Əsas məzmuna keç

Poema

İnsan

Zəlimxan Yaqub

1

İNSAN

Xudu Məmmədovun xatirəsinə

Xalqın sırasından getdi, Elin arasından getdi, Yanaqlarda yaşa döndü, Gözün qarasından getdi. Daşıdığı ağırlığa Ürək dözmədi, dözmədi! Şaxta, ayaz yaman vurdu, Çiçək dözmədi, dözmədi! Alim kimi alimiydi, İnsan kimi insanıydı. Təpədən-dırnağa kimi, İnsafıydı, vicdanıydı. Elin vicdanından getdi, Üzeyirin “Sənsiz”indən, Söz Allahı Füzulinin, “Şəbi-hicran”ından getdi! Zehnimizin, fikrimizin Doğan nurlu səhərindən, Sökülən danından getdi! Qəlbimizin sədasından, Gözümüzün nurundan getdi! Bayatılı Qarabağın “Segah”ından, “Şur”undan getdi! İlmə-ilmə naxışların Danışan dilindən getdi! Dədəm Qorqud çalan sazın Bəmindən, zilindən getdi! Dillənərdi asta-asta, Danışardı şirin-şirin.

Söz-söhbəti uzatmazdı, Cümlə qısa, mətləb dərin. Nə geyimdə, nə duruşda, Adilərdən seçilmədi. Bu adilik, bu sadəlik Gözümüzdə, könlümüzdə, Gündən-günə böyüyərdi, Bircə dəfə xırdalanıb, Bircə dəfə kiçilməzdi! Bir ürəkdən min ürəyə Ziya saçan ziyalıydı. Ünvanına tərif desən, Uşaq kimi qızarardı, Körpə qədər həyalıydı! Tək kitabdan almamışdı savadını, Bu torpağın hər qatından Şirəliydi, mayalıydı! Dağı-daşı oxumaqdan yorulmazdı, Qayaları qat-qat olan Daş yaddaşı oxumaqdan yorulmazdı. Düşüncələr ümmanında qəvvas idi! Allah! Necə həssas idi! Bu dağın yaşı neçədi? Ondan soruş, o bilərdi! Bu düzün daşı neçədi? Ondan soruş, o bilərdi! Bu daş hansı qaladandı? Ondan soruş, o bilərdi! Bu gül hansı taladandı? Ondan soruş, o bilərdi! Görüşərdik Borçalıda, Görüşərdik Qarabağda. Qurulardı məclisimiz Gah aranda, gah da dağda. Ələ fürsət düşən kimi, “Ruhani”ni, “Dilqəmi”ni çaldırardı.

Hər havanın möcüzəsi Onun tərlan xəyalını Yerdən göyə qaldırardı! Onun qəlbi həm sazıydı, həm tarıydı, “Segah”ıydı, “Şüştər”iydi, “Qatar”ıydı. Öz xalqını elə-belə tanımırdı, Dağı daş-daş, qaya-qaya tanıyırdı, Düzü rəng-rəng, boya-boya tanıyırdı. Ayağında dəmir çarıq, Əllərində dəmir əsa, Qarlı yollar basa-basa, Fikir verib hər addıma, hər qarışa, Hey çıxardı Azərbaycan torpağını axtarışa! Hər axtarış ürəyinin ağrısıydı, əzabıydı! Hər səfərin bar-bəhrəsi Əl-əl gəzən, el-el gəzən Bir mənalı kitabıydı! Kitabları – bizim “Qoşa qanad”ımız! Kitabları – varlığımız, həyatımız! Xalqı üçün, eli üçün Canı qurban edənlərin, Düşüncələr dəryasında Çox dərinə gedənlərin, Dərdi qat-qat, qəlbi şan-şan, Bağrı zədən-zədən olur! Sonra durub deyirik ki, Vaxtsız ölüm nədən olur?! Xudu alim! Xudu xəttat! Xudu rəssam! Elmin yanan gur çırağı, Birdən-birə sönən bir şam! Alim kimi bir ömürdə, Neçə ömür yaşayırdı.

İnsan kimi, Daşınması çətin olan, Çox yükləri daşıyırdı.

Millət yükü! Qeyrət yükü! Təbriz boyda həsrət yükü! Düşmənlərə nifrət yükü! Neçə eldən, neçə dildən, Neçə yerdən, neçə qatdan, Tükənməyən bu həyatdan Zərrə-zərrə topladığı sərvət yükü! Biz nə qədər dəmir desək, polad desək, Bər-bəzəkli min ad desək, Ürək nədir? Bir parça ət! Yarı sevgi, yarı nifrət! Daş vurdunsa, sınasıdır, Od vurdunsa, yanasıdır! Bircə dəfə soyuq baxsan, Buz baxışdan donasıdır! Adam kimi ayaqdan da ayaq olan, “Böyüklər”in başı üçün papaq olan, Əli üçün yaraq olan, “Böyüklər”in süfrəsində Qaşıq olan, çəngəl olan, Elmin nurlu yollarında Yeriyənə əngəl olan, Alimciyəz adamlara Dağlar boyda kini vardı! Onun ayrı əqidəsi, Onun ayrı dini vardı! Bu din onun keçmişinə məhəbbəti! Bu din onun dünəninə sədaqəti! Bu din onun övladına – Toğruluna tapşırığı, əmanəti!

Təzə-təzə dərk edirik özümüzü, Təzə-təzə zaman açır gözümüzü. Təzə-təzə axtarırıq kökümüzü, Təzə-təzə daşıyırıq yükümüzü. Belə gündə bu millətə Ön cərgədə yeriyənlər gərək olur. Taleləri tarix kimi yazmaq üçün, Şama dönüb əriyənlər gərək olur. Bu gün bizə sən gərəksən, Torpaq kimi, hava kimi, Ocaq kimi, yuva kimi! Bu gün bizə sən gərəksən, Hikmət yazan qələm kimi! Neçə-neçə sağalmamış Yaralara məlhəm kimi! Özün yaxşı bilirdin ki, Hamı sevib sevilsə də, Hamı yanmır Kərəm kimi! Düşünürəm öz-özümə: Niyə səni bəd nəfəsdən, Sırtıq üzdən, yaman gözdən qorumadıq! Niyə səni hərzə sözdən, Acı sözdən qorumadıq. Səndən nələr gözləyirdik, Neçə qatı açılmamış Təzə hikmət, təzə soraq, Təzə xəbər gözləyirdik. Arzumuzdan yarımadıq, Heyif! Səni yaşatmadıq, Heyif! Səni qorumadıq! Yaxşıları qorusaydıq, Heç bu günə qalardıqmı? Min bir yerə parçalanıb, Bölük-bölük olardıqmı? Dünən elə itirirdik, Bu gün belə itiririk.

İtiririk, qazanmırıq, Qardaş, hələ itiririk! Gözəl alim! Böyük insan! Mərd vətəndaş! Sözümüzə baxmır bu gün, Gözümüzdən tökülən yaş! Bu yaş nədir? “Nə tez getdi” yanğısıyla Könüllərdən qopan haray! Bu yaş nədir? Coşan dəniz, dalğalı çay! Baxışlara enən bulud, Dodaqlara çökən sükut. Çiyinlərdə gedən tabut Çox görmüşəm, Belə axar, belə ləngər, Belə axın görməmişəm! Məhəbbəti bir bu qədər Haqqa yaxın görməmişəm! El sevgisi, xalq istəyi Dərya olur, dəniz olur. Xatirəyə dönən insan, Əzizlərdən əziz olur. Əbədiyyət yollarında ölməz olur bu xatirə! Xalqın yaddaş çəmənində solmaz olur bu xatirə!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.