu yollarda yeridiyim hər addıma, hər qarışa, Bu səfərdə keçirdiyim hər xoş ana halallıq ver.
Doğan günə, batan Aya,
axan suya, əsən yelə, Boylandığım al səhərə, nurlu dana halallıq ver. Sevdi-seçdi, gördü-duydu, nə kar gəldi, nə lal getdi, Ürəyində dərd gətirdi, gözlərində məlal getdi. Məmləkətdən məmləkətə halal gəldi, halal getdi, Bir qonaq da Zəlimxandı, Zəlimxana halallıq ver!
20, iyun-iyul, Vaşinqton-San-Fransisko-Nyu-York-Bakı.