Əsas məzmuna keç

Poema

İçimdə ağlayan Krım

Zəlimxan Yaqub

1

İÇİMDƏ AĞLAYAN KRIM

Bu əsəri Krım türklərinin böyük dərd çəkəni, 6 ildir ki, Vətən həsrəti ilə qürbətdə sızlayan və hazırda Londonda yaşayan 9 yaşlı məşhur yazıçı Çingiz Dağçının adına bağışlayıram.

ÇİNGİZ DAĞÇININ MƏKTUBU

ZƏLİMXAN YAQUBUN CAVAB MƏKTUBU

Dərd əymişi, Budaqdan dər dəymişi. Mən özüm dərd əhliyəm, Tanıram dərd əymişi.

“Sən də yardan yaralısan, Duruşundan qanıram mən”.

NİYƏ AĞLAYIRSAN, AĞLAYAN QAYA?

Niyə ağlayırsan, Ağlayan qaya, Dünyanın ən ağır qayğılarını Yaralı çiynində saxlayan qaya! Mən çox ağlamışam, nə qazanmışam, Sən çox ağlayasan, nə qazanasan. Tapdanan haqları yerinə qoymaq, Sənə o qədər də gəlməsin asan. Bir də görəcəksən, çox ağlamaqdan, Tükənib, gözünün yaşı qalmayıb. Bir də görəcəksən quma dönmüsən, Qayanın bir parça daşı qalmayıb. Sənə də, mənə də olanlar olub, Ağlama, gözünün yaşını saxla. Ögeylər gələndə doğmalar gedib, Hara yol gedirik bu ağlamaqla. Niyə ağlayırsan Ağlayan qaya, Göz yaşı sel olub çağlayan qaya? Səni nəfəsiylə gözəlləşdirən, Müqəddəs anlarmı yadına düşüb? Bu yerə qırx səkkiz xan gəlib-gedib, Giraylı xanlarmı yadına düşüb? Doğudan Batıya hökmü yeriyən Ulu sultanlarmı yadına düşüb? Çarın qəzəbinə tuş gələn günü Başı bədənindən, dili dibindən, Ayrılan canlarmı yadına düşüb? Talanan şəhərlər, sınan körpülər, Yollarda qırılan məsum körpələr, Sökülən camelər, uçan türbələr, Bir başa min dəfə dəyən zərbələr, Türkə qənim olan illər, əsrlər,

Yıxılan qalalar, çökən qəsrlər, Quruyan çeşmələr, bulanan sular, Susan mədrəsələr, ölən arzular, Yanan saraylarmı yadına düşüb? Sürgünlər, qətllər, güllələnmələr, Göyə dirənəndə, ərşə çıxanda, Qalxan haraylarmı yadına düşüb? Oğuza, qıpçağa gözdağı çəkən, Ahlarmı, vaylarmı yadına düşüb? Adı dilimizdə anda çevrilən, Müqəddəs ruhlarmı yadına düşüb? Müqəddəs ruhlara qənim kəsilən Qaragüruhlarmı yadına düşüb? Krım – bu dünyanın yaşıl adası, Krım – bu dünyanın dünyaya dəyən Sehri, gözəlliyi, səsi, sədası. İşi nə çətindi Krım olmağın, Dərdi nə böyükdü gözəl olmağın. Bəd nəfəs toxunub, yad nəfəs dəyib, Gül açan vaxtında xəzəl olmağın. Sənə demirəm ki, qayıt keçmişə, İtəni, batanı, öləni gözlə. Heç vaxt ümidini üzmə həyatdan, Ümidlə qarşıdan gələni gözlə!

ÇİNGİZ DAĞÇININ QAYADAN GƏLƏN SƏSİ

Mən burdaydım dünya binnət olandan, Mən burdaydım dünya cənnət olandan. Bətni hələ bulaşmamış dünyada, Təmiz sevgi, saf məhəbbət olandan. Dözəmmədim gedənlərin dərdinə, Ölənlərin, itənlərin dərdinə.

Mən bu dərdi çəkə-çəkə daş oldum, Qayaların gözündəki yaş oldum. Bir zamanlar Krım türkü mən idim, Göyü duyan, yerin dərki mən idim, Yerə-göyə haqqın ərki mən idim. İstanbula gedən yollar var idi, Gen qucaqlar, uzun qollar var idi. Türküləri, şərqiləri qanadlı, Dürlü-dürlü şirin hallar var idi.

Sevincini hər millətə pay verən, Minarəsi əzanlara boy verən, Gözlərində Qara dəniz gəzdirən, Bayrağına ulduz verən, Ay verən, Sarayları göyə meydan oxuyan, Cameləri cənnət ətri qoxuyan, Meşə idim, dəniz idim, dağ idim, Bağban idim, bağça idim, bağ idim. Təpə-dırnaq mən Krımın özüydüm, Qəlbi, ruhu saf poladdan sağ idim. İstanbula gedən yollar qapalı, Sağalmıram bu dərd məni çapalı. Nə toyumuz, nə vayımız bəllidi, Başımızda qiyamətlər qopalı.

Xaqan öldü, xanlıq öldü, xan öldü, Mən gördüyüm cahan öldü, can öldü. Bu torpağa dəydi donuz nəfəsi, Gözlərimdə ən müqəddəs an öldü.

Bu yerlərin Krımı var, Türkü yox, Türk olanın heç bir şeyə ərki yox. Uca-uca kürsülərdə səsi yox, Ali məqam məclislərdə sözü yox.

Bu da bir cür manqurt olma yoludu, Tarixi var, yaddaşı yox, özü yox. Özgələri sahib olub saraya, Yüz də danış kimdi çatan haraya. Hamı tikər, hamı qurar, yaradar, Ancaq ona torpaq olmaz, ev olmaz. Hər kəs atar öz ovunu ovlayar, Ancaq ona şikar olmaz, ov olmaz. Türkü asdır! Türkü basdır! Türkü kəsdir! Eybi yox. Ancaq ona qorumaqçün özünü, Atəş olmaz, çaxmaq olmaz, qov olmaz. Hamı artar, hamı sevər, çoxalar, Ancaq ona sevil olmaz, sev olmaz. Milyondusa, az göstərər, min yazar, Ünvanına nifrət yazar, kin yazar. Guya burda heç olmayıb izləri, Guya burda belə millət olmayıb. Yer üzündə heç bir xalqa, millətə, Belə zülüm, belə zillət olmayıb.

ZƏLİMXAN YAQUBUN QAYADAN EŞİTDİYİ SƏSƏ CAVABI

Qəm kotanı sinəm üstən arx açıb, Dərd içimdə şırım-şırım ağlayır. Xəyalpərvər bir şairin halına, Gah göy gülür, gah ildırım ağlayır.

Məni bura daha heç nə bağlamır, Daşa dönüb, duyğularım çağlamır.

Ağlayan dağ boş-boşuna ağlamır, Burda hər dağ, hər sıldırım ağlayır.

Gəlib görən xeyirdədi, nəfdədi, Çal-çağırı cərgədədi, səfdədi. Mən gördüyüm Krım ki var, kefdədi, İçimdə bir qəmli Krım ağlayır.

OSMANLI SULTANI BİRİNCİ ƏBDÜLHƏMİDİ KRIMDAN GƏLƏN QARA XƏBƏR ÖLDÜRDÜ

Osmanlı-rus savaşı bütün şiddətiylə davam edirdi. Krım əldən getmiş, sərhədlərimizə hücumlar artmışdı. Padşah I Sultan Əbdülhəmid savaşırdı. Vətənindən qopa- rılan hər qarış torpaq ürəyindən bir parça qoparır, içi qan ağlayırdı. Bir gün qoca Yusuf Paşadan bir məktub gətirdilər. Düşmənin Özü qalasını ələ keçirdiyini və 2 min məsumun ruslar tərəfindən öldürüldüyünü öyrənincə sarsıldı. “Ah, məlunlar!” – deyə bağırdı və taxtına yıxıldı... Vəziyyəti həkimbaşı Həsən Əfəndiyə bildirdilər. – Yetiş, həkimbaşı, Əfəndimizin halı ağırlaşdı. Həkimbaşı padşahı müayinə edincə vəziyyəti anladı. Padşah üzüntüdən iflic olmuşdu. Həkimbaşı: – Sultanım, həyəcanlanmayın, – dedi. Fəqət padşah acı-acı gülümsəyərək: – Həsən Əfəndi, – dedi, – padşahına yaxşı bax, bu, son xidmətindir, artıq padşahını əlindən aldırdın. Bu sözləri anlayan həkimbaşı özünü ələ ala bilməyərək hıçqırmağa başladı. Bir az sonra I Sultan Əbdülhəmid öldü...

(Yavuz Bahaduroğlu. Osmanlı Padşahları. I cild, səh. 539)

Qaranəfəs gəlir qara xəbərlər, Döyür İstanbulu qara yel kimi. Sarayda sultanı didir şübhələr, Krımda türk qanı axır sel kimi.

Keçirir dumanlı xəyallarından, Neçə sərkərdəni, neçə qazini. Kimlər qazanmışdı, kimlər itirir, Gör kimlər uduzur bu ərazini.

Gəraylar nəslinin başının üstə, Demək qılınc çəkib, at oynadır yad. Kim kimə əzilir, kim kimi əzir, Gör nələr baş verir, ey dadi-bidad.

Sıxır Ağməscidi, Bağçasarayı, Sıxır hər tərəfdən qara pəncələr. Göstərir gücünü, verir hökmünü, Qırğınlar, ölümlər, sərt işgəncələr.

Saray sultan üçün dönür qəfəsə, Çırpınır, tapammır xilas yolunu. Xəbərlər titrədir şahın taxtını, Xəbərlər sarsıdır Anadolunu.

Kaş o qara kağız yazılmayaydı, Kaş o qara kağız oxunmayaydı. Məğlubiyyət sözü, məğlub kəlməsi, Türkün qüruruna toxunmayaydı.

Bütün baxışlarda ölü bir sükut, Bütün ürəklərdə ağrı-acı var. Bu gün İstanbulun Fateh Məhmədə, Bir Sultan Səlimə ehtiyacı var.

Hər sözü fəlakət, hər sözü ölüm, Yetişdi məktubu Yusif Paşanın. Oğulsan partlama, oğulsan ölmə, Seyrinə baxanda bu tamaşanın.

Krım əldən getdi! Qalibdi ruslar, Yoxdu bundan böyük dəhşət, təhlükə. Min il yağış yağsa yuyulan deyil, Türkün tarixindən bu qara ləkə!

Sultan Əbdülhəmid gətirmədi tab, Köklü ağac kimi qopdu yerindən. Sultan yox, sultanlıq yıxıldı sanki, İstanbul oynadı öz məhvərindən!

Elə bil ildırım palıdı vurdu, Odlu sinəsini dağıdanda ah. Ürək parçalandı sinənin altda, Bir anın içində iflic oldu şah!

Gəldi həkimbaşı, gec idi artıq, Nə desə, neyləsə əbəsdi, əbəs. Dünyayla əbədi vidalaşırdı, Dodaqda son cümlə, canda son nəfəs.

Bu ağır xəbərə canmı dözərdi, Ruh çıxdı bədəndən uçan quş kimi. Ölüm öz işini gördü bir anda, Getdi yeri-göyü uçulmuş kimi.

Osmanlı tarixi beş gün içində, Həm Krım itirdi, həm şah itirdi. Krımı verməklə türkün dünyası, Bəlkə də ən uca dərgah itirdi.

O gündən daş üstə qalmadı daşı, Talandı, dağıldı Krım türkləri. Dünənin ən böyük həqiqətiydi, Bu gün bir nağıldı Krım türkləri.

Qan tökən doymadı qanlı savaşdan, Göllər silələndi gözdəki yaşdan. Asdılar boğazdan, kəsdilər başdan, Qanında boğuldu Krım türkləri.

Krım türklərinin ağzının dadı, Dilinin ləzzəti Krımla getdi. Pay oldu hərəsi bir cəhənnəmə, Əbədi cənnəti Krımla getdi.

Daşları yandırdı qəlbin harayı, Dərd şair elədi Qazi Gərayı. Soldu çiçək kimi Bağçasarayı, Taxtı, səltənəti Krımla getdi.

Nəfəsi təngidi, canı sıxıldı, Qovruldu, eşildi, yandı, yaxıldı. Özülü laxladı, evi yıxıldı, Puç oldu zəhməti, Krımla getdi.

Didildi pətəyi, dağıldı şanı, Kəsildi taqəti, üzüldü canı. Krım gəncliyinin toyu-nişanı, Eşqi, məhəbbəti Krımla getdi.

DƏYİŞİLƏN ADLARIN TALEYİ

Dilənçi kökündə Poltavadan Yaltaya, Qızıldaşa gələn, orda el-obanın cəlladına, cəlladbaşıya çevrilən, bir gecənin içində kəndin say-seçmə kişilərini gedər-gəlməzə göndərən, qocalı- qadınlı, uşaqlı kəndi qurşuna düzən İvan Qızıldaşda donuz saxlamaq eşqinə düşür. Ancaq tərəddüd edir. “Donuz olsa belə, bu dərələrin içində donuz bəslənməz, donuzsuz torpaq kimə lazımdır!” Budur İvanın düşüncəsi. Bəli, özündən qabaq donuzu gəldi düşmənin. Adımızı, dadımızı, ünvanımızı dəyişmək onlar üçün oyun-oyuncaq oldu.

Donuzları müqəddəs yer qoymadı, Türk adını elədilər rus adı, Qarı düşmən qan içməklə doymadı. Ruhuna da, dilinə də susadı, Dağda-daşda qoy adınız olmasın, Şəcərəniz, soyadınız olmasın. Qoca tarix qol gücünə zorlandı, Yaddaşı da zədələndi, korlandı. İzimizi, kökümüzü qazıdı, İndi burda kitab başqa kitabdı, İndi burda yazı başqa yazıdı. Ayı dağın indi adı başqadı, Yan-yörəsi, qol-qanadı başqadı. Qarışdırıb doğmasını, yadını, Bilən yoxdu Qızıldaşın adını. Mən də gördüm, göz yaşına bələndim, Ağlayan dağ görən niyə ağlayır, Krım türkü, o dağ sənə boylanır. Sənsiz qalan yerə-göyə ağlayır, Dəmirqaya, Çatalqaya, Çadırdağ, Şirin-şəkər dilin üçün ağlayır. Ayvaslının, Dərmənköyün torpağı, Perik düşmüş elin üçün ağlayır.

Gurzufun da toy murazı gözündə, Gəlinqaya gəlin üçün ağlayır.

Obana bax, obana, Vermə qızın çobana. Qızını versən çobana, Soxar başın tobana.

Qarabaş quzum duz istər, Çoban ağam qız istər. Qarabaş quzuya duz yoxdur, Çoban ağama qız yoxdur.

Tatar qızı oxşamanı, laylanı, Daha burda həzin-həzin oxumaz. Sevgi üstə bəstələnən sözləri, İlmə-ilmə, naxış-naxış toxumaz.

Cənnət Krım, Vətən qaldı yadlara, Ayrılıqdan dağ-dağ oldu sinələr. Qürbət eldə Krım dedi babalar, Qürbət eldə Vətən dedi nənələr.

Arxamızdan ağladılar ağac dalları, Bizə haram oldu, aman, Krım yolları.

Hansı qəlbin fəryadıdı, görəsən, Bu sözləri dedirdən vay, deyən vay.

Oban – baş çoban Tobana – samana

Köç günüdə qan-yaş töküb ağlayan, Yas günündə qara paltar geyən vay.

Rənginizdi tez açılan, tez solan, Bu boşluğu yox dolduran, yox dolan. Qardaş deyib haray çəkən, saç yolan, Oğul deyib, dərd içini yeyən vay.

Dost qəlbini düşmən məkri sıxanda, Fənd işlədib təpə dağı yıxanda, İlanlı çöllərdə canın çıxanda, Döydürən vay, döyülən vay, döyən vay.

Tanrı qarğışımı keçib türklərə, Qaraçay ağlayır, çərkəz ağlayır, Yüz ildən çoxdur ki, çeçen ağlayır. Şoranlı düzlərin duzlu suyundan, İçməyən ağlayır, içən ağlayır. Yurdunda tək qalıb göz yaşı tökən, Yurdundan elliklə köçən ağlayır. Özünü, sözünü tanıya bilmir, Yüz ildən çoxdur ki, Kazan ağlayır. Minbərdən dualar Allaha çatmır, Kazanda çəkilən əzan ağlayır. Qürbətdən Vətənə məktublar gəlir, Yazdıran ağlayır, yazan ağlayır. Mən də boğulmuşam, mən də dolmuşam, Dəyişən adlara ağlayıram mən. İtən nəsillərə, batan səslərə, Batan soyadlara ağlayıram mən.

BAĞÇASARAY FƏRYADI

Bağçasaray sarayı var, xanı yox, Görkəmi var, duruşu var, canı yox. Bağçasaray sultanı yox, taxtı yox, Taxt üstündə şahlıq edən baxtı yox. Quşu uçub fürsət çıxıb əlindən, Bir də dönüb xan olmağa vaxtı yox. Xəzan vurmuş bağçası var, barı yox, Xanımı yox, kənizi yox, yarı yox. Bağbana bax, yetim kimi dolaşır, Xandan gələn qazancı yox, karı yox. Əl isitmir daş-davarı isinə, Dil danışmır səs verəsən səsinə. Ögey ana yad övlada yan baxar, Zaman dönüb, yaman dönüb pisinə. Düzələrmi bu qurğular, yapılar?

Açılarmı pəncərələr, qapılar? Nə bu yerin gedənləri qayıdar, Nə bu yurdun itənləri tapılar! Puşkin öyən fəvvarəsi yoxdu, yox, Layla deyən suyun səsi yoxdu, yox. Qəhər basıb, səs boğazda boğulub, Köhnə yurdun təzə dərdi doğulub. Nəğmə deyən tatar qızı yoxdu, yox, Başı üstə Ay-ulduzu yoxdu, yox, Sarayında dəm-dəsgahı yoxdu, yox. Üzə gülmür rəngi solmuş otaqlar, Sevən ölüb, sevgi şahı yoxdu, yox. Çeşməsində bircə damla suyu yox, Çal-çağırı, büsatı yox, toyu yox. Lal sükutun içində bir haray var, Gözdən düşən, yaddan çıxan saray var.

Keçmişinə, dünəninə ağlayır, Yeddi arxa dönəninə ağlayır. Külə dönmüş keçmişinə yas tutur, Ocaqların sönəninə ağlayır. Ürəyimə zərrə işıq düşmədi, Hara baxdım muzey məni üşütdü. Elə bil ki, buz bağlayıb donmuşam, Qar-boranlı quzey məni üşütdü. Sultanları çağırmağın xeyri yox, Dada çatmaz nə Fateh, nə İldırım. Türk övladı, ləngimisən bu yolda, Sən istəyən nə Yalta var, nə Krım. Dilə gəlib babaların ruhları, Bağçasaray, Bağçasaray deyirdi. Sahibinə çatmayanda əlləri, Bağça haray, bağça haray deyirdi.

DAŞLAR DANIŞIRDI BAĞÇASARAYDA

Boşuna qoyulmur divara daşlar, Boşuna ucalmır məğrur qalalar. O daşın, divarın içindən keçir, Qaliblər, məğlublar, dərdlər, bəlalar.

Cild-cild kitabların demədiyini, Bəzən daş danışır, divar danışır. Çözülür yaddaşı daş sandıqların, Yaşında, başında nə var danışır.

Yansa da kitablar, kitabxanalar, Nə yaxşı daşları yandırmaq olmur. İnsan vüqarını sındırsalar da, Qaya vüqarını sındırmaq olmur.

Eşitməyi də var, danışmağı da, Nə qaya lal olur, nə daş kar olur. Daşı daş dilində danışdıranda, Hər şey bircə-bircə aşikar olur.

Ölən kim, ölümsüz olan kim olub, Həqiqət kim olub, yalan kim olub. Arxadan kürəyə bıçaq saplayan, Xəbərçi kim olub, çuğul kim olub. Krım deyiləndə, Krım deyəndə, Tarixdə ad qoyan oğul kim olub, Daşlar danışırdı Bağçasarayda.

Yalta, yal ətəyi, Krım yaylası, Çingizoğulların yaylaq yeridi. Ağyar, Yeniqala, Ağməscid, Kəfə,

Ağyar – Sevastopol Yeniqala – Kerç Ağaməscid – Simferopol

Teymuroğulların oylaq yeriydi. Fateh Məhəmməd də, Sultan Səlim də, Dururdu arxada qara dağ kimi. Osmanoğulların səsi gələndə, Yağı titrəyirdi bir yarpaq kimi. Osmanlı taxtından alıb gücünü, Gəray xan adına pul kəsdirirdi. Şimaldan sərt əsən qara yellərin, Önünü kəsməyə tələsdirirdi. Moskva Krıma vergi verəndə, Düşmən yuxudaydı, ayılmamışdı. Yox idi Pyotr, Yekaterina, Rus bir dövlət kimi sayılmamışdı, Daşlar danışırdı Bağçasarayda.

Qətlə yetirildi Məhməd Gəray xan, Başlandı Krımın qara günləri. Xanların ayağı büdrəyən günü, Bir yasa çevrildi toy-düyünləri. Krım da, Kuban da, Taman da getdi, Sultanlıq yenildi qəddar çarlığa. Ümid də qırıldı, güman da getdi, Bir nöqtə qoyuldu bəxtiyarlığa, Daşlar danışırdı Bağçasarayda.

Krımda tac qoydu Yekaterina, O günü ən böyük bayram elədi. Tutdu məmləkəti dədə malıtək, Türkə türklüyünü haram elədi. O müdhiş tarixin iki rəngi var, Rusun bayramıydı, Türkün yasıydı. Bugünkü qələbə, bugünkü süqut, Taleyin millətə istehzasıydı, Daşlar danışırdı Bağçasarayda...

Krım bir dastandı, bir qəmli dastan, Sevgili, sevdalı, ələmli dastan. Səsi var, qəlbi var, ruhu, canı var, Bu ulu dastanın Yedigey kimi, Şöhrəti Krımdan Altaya çatan, Tarixə ün salan qəhrəmanı var. Millətin ruhunu diri saxlayan, Həlim Aydamak var, Çora Batır var. Bu qədim torpağın hər qarışında, Türkün əlləriylə haşiyələnmiş, Sonsuz xəzinə var, zəngin yatır var, Daşlar danışırdı Bağçasarayda.

Krım bir dastandı, bir ünlü dastan, Ölümlü, itimli, sürgünlü dastan. Taleyi əllərdən-əllərə düşdü, Dastanı dillərdən-dillərə düşdü. Bu gün də dilini ağı yandırır, Bu gün də qəlbini yağı yandırır. Bütün dodaqların qəmli nəğməsi, Bütün qulaqların qəmli səsi var. Tanrı qələmiylə, Rəbbin əliylə, Çəkilmiş ilahi mənzərəsi var. Dünya gözəlidi başı bəlalı, Ürəyi nisgilli, qəlbi yaralı. Bu gün də gözləri yollara baxır, Öz ulu keçmişim gələcək deyə. Üzmür ümidini öz Allahından, Tarixim üzümə güləcək deyə, Daşlar danışırdı Bağçasarayda...

ÇİNGİZ DAĞÇININ MƏKTUBU

Xoş üzü, xoş sözü yoxsa zamanın, İnsanın qəlbini açmaq çətindi. Tükənən ümidnən, sınan ürəknən, Qırılan qanadnan uçmaq çətindi.

Kökdən üzüləndə, yerdən qopanda, Qayıdıb o yerdə bitmək çətindi. Qürbətdən vətənə dönmək səadət, Vətəndən qürbətə getmək çətindi.

Mənim o yerlərə əlim çatmadı, Mənim o yerlərə ünüm yetmədi. Həsrətin üzünə daş yamanaydı, Bir addım qapımdan anrı getmədi.

Uzaq London hara, Çukurça hara, Daş kimi atıldım, qürbətə düşdüm. Yağının yazığı gəlmədi mənə, Dəhşətdən ayrıldım, dəhşətə düşdüm.

Vətənin yoxdursa, özün də yoxsan, Qürbət qəribləri eşidə bilməz. Nə ayaz, nə şaxta, nə qar, nə boran, İnsanı həsrəttək üşüdə bilməz.

Qayıdıb Krıma dönmək istərəm, Gün keçib, vaxt ötüb, can ağırlaşıb. Getmədim nə olsun, getdim nə olsun, Duyğu yetim qalıb, ruh fağırlaşıb.

Nə söz tükənəndi, nə dərd qurtaran, Əlli il Krımın dərdini yazdım. Yazdığım əsərlər yaşatmasaydı, Mən çoxdan ölərdim, heç yaşamazdım.

Krım torpağının dərinliyində, Hələ deyilməmiş min dərdin yatır. O böyük dərdləri sən gətir dilə, Çox şükür sorağın hər yerə çatır.

Qoy səni oxusun, səni dinləsin, Qəriblər, yazıqlar, tənhalar, təklər. Mənim batan səsim eşidilmədi, Sənin gur səsini eşidəcəklər.

Millətin yolunda cəfalar çəkib, İsmayıl Xocanı yad elə, oğlum. Hörmətlə xatırla Çobanzadəni, Onun da ruhunu şad elə, oğlum.

Hələ ocağımız keçməyib tamam, Külünü üfürsən qoru yanacaq. Halal haqqımızı qaytarammasaq, Ulu babaların goru yanacaq.

ZƏLİMXAN YAQUBUN CAVAB MƏKTUBU

Yeddi yerdən qılınc kimi çapdı məni, Namən gəldi yaman yerdə tapdı məni. Buğum-buğum, damar-damar ərimisən, İçin-için ağlamısan, kirimisən. Cana çəkib dağın-daşın sellərini, Gözünə yaş bağlamısan, Çingiz Ağa!

Ayrılığın xiffətinə dözmək üçün Bağrına daş bağlamısan, Çingiz Ağa! Elə bil ki, qürbət ellər bir qəbiri, Hər qərib bir başdaşıdı, Çingiz Ağa! Vətən yükü çəkənlərin ağrıları, Ağrı dağla yanaşıdı, Çingiz Ağa! Sənin başın nələr çəkib, Dərk edirəm, anlayıram, Çingiz Ağa! Niyə səni sağlığında görəmmədim, Öz-özümü danlayıram, Çingiz Ağa! Sənin nələr dediklərin mənə bəlli, Dada çatmır nə göz yaşı, nə təsəlli. Bu dərdlərin məzarını birdəfəlik qazmaq gərək, Hey dedikcə demək gərək, hey yazdıqca yazmaq gərək. Kimin əli tətikdədir, kimin başı kötükdədir, Bizə quyu qazanların, düzü tərsə yazanların, Növrağını birdəfəlik pozmaq gərək. Ağlamaqla kar aşarmı, Bir bu qədər göz yaşları türk oğluna yaraşarmı?

Xəyanətin köklərini kəsmək üçün Xəncərə dön, bıçağa dön! Sən özünə qayıtdıqca böyüyürsən, Qayıt yenə Oğuza dön, Qıpçağa dön! Ayağa qalx Mete kimi, güclən altı qitə kimi! Qayna yenə Dəclə kimi, Fərat kimi, Yüksəl yenə Fateh kimi, Səlim kimi, Murat kimi! Hərəkət et, bərəkət ol, çağla yenə həyat kimi! Tapın Orxan Yeniseyə, dilə gəlsin kitabələr,

Torpağı qaz, əllərinlə abad olsun viranələr. Çağır Əhməd Yəsəvini, Mövlanını, Dədə Qorqud, Yunus Əmrə, Hacı Bəktaş Vəli gəlsin. Çözələsin bu dərdləri, Qoy yığılsın çırağına türkəm deyən pərvanələr! Bilirəm ki, türk ayağa qalxan günü Həqiqətə çevriləcək çox nağıllar, əfsanələr! Türk ayağa qalxan günü Durulacaq türkün halı, Onda ruhu şad olacaq,

Onda rahat uyuyacaq məzarında İsmayıl bəy Qaspıralı! Ayağa dur, türk övladı, Qoy təzədən çiçəklənsin Bağçasaray, Krım yenə Krım olsun! Çaldığımız hər qələbə, Qoy düşmənin başı üstə çaxan bir ildırım olsun!

BİZDƏN SALAM OLSUN QASPIRALIYA

Böyük Allahım! Altmış üç il yaşadım. Bu həyatın otuz beş ilini Müsəlmanların oyanması, tərəqqisi, taleyi və təkamülü uğrunda sərf etdim. Millətimin salamat və səadəti üçün əlimdən hər nə gəldisə, hamısını yapdım, Ya Rəbbi!.. Ey böyük Tanrım! Meydana gətirmək istədiyim bir çox şeylər daha vardı... fəqət buna müvəffəq ola bilməyəcəm... artıq... artıq nə varsa hamısı sənin, hər şey sənin əlindədir, Allahım!.. İsmayıl bəy Qaspıralının ölüm ayağında dilindən çıxan sözlər

Türkün böyük oğlu, böyük övladı, Oyanış deyəndə mən səni andım. Keçdiyin yolları dərk elədikcə, Gah yandım, gah dondum, gah havalandım. İşində, dilində, fikrində birlik, Sözündə, yazında, zikrində birlik.

Üzdün ən amansız axına qarşı, Getdin yağıların oxuna qarşı. Rus “parçala!” – dedi, sən “birləş!” – dedin, Türkə, “türklüyünü fikirləş!” – dedin. Aldın işığını Ulduzdan, Aydan, Səs kimi yüksəldin Bağçasaraydan. Bu səs yayıldıqca qalxdı, yayıldı. Eşidən dinlədi, yatan ayıldı, Urala, Altaya, Sibirə çatdı, Gəzdi Avropanı, gəzdi Qafqazı, Hara türk ayağı dəyib, toxunub, O yerdə təzə bir hava yaratdı. Türkün qulağına pambıq tıxamaq, Türkün gözlərini kor etmək üçün, Salıb haqqımızı ayaqlar altda, Ulu bir millətə zor etmək üçün, Silahdan, ordudan, vuruşdan qabaq,

Avamlıq gəlirdi bir tufan kimi, Cəhalət gəlirdi qasırğa kimi. Mən türkəm, islamam, mən Şərqəm deyib, Asdın bu dünyanın qulaqlarından “Tərcüman” sözünü bir sırğa kimi! Daşdı dərya kimi duyğular seli, Xitabı səsləndi, nidası gəldi. Uzaq Hindistandan, qoca Misirdən, Ulu Türküstandan, Anadoludan, Kazan, Həştərxandan, Qasğardan, Çindən, Yurdun ürəyindən, millət içindən, Gəldi “Tərcüman”ın sədası gəldi. Bu səda “silkələn, qalx, oyan!” – dedi, “Öz haqqın uğrunda alış, yan!” – dedi.

Ey Krım türkünün sevinci, yası, Ey dünya Türkünün fikir babası, Əyləşdiyin masa, tutduğun qələm,

Oxuduğun kitab ziyarətimdi. Uca bir millətin haqqı yolunda, Çəkdiyin hər əzab ziyarətimdi.

Əllərin toxunan, nəfəsin dəyən, Gözlərin oxşayan, ürəyin deyən, Nə varsa hamısı müqəddəsimdi. Bir qəlbin qeyrəti, fədakarlığı, Bir xalqın namusu müqəddəsimdi.

Qısa görünərdi boyu millətin, Uca oğulları boy atmasaydı. Mürgülü başları silkələməsə, Yatanı vaxtında oyatmasaydı.

Boylandım çatdığın ucalıqlara, Sən çıxan zirvəni haqlayammadım. Üzümü sürtəndə qəbir daşına, Gözümün yaşını saxlayammadım.

Ömrünə nöqtədir altmış üç yaş, Əldən əl üzülüb, candan can gedib.

Çox zaman dünyanı mən belə gördüm, Peyğəmbər işığı düşən adamlar Peyğəmbər yaşında dünyadan gedib.

Gəray xan türbəsi keşiyindədir, Sənin məzarına gur işıq verir. Baxıram Zincirli mədrəsəsinə, O da məzarına yaraşıq verir.

Tarix yada salar, zaman yaşadar, Haqq tapar yerini, üzülər nahaq. Bu gün mənim üçün bir təsəlli var, Evin ziyarətdi, məzarın ocaq!

Bizdən salam olsun Qaspıralıya, İnsanın xasına salamlar olsun.

Məzarın üstündə zikr edənlərə, Oxunan “Yasin”ə salamlar olsun.

Dahilər xalqına verməsəydi can, Açılmazdı sabah, sökülməzdi dan. Şərəflə köçmüsən qoca dünyadan, Şərəfli yasına salamlar olsun.

Həyatın bənzədi əriyən şama, Yaşadın qəlbindən dərd dama-dama. Səni bəxş elədi Türkə, İslama, Türkün dünyasına salamlar olsun!

BƏKİR ÇOBANZADƏNİN QƏRİB RUHU

Bəkir Çobanzadə – elmin sultanı, Sultanlar taxtına yaraşan alim. Oğuzun, qopuzun ruhundan gələn, Böyük zəkalarla yarışan alim.

Bəkir Çobanzadə – çağlayan, axan, Qəfil fitnələrə tuş gələn alim. Taleyi hamını yandırıb-yaxan, Şöhrəti hamıya xoş gələn alim.

Bir türk oğlu kimi gəldi dünyaya, Bir millət oğlutək ucaldı getdi. Qoca İstanbula, qədim Krıma, Sevdalı Bakıya ün saldı getdi.

Krım doğulduğu müqəddəs məkan, Krım sığındığı mehriban ana. Onu töhvə kimi verdi Yaradan, Verdi qoca Şərqə, Azərbaycana!

Əsrin zəlzələsi, vaxtın tufanı, Onu da sındırdı, apardı getdi. Kökü min illərə söykənən ruhu, Sağlam bir bədəndən qopardı getdi.

Göyün Allahını unutmuşdular, Göyün altındakı yer ilahları. İblislə, şeytanla əlbir, əməl bir, Fitnə ilahları, şər ilahları.

Mərmi yağışıydı sorğu-suallar, Hər gün baş gedirdi, bədən gedirdi. Hər gedən oğulla bir ocaq sönür, Hər gedən atayla Vətən gedirdi.

Səkkiz dil bilirsə bir dil sahibi, Bir də danışmasın, dilini kəsin. Yüz əsər yazırsa bir əl sahibi, Qoy bir də yazmasın, əlini kəsin.

Krım türklərinin düşünən başı, Krım türklərinin yazan əliydi.

1 İlah – bütpərəstlik dövründə bütlərə ilah deyirdilər.

O baş bir gecədə ağarmalıydı, O əl bir gecədə kəsilməliydi.

Kürəyə sancılan qanlı nizəydi, Ürəyə sancılan ox idi böhtan. Səhranın qumundan dağın daşından, Göyün yağışından çox idi böhtan.

Qarışıq yuxular görürdü dünya, Bayquş nəfəsitək əsirdi yellər. Bakıda qılınclar itilənirdi, Sibirdə qılınctək kəsirdi yellər.

İz saldı alim tək yaddaşlarda o, Dindi nəğmə kimi, ötdü sim kimi. Zamanın amansız ittihamları, Onu da dindirdi müttəhim kimi.

MÜSTƏNTİQ: Qəlbindən nə keçir, nə düşünürsən, Ovcumun içitək bilirəm bunu. Birdi, gizləsən də, gizləməsən də, Bilirəm mən sənin kim olduğunu.

ÇOBANZADƏ: Mənim kimliyim də, nəçiliyim də, Hamıya aydındı, hamıya bəlli. Həqiqət hər şeydən ucadır, uca, Budur dar ayaqda mənə təsəlli.

MÜSTƏNTİQ: Onsuz da nə varsa dedirdəcəyəm, Ancaq həqiqəti demirsənsə, sus. Vurub öz möhrünü səni satanlar, “Türkiyə agenti”, “iranlı casus”!

ÇOBANZADƏ: Mənim duyğularım nur içindədir, Sən orda nə cürə yazırsansa, yaz. Böyük ideallar adamıyam mən, Elmlə şeytanlıq bir yerə sığmaz.

MÜSTƏNTİQ: Krım firqəsinə rəhbər olmusan, Maskadı qazanıb çatdığın ad-san. Sovet dövlətini dağıtmaq üçün, Turan dövlətinin xəyalındasan!

ÇOBANZADƏ: Vəzifəm olubsa məmləkətimdə, Burda xoşagəlməz bir cəhətmi var? Türkəmsə, türklərə bağlıyam demək, Milləti sevməkdə qəbahətmi var?

MÜSTƏNTİQ: Pantürkist, millətçi, Turançı, türkçü, Tutduğun işləri danmaq çətindir. Dövlət əleyhinə iş aparmısan, Bu, sənin ən böyük cinayətindir.

ÇOBANZADƏ: Sevmişəm milləti, torpağı, yurdu, Sevmək cinayətsə, cinayətkaram. Məni öldürsən də, güllələsən də, Bir həqiqət kimi dünyada varam.

MÜSTƏNTİQ: Sənin varlığını yox etmək üçün, Mənə bir saat yox, bir an bəsdi, bəs. Barmaqdı, tətikdi, başdı, güllədi, Alnında açılan nişan bəsdi, bəs.

ÇOBANZADƏ: Nə tətik çatandı, nə güllə batan, Alnım üfüqlərdə ulduzdu, Aydı. Millətəm, dövlətəm, Türkəm, Turanam, Qəlbim dünya boyda geniş saraydı.

Uzandı aylarla, həftələr ilə, Ruhu şikəst edən sorğu-suallar. Nə qədər insanın ömrü tükəndi, Bitib-tükənmədi bu qilü-qallar.

Pantürkist damğası, ölüm maşını, Endi nur üstünə bir qara pərdə. Bağlandı kitablar, kitabxanalar, Alimlər can verdi məhkəmələrdə.

İblis libasına, şeytan donuna, Cəllad sifətinə girdi o dövlət. Krımda doğulan Çobanzadəni, Bakıda güdaza verdi o dövlət.

Ən dəhşətli ağrı, ən acı güllə, Krım türklərinin oğluna dəydi. Böyük bir ürəyi deşən güllələr, Türkün ürəyinə, ağlına dəydi.

Allahı yoxdumu arxasızların, Güdaza gedənlər tənhamı, təkmi? Özünə bir sual vermədi cəllad, Bir də Çobanzadə yetişəcəkmi?

Bəkir əfəndiyə güllə dəyəndə, Krımda ay tərsə, gün nəsə döndü. Daraldı alimin, elmin göyləri, Zindana, məzara, məhbəsə döndü.

Baş əydi bu dərdə qoca zirvələr, Yeddi qat büküldü haça zirvələr. Endi ucalardan uca zirvələr, Dağ düzə çevrildi, zil pəsə döndü.

Dərmansız dərd ilə öldü dədələr, Dildə zəhər oldu dolu badələr. Getdi neçə-neçə Çobanzadələr, Türk üçün gen dünya qəfəsə döndü.

ÇİNGİZ DAĞÇININ KRIMA BİR MƏKTUBU

Ay-ulduz başın üstə qızıl taca dönərdi, Gecə-gündüz çimərdi nurda, Krım tatarı.

Yurdda bayquş uladı, susdurdu bülbülləri, Yağı saldı talanı yurda, Krım tatarı.

Bizi kimlər apardı cənnətdən cəhənnəmə, “Kim qırıldı, kim qaldı” burda, Krım tatarı?

Taleyinə yazılıb “yersiz gəldi, yerli qaç”, Quzuları verdilər qurda, Krım tatarı.

Çatdı öz istəyinə sənə tilov atanlar, Çırpındın balıq kimi torda, Krım tatarı. Dirilər dirigözlü tamahlara yem oldu, Ölülər dincəlmədi gorda, Krım tatarı. Böyük arzularını ocaqda yandırdılar, Əridin odda, közdə, qorda, Krım tatarı. Min əyilməmişdin, axır ki, sındırdılar, Qatladılar dizini zorda, Krım tatarı.

SÜRGÜN YERİ

Mənim kəndimin adı vardı. Yalnız kəndimin deyil, kəndimin dərəsinin, dağının, çaylarının, qayalarının, təpələrinin, çeşmə- lərinin, camilərinin də adları vardı. Buranın bir adı yoxmu? “Var!” – dedi adam. Buranın adı Sürgün yeri!” Krımda do- ğulduğun kəndlə buranı nə az, nə çox 6 min kilometr məsafə ayırır. “Yansılar”dan

Kəsilən başlar oldu, Tökülən yaşlar oldu. Uçan uca divarlar, Sökülən daşlar oldu. Qırğınlar, qətliamlar, Qanlı savaşlar oldu, Biz sürgünə gedəndə.

Nifrət ilə süzdülər, Qurşunlara düzdülər. Açılan əlimizi Yerdən, göydən üzdülər, Biz sürgünə gedəndə.

Ağlayan ağlayırdı, Ağladan ağladırdı. Bəlalı başımıza, Qara gəlmiş o tarix Qaralar bağlayırdı.

Uyumurdu körpələr, Sağalmırdı xəstələr, Ölmüşdü içimizdə Ağılar, şikəstələr.

Alışmırdı ocaqlar, Odu söndürmüşdülər. Yerimirdi qatarlar, Vaxtı dondurmuşdular. Bizdən böyük şeytanı, Yaman qandırmışdılar, Biz sürgünə gedəndə.

Allahsızlar at üstə, Allahlılar piyada. Didildik, parçalandıq, Dağda, daşda, qayada. Bir kimsə tapılmadı, Bəxtimizi oyada, Biz sürgünə gedəndə.

Göyün nuru yox idi, Ayın bərqi yox idi.

Ölü, yoxsa diriyik, Bizə fərqi yox idi. Səsi dəfn eləmişdik, Nəğmə, şərqi yox idi Biz sürgünə gedəndə.

Ölü qaytarammadıq, Diri qaytarammadıq. Eldən ayrılanları, Geri qaytarammadıq. Zor Allahlıq elədi, Yeri, yurdu, torpağı Geri qaytarammadıq, Biz sürgünə gedəndə.

Zəhərini tökəndə, Yağını susdurmadıq. Cəsəd çöllərdə qaldı, Öləni basdırmadıq. Bizə qan qusdurdular, Yada qan qusdurmadıq, Biz sürgünə gedəndə.

Bizi aparmışdılar Otu bitməyən yerə, Suyu axmayan yerə. İnsan necə sığınsın, Allah baxmayan yerə.

Dünyanın cəhənnəmi – Qaçqın didərgin yeri. Allah! Nə ağır olur Ömrün, günün narahat, Ruhların gərgin yeri. Qəriblərin gözündə, Bütün dünya xaraba, Hər tərəf sürgün yeri!

Çingiz Ağa, hardasan, harda yuva salmısan, Nədir adı, ünvanı, haradır sürgün yeri? Cavabı xəncər kimi içərimi doğradı, Dedi bağrım başında paradı sürgün yeri. Qanı elə axıb ki, gözü qaysaq bağlamır, Dərmanı tapılmayan yaradı sürgün yeri. Talanıb bağ-bostanı, dərdə sığmaz dastanı, Axırda bizə qalmış uradı sürgün yeri. Yaş yanağı yandırıb ürək atəş içində, Gözlərimdən tökülən qoradı sürgün yeri. Biz onu axtarmadıq, o bizi gəldi tapdı, Bizi qarabaqara aradı sürgün yeri. Düşmür Ayın işığı, axmır Günəşin nuru, Zülmətin içindədi, qaradı sürgün yeri.

Adımız çəkiləndə düşmən yaramaz dedi, Bütün “yaramaz”lara yaradı sürgün yeri. Bir qürbət var içimdə, hey Vətən haraylayır, Qəlbimin içinə bax, oradı Sürgün yeri!

ÇİNGİZ DAĞÇININ SUALI

Sürgünlərin tufanı viran qoydu hər yeri, Qocaman palıd kimi Qopdularmı, görəsən? Gedəndə bu torpağı duztək yalamışdılar, Yad olub yaddaşını öpdülərmi, görəsən?

Daş atıb qırmışdılar ruhunun aynasını, O sınıq könülləri yapdılarmı, görəsən?

Qürbətin atəşində əriyib damla-damla, Yerin yeddi qatına hopdularmı, görəsən?

Yağan yağış, axan sel, ələnən qar yerinə Göz yaşını çöllərə səpdilərmi, görəsən?

Yaddan dost tutdularmı, dil də unudularmı? Ağır savaş yolundan sapdılarmı, görəsən?

Hər yerdə üzlərinə yol bağlı, qapı bağlı, Paslanmış qıfılları çapdılarmı, görəsən?

Dolaşır göy üzünü Türkün ulu ruhları, Vətən itirmişdilər, tapdılarmı, görəsən?

ZƏLİMXAN YAQUBUN CAVABI

Bir ruhdan, bir qandan, bir kökdən gələn, O dəmlər, o vaxtlar, o çağlar hanı? Niyə yeddi yerdən sındı, qırıldı, O tellər, o bəndlər, o bağlar hanı?

Qara yellər kimi əsən kim oldu, Yad olan, inciyən, küsən kim oldu. Kəsdirən kim oldu, kəsən kim oldu, Kökündən üzülən o tağlar hanı?

Bilirik bu xalqın düşməni kimdi, Batan hər xatirə itən izimdi. “Fərman padşahındı, dağlar bizimdi”, Bu gün bizim olan o dağlar hanı?

Bu günü dünəndən qoparmaq olmaz, Dünəni bu günə bağlamaq gərək. Bütün könüllərin arzularını, Bir ruhun kökünə bağlamaq gərək.

Yalanlar tarixin başını qatdı, Keçi qiymətinə bir xalqı satdı. Kim harda doğuldu, harda boy atdı, Onu öz mülkünə bağlamaq gərək.

Çox uzun sürməyib dünya üzündə, Nə fitnə tarixi, nə şər tarixi.

Hələ də insaflı tarixçilərdən, Halallıq gözləyir bəşər tarixi.

Qarşımda Krımla bağlı kitablar, Qəlbimdə nisgil var, gözümdə yaş var. Ruhumu göynədən ağrı-acılar, İçimi yandıran ah var, təlaş var.

Allah unudulub, haq, yaddan çıxıb, Nə varsa hər şeyi saxta yazıblar. Bizim qəhrəmanlıq tariximizi, Axta tarixçilər axta yazıblar.

İrtışdan Dunaya, Krıma qədər, Avardan Xəzərə, Bulqara qədər, Qıpçaq deyildimi atını çapan. Sahibi kim idi Dəşti-qıpçağın, Köhlən oynadanda, nərə çəkəndə, Kim idi od kimi yerindən qopan?

Romanı, Bizansı dizə çökdürən, Bir xalqın gücünü görmədinizmi? Məğrur qalasını, uca dağını, Yüksələn bürcünü görmədinizmi?

Bir-bir dillənəcək daş abidələr, Dili açılacaq o qızıl çağın. Hələ sinəsində çox sirlər yatır, Böyük çöl deyilən “Dəşti-Qıpçağın”.

Qayıdar Krıma o ulu türklər, Yeriyər, Allahın altıyla gələr. Kəssə qarşısını dağlar, dərələr, Göylərin yeddinci qatıyla gələr.

Batmış bir sədanı, ünü qaldırar, İmanı oyadar, dini qaldırar. Göytürkü, Sakanı, Hunu qaldırar, Oğuzun, Qıpçağın zatıyla gələr.

Buludu kişnəyər, yağışı yağar, Həqiqət nahaqqı xırpalar, boğar. Tarix Ərtonqanı təzədən doğar, Atilla qılıncı, atıyla gələr.

Olsa da çiynində dağ boyda yüklər, Daşın içində də eşqi çiçəklər. Qayıdar Krıma o ulu türklər, Qol-qola doğuyla, batıyla gələr.

20, may-avqust Yalta-Bakı

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.