Əsas məzmuna keç

Poema

Lefortova zindanı

Zəlimxan Yaqub

1

LEFORTOVO ZİNDANI

Balaca tarix deyil minillik bir ərəfə, Zaman atıb bu yolda hərəni bir tərəfə. Kimi şərəfsiz çıxıb, kimi çatıb şərəfə. Xəqani “Həbsiyyə”si anılanda hər dəfə, Keçir gözüm önündən dəmir bir qəfəs yolu, Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Biganələr nə bilsin gövhər nədi, inci nə, Kimdi baxan insanın qocasına, gəncinə. Şairlərdi atılan zindanların küncünə, Daraldıqca meydanı sıxılır nəfəs yolu. Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Birinin gözündə nur, birinin gözündə qan, Ata “can-can” deyənə oğul söylədi “qan-qan”. Mənuçöhr sevəni rədd elədi Axsitan,

Xəqaninin qazancı oldu axırda zindan, Bağlandı bir dahinin uçuş yolu, səs yolu, Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Zindanların tarixi neçə min illər qədər, Zindanların qədəri bağlanan dillər qədər. Zindanların şöhrəti Nazim Hikmətlər qədər, Musa Cəlillər qədər. Nahaqdan yana-yana haqq basılır zindana, Zaman çətin düzəldir əyri yolu, nəs yolu, Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Axı, o, öz şeirini şaha hədiyyə verdi, Xəqaniyə fitvanı kim verdi, niyə verdi. Onu həbs edənlərə o, bir “Həbsiyyə” verdi. O, Tanrı vergisidi, sönmədi həvəs yolu. Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

“Lefortovo dəftəri” “Həbsiyyə”nin davamı, Qırmızı imperiya

Qara-buza döndərib mənim isti yuvamı. Qan ilə zəhərləyib, Zəhər ilə doldurub saf suyumu, havamı, Tufanlı günlərimdə Xəlil Rza qeyrəti çəkdi mənim davamı. Onu qorxudammadı Qaniçən yağıların “doğra” yolu, “kəs” yolu, Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Qızıl qanlar içində bir şeir gülüstanı, Bu gülüstan xalqımın göz yaşıyla isdanı. Köləliyə, zülmətə Tərsinə bir şillədir “Lefortovo dastanı!” Cəhənnəmlər içində sözdən cənnət yaratdı, Yerə, göyə sığmayan bir məhəbbət yaratdı. “Sizin o divarınız bizə vız gəliyor, vız!” – Nazim cəsarətiylə daşları qum elədi. Kitabları əritdi, dəftəri şum elədi. Azərbaycan şeirinin qeyrət damarı kimi, “Lefortovo” adında bir səltənət yaratdı.

Təbriz cəsarətiylə bir neçə boy ucaldı, Şəhidliyin, mərdliyin ülvi, müqəddəs yolu, Xəqanidən Xəlilə yol gəlir, məhbəs yolu.

Xəqanini tutduran istedada paxıllıq, çirkin dedi-qoduydu. Şeytanın fitnə-feli, məkrin sönməz oduydu. Onu özümüz olduq zindanlara atdıran, Şabran adlı qalada Qoluna qandal vurub, qəlbini qanatdıran. Bu gün Şabran qalası uçuq, xarabalıqdı. Yaşayan Xəqanidi, Dahilərin sirdaşı yaradandı, xalıqdı.

Xəlili həbs etdirən Yıxılan imperiyanın kəmfürsət niyyətiydi. Lefortovo adında Zindana baş əyməyən şair şəxsiyyətiydi. Bu qətiyyət, bu vüqar Xəlil Rza donunda Əhməd Cavad xisləti, Cavid qətiyyətiydi.

“Bir xırda vergül qədər” sınmaq, əyilmək olmaz, – Böyük Xəlil Rzada fikir, məram qətiydi.

Həqiqəti gizlədib, haqqı dana bilmədi, Gördü, gördüklərinə heç inana bilmədi. Cəhd elədi qanmağa, ancaq qana bilmədi. Məhbusa bax, eşqə bax! Söz güllə, qələm silah, Döyüşə bax, məşqə bax! Ömrü boyu bu zindan Nə belə şair görüb, nə belə bir qəhrəman. O, əyilmir zamana, ona diz çökür zaman, Zindanbaşı mat qalıb Basılmaz bir şairin inadına, səbrinə. Şair baxıb tüpürür Qanlı imperiyanın məzarına, qəbrinə. Yox, şair dustaq deyil, Yox, şair əsir deyil. Xəlil Rza mərdliyi Aydın bir həqiqətdir, heç bir kəsə sirr deyil. Dəydikcə zərbə, yumruq, tərpənir divarda daş. Kökündən, məhvərindən Ölümə doğru gedir hər saatı, hər anı, Lefortova zindanı!

Kimdi böyük şairin burda könül dostları: Homer, Dante, Nizami, Sabir, Füzuli, Cami, Vurğun, Aşıq Ələsgər. Neçə əli qələmli, neçə sinəsi dəftər. Kimdi böyük şairin qəhrəman qardaşları: Atilla, Babək, Mete, Şah İsmayıl, Nəsimi. Hər biri baş qaldırıb tarixin yaddaşından, Xəlil, əyilmə deyir, eşit mənim səsimi! “Moabit”dən bu səsə Musa Cəlil səs verir, “Xəlil, əyilmə!” – deyir. Bu səs Xəlil Rzaya ikinci nəfəs verir, “Xəlil, əyilmə!” – deyir. Ölümə göndərdilər Xəlili daş zindana, O zindanın içindən Xəlil dirildi çıxdı. Düşmənlərin gözünə atıldı güllə kimi, Ox kimi itiləndi, yaytək gərildi çıxdı. Çəksə də dərdli başı min qadanı, min qanı, Xəlili əyəmmədi Lefortovo zindanı!

Kimdi böyük şairin qəlbinin şah damarı, Ağrı və ah damarı: Azərbaycan adında yaralı bir məmləkət. Ana yurda sevgidə nə ölçü var, nə sərhəd. Silinib getməlidir qara-qara ləkələr. Uçub dağılmalıdır qanlı müstəmləkələr! Yazılan hər sətirlə candan tikan çıxacaq. Bu xaraba zindandan Xəlil Rza adında Yenilməz, məğrur, mətin Azərbaycan çıxacaq! Haqqın qələbəsiylə nahaqqın çıxır canı. Məğlub olur şairə Lefortovo zindanı!

Kimdi böyük şairin gözlərinin işığı, ömrünün yaraşığı, Məsləkdaşı, sirdaşı, ərşə ucalan başı. Kimdi böyük şairi Ağır dəqiqələrdə sağ-salamat saxlayan, Ümidini, eşqini yerə-göyə bağlayan. Sevgilisi, əzizi, istəkli Firəngizi.

Ona əsər yazdırır, ona kitab yazdırır Firəngizsiz günlərin hər saatı, hər anı. Ha çalışır, sevgiyə Bir sərhəd çəkə bilmir Lefortovo zindanı!

Ruhuma, varlığıma Xəlil Rza şeirindən düşən izə baxıram. O izin sağ-solunda Firəngizə baxıram. Firəngiz deyiləndə Şair gözlərindəki gül-nərgizə baxıram. Firəngiz Xəlil üçün əsən nanə yarpağı. Xəlil Rza ömrünün Vəfalı qadın kimi tək nişanı, yarpağı. Əsla Allahın altda Hər şairin bəxtinə belə bir qadın düşə. Firəngizlə Xəliltək tarixə adın düşə. Kimin olsa belə bir mərd, cəfakeş qadını, Ulduzlara qaldırar ər kişini qadını, Ulduzlara qaldırar ər kişinin adını. Yarı arif olanda, Ruhu zərif olanda, Şair, şair olmaz ki, çevrilib Allah olar.

Çıxar sevgi taxtına, fərman verən şah olar. Necə ki, Xəlil Rza Zindanda qul olmadı, zindanlara şah oldu. Onu uca saxlayan Firəngiz məhəbbəti Böyük şairlik üçün, Böyük kişilik üçün ən ulu dərgah oldu. Firəngizi, Aytacı, Gültacı sevə-sevə Şair baxışlarında sökülür eşqin danı. Tarixində ilk dəfə Sevgiyə məğlub olur, Şairə təslim olur, Lefortovo məhbəsi, Lefortovo zindanı!!!

2.0.20

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.