Əlli yaşın dastanı
ƏLLİ YAŞIN DASTANI
DÜŞÜNCƏLƏR
Nigaran, narahat bir sualım var, Görəsən, məndəki bu təlaş nədir? Mənim yaradana bir sualım var, Görən, insan üçün əlli yaş nədir?
Dağlarda kükrəyib gur sellər kimi, Düzlərdə lillənib durulmaqdımı? Səslənib gümüşü, ağ tellər kimi, Səs-səs bu dünyaya vurulmaqdımı?
Ağrının, azarın içində itib, Ağır yük altında boğulmaqdımı? Yenidən göyərib, yenidən bitib, Məsum körpə kimi doğulmaqdımı?
Ömrün şaxtasında, vaxtın qışında, Ruhunu göynədən dərd-əzabdımı? Geriyə boylanıb əli qaşında Özünlə çəkdiyin haqq-hesabdımı?
İllərlə yığdığın günahlarını Bəlkə, yumaq üçün fürsətdi bu yaş? Dünənə döndərib sabahlarını, Tarixə çevirən qismətdi bu yaş?
Axdı sular kimi il dalınca il, Niyə bel bağladım mən bu faniyə? Bəlkə, yaşadığım əlli il deyil, Vur-tut yaşamışam əlli saniyə?
Var Ələsgər yaşı, var Müşfiq yaşı, Bu, Vurğun yaşıdı, möhürü bəlli. İçimə süzülür gözümün yaşı, Heç nəymiş, heç nəymiş, heç nəymiş əlli.
Baxdım bu dağların şax duruşuna, Bu dağlar əbədi, mən müvəqqəti. Ayağım tutduqca gəzdim dünyanı, Doymadım, doymadım, doymadım qəti.
Orta dayanacaq, möhlət tən yarı, Ömrüm həmi şəhər, həmi kənd olub. Həyatın düyünlü müəmmaları Mənimçün açılmaz qıfılbənd olub.
Sanki dünən olub nağıl həqiqət, İlk şeiri yazdığım qarlı qış günü. Təpədən-dırnağa sevgi, məhəbbət, Şair taleyimin ilk naxış günü.
Elə bil dünəndi göy meşələrdə, Yaşıl çəmənlərdə şehə batdığım. Dəli bir köhlənin yalına yatıb, Qarlı gədiklərdə at oynatdığım.
HARDAN GƏLİR ZƏLİMXAN
Hardan gəlir Zəlimxan, anasının südündən, Atasının insanı yüksəldən öyüdündən. Pir olmuş babasının pirləşən ağılından, Nur olmuş nənəsinin bal kimi nağılından. İnsanın, insanlığın Adəmindən, Nuhundan, Yaradanın eşqindən, yaranmışın ruhundan.
Sevib sevilənlərin bir damla göz yaşından, Məcnunlaşan dünyanın odundan, ataşından. Ulduzun baxışından, Buludun yağışından, Şimşəyin çaxışından. Hardan gəlir Zəlimxan, İlahinin nurundan, Düzlərin sərvətindən, dağların qürurundan, Atilladan, Metedən, Oğuz xandan, Bilgədən! Doğu-Batı arası, Gözlərimin işığı, ürəyimin parası, Ruhların dolaşdığı neçə-neçə ölkədən. Yeri-göyü titrədən Teymur cəsarətindən, Abayın boz çöllərə dil verən sənətindən. O boyda Türküstanı qəlbində yerləşdirən, Ceyhun ilə Seyhunu ruhunda birləşdirən, Qoca Məxdumqulunun dil-dil ötən sazından, Nəvainin göylərə hökm edən avazından. Nəfəsi davamıdı sazın, qopuzun, udun, Halalca nəfəsidir ulu Dədə Qorqudun. Min ildir ki, yorulmur, dərs öyrənir "Manas"dan, Türkün öz taleyidi, Təpədən-dırnağacan Zəlimxandı bu dastan. Dünənin işi deyil, Zəlimxan başdan gəlir, Gültəkinə, Orxona, Yeniseyə yazılıb, Qisməti daşdan çıxır, Tarixi daşdan gəlir. Bir əli yer üzündə, bir əli də haqdadı, Xəyalı göylərdədi, mayası torpaqdadı!
SİZƏ HARDAN DEYİM...
Sizə hardan danışım, əzəl başdan binadan, Mübarək bir atadan, müqəddəs bir anadan. Atamın dünya boyda qəlbi, ürəyi vardı, Elin ağır yükünü çiynində qaldırardı. Yerişi sərt, özü mərd, addımları qətiydi, Kişilər yaraşığı, mərdlik səltənətiydi. Xeyirdə də, şərdə də görərdilər boyunu, Onsuz keçirməzdilər elin bircə toyunu. Hər məclisin başından onun səsi gələrdi, Səsində yerin, göyün zəlzələsi gələrdi. Əqidəsi dosta dost, düşmənə düşmən idi, Hər ağır iş, çətin gün saçında bir dən idi. Hesab müəllimiydi, bilirdi hesabını, Savadlı şagirdlərin başına and içərdi, Savadsızın illərlə çəkərdi əzabını. Kim hansı məsələni dolaşdırıb qalanda, Ondan öyrənərdilər ən dürüst cavabını. Peyğəmbəri müəllim, Məkkəsi məktəb idi, Ən gözəl kitabları sevə-sevə oxumaq Onda lap körpəlikdən adət idi, dəb idi. Anamı kədər üstə kökləmişdi Yaradan, Qaçammırdı fikirdən, çıxammırdı qaradan. Ömrü boyu qəlbini qəmli, təlaşlı gördüm, Dilini bayatılı, gözünü yaşlı gördüm. Nə atası, anası, nə qardaşı varıydı, Talan olmuş ürəyi, dərdli başı varıydı. Başında yuva salan yetimlik havasıydı, Dili də, ürəyi də bayatı yuvasıydı.
Bir at mindim başı yox, Bir çay keçdim daşı yox. Burda bir qərib ölüb, Qohumu, qardaşı yox.
Əzizim, mən də yetim, Sən yetim, mən də yetim. Sən yetdin mətləbinə, Səs elə, mən də yetim.
Qar daşı, Qarlı dağdan qar daşı. Xəstə könlü qar istər, Mənim könlüm qardaşı.
Fikri qəmin, həsrətin aranında, dağında, Nağıllar sinəsində, dastanlar dodağında. İpə-sapa düzürdü ömrünü, həyatını, Necə sığışdırırdı bir sinənin altına Bu qədər rəvayəti, bu qədər bayatını? Bir-birinə can deyən, Bir-birinin dərdinə Söz qoşan, dastan deyən, Mən bu iki varlığın vəhdətindən yarandım, Südündən, mayasından, qeyrətindən yarandım. Mən gələndə dünyaya, Allah mənim bəxtimə sevinci, qəmi yazdı, Əsrin tən ortasında mənim təvəllüdümə Öz mübarək əliylə əlli rəqəmi yazdı. İlahidən payıma Bir əsrin içindəki ikinci əlli düşdü, Taleyimə, bəxtimə Ümid, həsrət, ayrılıq, sevinc, təsəlli düşdü. İstəkli müəllimim öz doğma atam oldu, Mənim nəzərlərimdə Hər kəlməsi bir çıraq, hər sözü bir şam oldu. Yaxşı oxuyan uşaq gözlərinin nuruydu, Əla qiymət alanlar şərəfi, qüruruydu. Bütün həyatı boyu yaxşıları axtardı, Yaxşıları gəzdi o.
Elm oxumaq naminə Doğma balasına da güzəştə getməzdi o. Gör, yadıma nə düşdü, Heç vaxt unutmadığım Canlı bir səhnə düşdü. Adicə bir misalı həll edə bilməmişdim, Qulağımın dibindən elə dəydi şilləsi, Elə bildim hardasa atıldı top gülləsi. Qəfil bir səs başımda çaxdı ildırım kimi, Əlinin yeri qaldı üzümdə şırım kimi. Sonralar şeirə döndü atamın sərt şilləsi, Mən o şillədən aldım Yerə-göyə sığmayan eşqi, gücü, həvəsi.
Qanımda anamın qaynar nəfəsi, Qəlbim oğulların sırasındadı. Atamın vurduğu şillənin səsi, Şeirimin ən güclü misrasındadı.
Şillə mənə deyirdi: Aldığın bu şapalaq Həmişəlik qoy olsun qulağının sırğası. Qoy, səni sarsıtmasın Torpağın zəlzələsi, dənizin qasırğası.
Şillə mənə deyirdi: Dilin, dilçəyin olsun, danışanda titrəmə, Kişi kimi addım at, yeriyəndə büdrəmə. Görüb ömür yoluna yağan qarı, dolunu, Həftədə bir dəyişmə əqidəni, yolunu.
Şillə mənə deyirdi: Meydan vermə pislərə, Düşmən ol rəzillərə. Qənim ol xəbislərə, Rəzillər, yaramazlar Tarix boyu ləkədi ən müqəddəs hislərə.
Şillə mənə deyirdi: Yaxşıları başında şöhrət elə, tac elə, Yarasına məlhəm ol, dərdinə əlac elə.
Şillə mənə deyirdi: Sabaha bax, sabaha, Sabahın yollarında inamla addımlamaq Daha çətindir, daha! Bu millətin əzəldən düşməni çox, dostu az, Başın ayıq olmasa, Ruhun oyaq olmasa, Hər oğul bu millətə Arxa, dayaq olmasa, Milləti millət kimi, Dövləti dövlət kimi Duruş gətirə bilib, Bircə gün də yaşamaz, Bircə gün də dayanmaz!
Şillə mənə deyirdi: Adicə bir misalı həll edə bilmədinsə, Necə həll edəcəksən Sabah qarşına çıxan Ən çətin misalları? Zamanın gərdişindən başı çıxmayanların Dəymişi dura-dura töküləcək kalları. Eşidən olacaqmı çağıranda səsini, Necə həll edəcəksən İki yüz ildən artıq İşi düyünə düşmüş, Yaman bir günə düşmüş, Hələ dilində qıfıl, hələ əlində qandal, Qolu bağlı, gözü kor, qulağı kar, dili lal, Cənub məsələsini, Təbriz məsələsini?
Oxu bu bayatını, dürüst qur həyatını: Ağ dəvə düzdən gedər, Yükü Təbrizdən gedər. Təbriz dərdə düşübdü, Dərmanı bizdən gedər.
Ərən dağlar, Uzağı görən dağlar. Xoyda bir igid ölsə, Yasında Mərənd ağlar.
Şillə mənə deyirdi: Tanıya bilmədinsə, düşmənini, dostunu, Öyrənə bilmədinsə, düşmənlərin qəsdini, Adicə bir misalı həll edə bilmədinsə, Toplamalar, çıxmalar, bölmələr sınağında Addımbaşı büdrəyib, çox gedə bilmədinsə, Bir adı rus, erməni, bir adı fars olanlar, Mənim xalqıma qarşı həmişə tərs olanlar, İştahası İstanbul, Təbrizlə Qars olanlar, Dişlərini qıcayıb qanıma susayanlar, Canımı ət parçası, qanımı su sayanlar, Hürürsə həftədə bir yenə bizlərə sarı, Bildiyini edirsə siyasət dəllalları, Çək saysız ağrıların çəkilməz əzabını. Özgələri gözləmə, Kəmfürsət alçaqların özün ver cavabını.
Şillə mənə deyirdi: Neçə ki, Şuşa, Laçın, Kəlbəcər sənin deyil, Haqqın yoxdur yatmağa, Borclusan yatanları Astagəl bir səslə yox, İsrafilin suruyla yerindən oynatmağa.
Sənin taleyin üçün Qarabağ bir məsələ, Zəngəzur bir misaldı. Bu müdhiş sualların cavabını tapmadıq, Boynumuz da gödəldi, dilimiz də qısaldı...
DOLAŞIQ AŞIRIMLAR
Vüsala can atdım mən ömrüm boyu, Yapışdı yaxamdan hicranın əli. Yas oldu yurdumun çalınan toyu, Pis gəldi, nəs gəldi əsrin əvvəli.
Üçrəngli bayrağı əlimdən alıb, Yerinə qırmızı bir bez taxdılar. Məni təpiklərin altına salıb, Oda qaladılar, közə yaxdılar.
Doxsanın yanvarında tankla, topla gələnlər, İyirminci illərdə qılıncla, qanla gəldi. Yox, bu əsrin ayağı millətimə düşmədi, Gələn “inqilab” dedi, gələn üsyanla gəldi. Bu üsyan, bu inqilab ağır qapaza döndü, Dalbadal başımızda çaxdı ildırımları. Ən böyük arzuları bircə gecədə söndü, Tale qürbətə saldı Məhəmməd Əminləri, Almas İldırımları.
Dilində yalan şüar, qəlbində gizli nifrət, Torpağa qan, xalqa dərd, yurda ləkə gətirdi. Leninin fitfasıyla qurulan bu məmləkət, Müstəqillik vermədi, müstəmləkə gətirdi.
Adını qoysalar da qoca Şərqin Lenini, Doktor Nərimanı da yaxşıca aldatdılar. Şəhərini, kəndini, obasını, elini, Bir keçi qiymətinə erməniyə satdılar.
Nə gördü vətənimin ən böyük vətəndaşı, Özünü yandırdılar qaladığı ocaqda. Stalinə məktubu qan içində göz yaşı, Öldürüb, dəfn etdilər torpağından uzaqda.
Ölkələr qan ağladı bir insanın əlindən, Göz yaşları içində axan xalqın qanıydı. Nələr çəkdi o dövrün, o zamanın əlindən, Mirzə Cəlil millətin ağrıyan vicdanıydı.
Sabir – çaxnaşma, vulkan, Sabir – qasırğa, tufan, Ciyər vərəm bağladı əlli yaşı çatmamış. Hələ heç bir zəlzələ Sabir nəfəsi qədər, Ürəklər silkələyib, beyinlər oyatmamış.
Qamətimiz düzəlmir Müşfiq nakam gedəndən, Bir gecənin içində qanına qəltan oldu. Ayırdılar sevgidən, sevgilidən, Vətəndən, Böyük Əhməd Cavadın sinəsi şan-şan oldu.
Namərdlər at çapırdı, mərdin meydanı dardı, Biz nə saymaq istədik, gör, bir fələk nə saydı. Şekspir qüdrətiylə Hamletlər yaradardı, Otuzuncu illərdə Cavid tutulmasaydı!
Bir də doğulacaqmı, nə bilim, nədən bilim, Qoruya bilmədilər Üzeyir tək dahini. Kəsildik parça-parça, doğrandıq dilim-dilim, Çağıra da bilmədik tanrını, ilahini.
Qadağalar, həbslər, işlər çətindən çətin, Ömür-gün yollarında döyüş olub, cəng olub. Kimlər açıb yolunu qorxunun, xəyanətin, Vurğun əlli yaşında nə üçün xərçəng olub?
Otuzuncu illərin alovundan çıxmamış, Məmləkətə 41-in qanlı davası gəldi. Qara xəbər donunda qapıları kəsdi qış, Hər evə, hər ocağa ölüm havası gəldi.
Döndü qara kağızlar tökülən xəzəllərə, Yarpaqların sayı var, kağızların sayı yox. Nə deyəsən gözləri yol çəkən gözəllərə, Silahın ürəyi yox, düşmənin vicdanı yox.
Tərs kimi bir işimiz avandına getmədi, Kəsdi Heydər Hüseynov bağda öz damarını. O, təkcə öz ömrünə, özünə qəsd etmədi, Kəsdi fəlsəfi fikrin fəlsəfi damarını.
Birini susdurdular, birini asdırdılar, Birini döyə-döyə laxta qan qusdurdular. Qriqoryanlar fitfası, Markaryanlar əliylə Bir gecənin içində minləri susdurdular.
Əlli il millətimin qara tale günləri, Bir əsrin tən yarısı qanda-qadada getdi. Dalbadal yasa döndü toyları, düyünləri, Neçə-neçə nəsillər günahsız bada getdi.
Qanadlı arzuların yoldular qanadını, Kişilərin həyatı ağır bir gündə keçdi. Göstərdilər qürbətin “ləzzətini”, “dad”ını, Mənim öz nəslimin də ömrü sürgündə keçdi.
Biz qələbə çalanda “Allaha şükür” dedik, “Ey insan, daha qorxma, dövranını sür”, – dedik. “Çıxmışıq azadlığa, qovuşmuşuq şadlığa, Qəm-kədər qarşımızda boynunu bükür”, – dedik.
Biz haradan biləydik, Qan üstündə qurulan bu boyda bir ölkənin Quruluşu da saxta, Qələbəsi də saxta, Varlığı da saxtadı. Biz haradan biləydik, Bu xalqın görəcəyi nəs günlər qabaqdadı. Bir haradan biləydik, Böyük şüarlarımız bir gün boşa çıxacaq, Qapımızın ağzında yal içib yallananlar Yağlı tikə görəndə hoppanıb, tullananlar Ağlımızın ucundan, Dönüb ev sahibinə, gəlib başa çıxacaq...
MÜKAFATIM – AZADLIĞIM
Düşünürəm varlığı, düşünürəm həyatı, Nədir əlli yaşımın ən böyük mükafatı? Sual böyük sualdı, cavabında şərəf var, Bu sualın içində Halal haqqına çatıb, qalib gələn tərəf var. Ən böyük mükafatım Mənim müstəqilliyim, mənim azadlığımdı. Azadlığım – ən böyük sevincim, şadlığımdı. Əsrin əvvəllərində əlimizdən alınan, Bizə haram buyrulub, daşdan-daşa çalınan, Müqəddəs azadlığı yenidən qaytarmışam, Dişimlə, dırnağımla sal qayalar yarmışam. Bu yol çox çətin olub, Dözüm, səbir, qələbə yenə millətin olub.
Azadlığım rəng alıb Azərbaycan xalqının “Azadlıq” deyə-deyə alovlanan çağından, Böyük Məmmədəminin üçrəngli bayrağından. Azadlığım rəng alıb Bəxtiyarın yazdığı “Gülüstan”ın ahından, Əsl şair nəfəsi Odludu düşmənlərin ən odlu silahından. Azadlığım güc alıb Böyük Xəlil Rzanın Meydanları titrədən haray dolu səsindən, Mən bu yolu başladım “Azadlıq meydanı”ndan. Azadlığım rəng alıb Qarabağda, Şuşada, Şəkidə, Lənkəranda Şəhidliyə yüksələn oğulların qanından. Yaşamağa haqqı var Millətin – millət kimi! Dövlətin – dövlət kimi! Mən də yaşamalıyam Ölkələrin içində yenilməz qüdrət kimi! Nə köləlik yaraşır bizə, nə müstəmləkə, Xalqın nə dərdi varsa, gərək xalq özü çəkə. İçimdəki genişlik sığa bilməz darlığa, Köləlik yaraşarmı Böyük Babəkdən gələn böyük üsyankarlığa? Diş ilə, dırnaq ilə alınan azadlığı, Əsrlərlə qəfəsə salınan azadlığı Gözün giləsi kimi qorumaq qəhrəmanlıq, Yaşatmaq kişilikdir! Kişiləri olmayan harda tayfa, nəsil var, Ümidi parça-parça, eşqi çilik-çilikdir. Müstəqildi dövlətim! Müstəqildi millətim!
B.Vahabzadənin “Gülüstan” poeması nəzərdə tutulur.
Bu günün şair oğlu, şirin nəğməkarı mən, İkinci azadlığın meyvəsi mən, barı mən. Mənim azadlığımın yaşı uşaq yaşıdı, Təzəcə puçurlayan kövrək budaq yaşıldı. O uşağın boyunu ərzə göstərmək gərək, O budağın barını doyunca dərmək gərək. Təzəcə qovuşmuşuq, Ondan ötrü təşnəyik, ondan ötrü ləliyik, Azadlığın yaşını illərin sayıyla yox, Başa-baş əsrlərin yaşıyla ölçməliyik. Bu yükü çəkmək üçün Nə qədər dağlar çapıb, qayalar yarmalıyıq, Bugünkü xoşbəxtliyi gələcək nəsillərə Canla aparmalıyıq, başla aparmalıyıq. Ruhumla, nəfəsimlə Müqəddəs azadlığın şölələnən şanıyam. Məhəmməd Əminlərin Ruhunun davamıyam, səsinin davamıyam. Azadlıq dediyimiz ən böyük xoşbəxtliyi Cavidlər görməliydi! Müşfiqlər görməliydi! Cavadlar görməliydi! Bu günlərin barını özləri dərməliydi! Ən odlu şeirlərin, Ən isti misraların Nəğmələr çələngini özləri hörməliydi! Cavidlərin ömrünü, Müşfiqlərin ömrünü, Cavadların ömrünü Bu gün yaşayan mənəm! Bu günün arzusunu Gələcək nəsillərə çəkən, daşıyan mənəm! Müstəqil gördüyümçün əzilən bir milləti Günəş mən, çilçıraq mən, saray, aşiyan mənəm!
MƏN DƏ YARADANIN BİR AŞIĞIYAM
Dünən körpəsiydim Kəpənəkçinin, Atayam, babayam, əmiyəm indi. Dünən bir dən kimi düşdüm torpağa, Sünbülü tellənən zəmiyəm indi.
Bir gün dolu döyür, bir gün qar gəlir, Meydandan çəkilmək mənə ar gəlir. Üstümə dəlisoy dalğalar gəlir, Tufanla çarpışan gəmiyəm indi.
Üzüm kədərədi, yönüm ahadı, Qəm-kədər ucuzdu, sevinc bahadı. Düşmənin hər biri bir əjdahadı, Yeddi əjdahanın yemiyəm indi.
Mən də Yaradanın bir aşığıyam, Ərköyün övladı, kür aşığıyam. Məni sevənlərin yaraşığıyam, Məni sevməyənin qəmiyəm indi.
Xatirəyə dönmüş neçə cığır var, Sevgilim çiçəkdi, sevgim arıdı. Qoynunda gəzdiyim yaşıl cığırlar Şeirimin yamyaşıl misralarıdı.
Qarlı qış səhəri gəldim dünyaya, Neçə yaz doğuldu qışımdan mənim. Həyatın sevinci, müsibətləri Yağdı yağış kimi başımdan mənim.
Ayna bulaqların, güzgü göllərin, Mavi dənizlərin ətrinə batdım.
Qaynar çeşmələri, dənizləri də Könlümdə təzədən özüm yaratdım.
Haqqın işığıyla gəldim dünyaya, Dünyanın hər yeri gördüm işıqdı. İşığa bağlıdı insanın canı, Sevincim işıqdı, dərdim işıqdı.
Elə bu işıqla çıxdım yollara, Qarşımda işıqlı yollar açıldı. “Can” dedim həmdəmə, “dost” dedim yara, Sinələr qabardı, qollar açıldı.
Elə bu işıqla gəldim Məkkəyə, Kəbənin içinə girdim işıqla. Adını qoysaq da gözəgörünməz, Allahın özünü gördüm işıqla.
Dillərdə, yollarda, ellərdə gördüm, Aşılmaz Çin səddi aşan ömrümü. Çağlayan sularda, sellərdə gördüm Qayğılar içində daşan ömrümü.
MƏNİM ÖMRÜM
Əlli saniyə nə, əlli saat nə, Beş yüz il yaşadım bu əlli ildə. Rahat ömür nədir, sakit həyat nə, Dərdim dastan oldu, gör, neçə dildə.
Azadlıq istədim, məhbəs verdilər, Genişlik istədim, qəfəs verdilər. Çağırdım, dadıma çatan olmadı, Nə haray çəkdilər, nə səs verdilər.
Qaldı öz içimdə səs, mənim ömrüm, Yumruğu daş elə, kürəyi sipər, Dərdin qarşısını kəs, mənim ömrüm.
Qapını kəsəndə böhtan ilə şər, Ürəklər qəzəbdən alışdı-yandı. Üçrəngli bayraqdan yapışan əllər, Yanvar gecəsində qana boyandı. Amansız ağrılar qəlbimi sıxır, Çəkilməz dərdim var, dərmanı yoxdur. Məni öz haqqıma qovuşdurmağa, Bəndənin gündə bir fərmanı çıxır, Hələ ki, Allahın fərmanı yoxdur. “Allah” de, ordunu köməyə çağır, Qalma bu meydanda tək, mənim ömrüm. Kökündən, soyundan zorla ayrılan, Mənim qaçqın ömrüm, didərgin ömrüm. Daşı, qayası, torpağı Əsir yaşım, girov yaşım. Canımda bir üşütmə var, Saçlarımda qırov, yaşım.
Rahat yaşamağı haram buyrulan, Hey narahat ömrüm, hey gərgin ömrüm. Torpağım daşınır torbalar ilə, Bacara bilmirəm zorbalar ilə, Əgər belə getsə, başa çıxammaz, Qəlbimi, ruhumu didər kin, ömrüm.
Kor olmuş gözlərim hər şeyi gördü, Girov da, dustaq da, əsir də gördü. Babək zirvəsinə qalxan qeyrəti, Ayaqlar altında həsir də gördü. Təbiət vurursa yara bağrıma, Qarabağ dönürsə qara bağrıma,
Gündə tikə-tikə kəsirsə düşmən, Çara tapılmırsa qara bağrıma, Göyçə həsrətiylə yanır, tökülür, Borçalı üstündə saz ağlayırsa, Millətin gözündə yaz qışa dönüb, Şairin qəlbində yaz ağlayırsa, Dünyadan əlini üz, mənim ömrüm. Əllidə heç nəyi bacarmadınsa, Nəyinə gərəkdir yüz, mənim ömrüm?!
İki qanadı var mənim ömrümün, Bir yanım Borçalı, bir yanım Bakı. Ruhumun kökündə, mayasındadır, Hislərin durusu, sözlərin pakı. Şair taleyidi, şair baxtıdı Bu uzaq yolların qucağındakı Hər keçidə cığır, hər çaya körpü, Ellərdən ellərə yol, mənim ömrüm. Gündüz dincəlməyən, gecə yatmayan, Yollarda əzabı bol, mənim ömrüm.
Olummu, qalımmı onun qisməti, Bu xalqın baxtına fal açmaq çətin. Verən qürrələnər, alan utanar, Əl tutmaq asandı, əl açmaq çətin. Dilin ağrısıdı, qəlbin əzabı, Dilənə-dilənə əl açmaq çətin. Əlində əsa var, gözündə eynək, Əynində cırılmış bir qara köynək. Cahan bir oğlanı nə günə salıb, Alnındakı qırış, saçındakı dən, Tut onun əlindən, tut, mənim ömrüm.
Bəlkə, dərdimizə biganələrin Əlini cibindən çıxara bildin.
Qırx arşın quyuya düşən kəsləri, Quyunun dibindən çıxara bildin. Bəlkə, bir harını, yekəqarını Oynadıb təbindən çıxara bildin. Bəlkə, satqınları, yaramazları Öz köhnə dəbindən çıxara bildin. Ölüm bir savaşdı haqqın yolunda, Çəkinmə, savaşa gir, mənim ömrüm. “Uf” demə həqiqət axtarışında, Səni parçalasa şir, mənim ömrüm.
Əsrin yarısıyla durdum yanaşı, Mənəvi ömrümün yaşı bilinməz. O qədər qədimdi ruhumun yaşı, Saysalar kərpici, daşı bilinməz. Qorquddan, Yunusdan Allaha çatdı, Səsim qanadlandı, Allaha çatdı. Saz mənim ömrümdü, söz mənim ömrüm, Qabağa düşmüşəm Prometeydən, Od mənim ömrümdü, köz mənim ömrüm.
Söhbətin şirini, sözün xasıyam, Ruhun sevinciyəm, qəlbin yasıyam. Dünyanın ən qədim əlyazmasıyam, Tarixdə ən uzun yaş, mənim ömrüm. Üstü min illərlə mamır bağlayan, Ömrümə ikinci ömür bağlayan, Qaya mənim ömrüm, daş mənim ömrüm. Leyliyə Məcnunam, Şirinə Fərhad, Kərəmə Əsliyəm, Qəribə ustad, Mələklər yanında çalmışam qanad, Merac gecəsində göy mənim ömrüm. Füzuli ahından mayalanmışam, Dodaqlar yandıran ney – mənim ömrüm.
Altaya qovuşan Anadoluyam, Təbrizəm, Dərbəndəm, Qarsam, Boluyam. Dünyanın nə qədər yolları varmış, Yollara yol olan haqqın yoluyam. Türkün xilaskarı qurd oğlu qurdam, Doğudan Batıya bir ulu yurdam. Bilgəyəm, Meteyəm, Osman Qaziyəm, Ölçülər içində ölçüyəgəlməz, Məkana sığışmaz bir əraziyəm. Yer üstə ən böyük yer, mənim ömrüm, 2 yaşında İstanbul alan Ağ atın üstündə ər, mənim ömrüm.
Yandırmır işığı, əritmir şamı, Hamının dərdini daşımır hamı, Dünyanın yükünü tək-təklər çəkir. Ən böyük adamdı dərdin adamı, Yükü də ən böyük ürəklər çəkir, Həyatda ən ağır yük, mənim ömrüm. Buludlar qoynunda ən hündür budaq, Torpaqda ən dərin kök, mənim ömrüm.
Ulduzun ziyası, Ayın işığı, İşıqlı dünyanın yar-yaraşığı, Tanrının vergisi, haqqın aşığı, Gündüzlər Günəşi, sabahlar mehi, Gecələr sultanı Ay, mənim ömrüm. Bəndənin hələ də görəmmədiyi, Allahın verdiyi hay, mənim ömrüm.
Gözünün nurunu kitablar yeyən, Suallar yedirən, cavablar yeyən, Dərvişlər, ozanlar, qəriblər görüb İçini həmişə əzablar yeyən, Ürəyin qanından şərablar içən,
Qəlbinin ətindən kabablar yeyən, Təpədən-dırnağa dərd, mənim ömrüm. Bu dərdlər önündə duruş gətirən, Duruşu yenə də sərt, mənim ömrüm.
Bu da iş otağı, şamdanım, şamım, Səliqəm, səhmanım, işim, nizamım. Bu da müqəddəsim, kitabxanamdı, Anamdan sonrakı doğma anamdı. Şirin həmsöhbətəm Dədə Qorquda, Axır damarıma, hopur canıma Udduğum hava da, içdiyim su da. Əlimin altında “Oğuznamə” var, Dilimin gücündə “Qudatqu bilik”. Homerdən, Dantedən üzü bəriyə Hər biri ölməzlik, mərdlik, kişilik. “Faust”, “Leyli-Məcnun”, “Şahnamə”, “Xəmsə” – Bəşər övladının neçə dastanı. Hər dəfə qapını açıb girəndə Bağrıma basıram bu gülüstanı. Hər gün dahilərlə üz-üzəyəm mən, Durmuşuq göz-gözə, nəfəs-nəfəsə, Möcüzə içində möcüzəyəm mən. Təpədən-dırnağa nur içindəyəm, Hər şeydən ucadı nur, mənim ömrüm. Dünyanın işığı azalan günü İşıqdan bir dünya qur, mənim ömrüm.
Torpaq sızıltısı, yurd göynərtisi, Şam kimi yandırıb, iç əridəndi. Neyləyə bilərdi özgələr bizə, Ən böyük bəlamız içəridəndi. Bizi ətrafımız yedi, taladı, Bayır dəyirmandı, içəri dəndi.
Yağmasa yağışı, axmasa suyu, Göyərə bilərmi dən, mənim ömrüm? Ürəkdən gülməyi yadırğamışam, Bulud mənim ömrüm, çən mənim ömrüm.
Hələ də öz əlin, öz başın deyil, Sənin keçmişini saxtalaşdırıb, Sənin tarixini saxtalar yazır, Qanı qarışıqlar, üzü dönüklər, Ürəyi, qafası dönüklər yazır. Quruyur yerində, doğru mat qalır, Oğrunu balaca bərkə çəkəndə. Ərəbə çəkirlər, farsa çəkirlər, Müsibət başlanır türkə çəkəndə. Dözə bilirsənsə sən bu dərdlərə, Daha sözüm yoxdu, döz, mənim ömrüm, “Desəm öldürəllər, deməsəm ölləm", Yandırır dilimi köz, mənim ömrüm.
Ulu Füzuliyə eşqim, heyrətim, Dədə Ələsgərə əcdadım deyən, Vaqifə dilinin şəhdi-şirəsi, Sabirə üsyanım, fəryadım deyən, Baba Şəhriyara tüstüm, dumanım, Vurğuna ən böyük ustadım deyən, Bu qədər xəzinəsi olan kəslərin, Nəyinə gərəkdi pul, mənim ömrüm. Böyüklər yanında uşaqdan uşaq, Ustadlar yanında qul, mənim ömrüm. Səni yerə çəkən, göyə bağlayan, Yerin bəndinə bax, göyün qatına. Tanrı neçə gündə qurub dünyanı, Bacara bilirsən, bax saatına. Nə ki gördüyün var, görəcəyin var, Hopdur damla-damla sən həyatına.
Qırx doqquz qapını açıb gəlmisən, Əllinci qapını aç, mənim ömrüm. Səpələ Allahdan aldığın nuru, Bəndənin üstünə saç, mənim ömrüm.
Ağzından çıxmısan əjdahaların, Salamat qalmısan, şir oğlu, şirsən. Üstünə nə qədər daşlar atıldı, Dözümdə, təmkində, bəlkə də, birsən. Köçür varaqlara ürəkdə nə var, Bir dəftər, bir qələm, bir gecə, bir sən. Əkinçi taleyi yaxşı taledi, Şumla, mənim ömrüm, ək, mənim ömrüm. Bu vaxtın tək bircə Zəlimxanı var, Qatlaş zəhmətinə, çək, mənim ömrüm.
20, yanvar