Əsas məzmuna keç

Poema

Borçalıda qalan izlər

Zəlimxan Yaqub

1

BORÇALIDA QALAN İZLƏR

Dağa arxalandı, düzə can atdı, Şəlalə səsini qayadan aldı. Hər kim bir sehrli aləm yaratdı, Gücünü xalq adlı mayadan aldı.

Güvəndi gücünə, istedadına, Vətəndən, torpaqdan mayalı Vurğun! Bir gün Borçalını saldı yadına, Qədəmi hər yerdə sayalı Vurğun!

Başından aşsa da qayğısı, işi, Xəyal köhlənini min yerə sürdü. Onu Borçalının ulu keçmişi, Bugünkü taleyi düşündürürdü.

Xalqın hər sevinci – şərəfi, şanı, Xalqın hər kədəri onun yasıydı. Qəlbitək sevirdi Azərbaycanı, Borçalı qəlbinin bir parçasıydı!

O ağır yerişi, o dağ duruşu Görənin heyrətdən baxışı dondu. Gəzdi göy üzündə bir dövlət quşu, Faxralı kəndinin çiyninə qondu!

Şeirsiz özünü xoşbəxt sanmayıb, Nəğmədir torpağı, daşı bu kəndin. Tarixi illərlə hesablanmayıb, Şeirlə ölçülüb yaşı bu kəndin.

Arzular tükənməz, arzular şirin, Vurğunla bu yerdə ellər görüşdü. Baharda dünyaya gələn şairin Uğuru baharlı bir elə düşdü.

Sənət çırağına, sənət oğluna Gözündə nur kimi baxdı Borçalı. Görüşlər, vidalar çatmadı sona, Sellər, sular kimi axdı Borçalı!

Gəldi Kəpənəkçi, gəldi Borçalı, Qoçulu, Qaçağan döndü karvana. Saraclı yeridi köklü, budaqlı, Doğma oğul bildi onu hər ana.

Bir uşaq doğmaca atası kimi, Özünü şairin üstünə atdı. Uşağın bir damla xoş təbəssümü Vurğunun qəlbində ümman yaratdı!

Dağlardan güc alan el məhəbbəti, Dünyanı başına yığa bilərmiş. Nələrə qadirmiş eşqin qüdrəti, Bir mahal bir kəndə sığa bilərmiş!

Şairi görməyə can atdı hamı, Şöhrəti çağırdı doğmanı, yadı. Faxralı kəndində payız axşamı Vurğunlu məclislər belə başladı.

Heyrətlə boylandı silsilə dağlar, Mübarək yoluna axdı bulaqlar. Kiridi nəğməli, neyli dodaqlar, Şairin səsini eşitmək üçün.

Sanki cilovlandı, çaylar axmadı, Buludlar dayandı, şimşək çaxmadı. Kimlər boylanmadı, kimlər baxmadı Şairin səsini eşitmək üçün.

Belə bir qonağı kim sevməzdi, kim, Diləklər qovuşdu ən xoş çağına. Xoşbəxtlər xoşbəxti Hacı müəllim Açdı qollarını öz qonağına.

O ağır danışıq, o ləngərli səs, Hələ də çoxunun qulağındadır. İşığa çevrildi doğma bir nəfəs, İstisi hamının ocağındadır.

Şair heç olarmı yollar yorğunu, “Yoruldum” sözünü dilə gətirməz. Tale yetirmişdi bizə Vurğunu, Tale yetirəni tarix itirməz!

Vurğunlu saatlar, vurğunlu anlar, Ömrün də, günün də qızıl anları. Heç yaza bilərmi tarix yazanlar, Bir xalqın qəlbinə yazılanları.

Söhbət od alırdı candan, ürəkdən, Səhər şəfəqiydi, dan işığıydı. Çəkirdi şirəni güldən, çiçəkdən, Danışıq Vurğunun danışığıydı!

Ürək kövrələndə, gözlər dolanda, Uşaqlıq çağları tez xatırlanır. Keçdiyi yollara nəzər salanda Cığır yada düşür, iz xatırlanır.

Baş vurur uşaqlıq xatirəsinə, Qazax, Qarayazı düşür yadına. Dostlar səs verəndə onun səsinə Yenidən güc gəlir qol-qanadına.

Çıraq öləziyir, işıq sozalır, Azalmır, tükənmir sözü Vurğunun. Getdikcə gecənin ömrü azalır Daha da nurlanır gözü Vurğunun.

Duyğular sel kimi axır qanında, Deyir: – Dayağımdı bu sel, bu Vətən. “Hələ yer üzündə, insan yanında Deyib danışmaqdan doymamışam mən!”

Söz sözə qovuşur, söhbət söhbətə, Məclis hey özünə çəkir şairi. Ürəkdən bağlanır bu məhəbbətə Düşüncə şairi, fikir şairi.

Sevinən görəndə aşıb-daşardı, Sünbüllü, saçaqlı zəmiydi Vurğun. Qəmlənən görəndə ağırlaşardı, Qəm yükü daşıyan gəmiydi Vurğun!

Göz gözə bağlanıb, söz də ki, sözə, Şeir qıfıl olub, söz kəmənd olub. Söhbət bir ovsundu, məclis möcüzə, Duyan sehrlənib, görən bənd olub!

İnsafmı saatlar tez gəlib keçə, Şair könüllərə yaz gətirib, yaz. Faxralı kəndinin bir yanı köçə, Xəbəri vaxtında bilən tapılmaz!

Hacının anası Sənəm qarının, Bu gün qapısında toy-bayramıydı. Evində əyləşən qonaq-qaranın Hər biri gözündə yanan şamıydı.

Sığışmır sevinci bir belə kəndə, Axşamdan bəridir almır dincini. Analar belədir, qonaq gələndə Bölər, bölüşdürər öz sevincini.

Şair diqqət ilə baxanda ona, Elə bil sevincə qarışdı kədər. – Sənin ki, zəhmətin çox olub, ana, Niyə yatmamısan bu vaxta qədər?

– Vurğuntək qonağı olan bir ana Yerində dincəlib, yatmaz, ay oğul! Bir gecə gözlərim çimir almasa, Dünyanın bir yanı batmaz, ay oğul!

Təki sənin kimi qonağım gələ, Mənim də bir azca ömrüm uzana. Nə qədər xoşbəxtəm bu gündən belə, Şükür bu günləri bizə yazana.

Yaman incitdilər səni, can bala, Meylin nə çəkirsə hazıram, buyur! Ana qonağını çəkir suala, Qonaq zarafatla şeir oxuyur:

Acı sarımsaqlı, Yuxa yarpaqlı, Üstü cızdaqlı, Yanı araqlı Xəngəl pis olmaz!

Yadigar qalırdı bu söz, bu söhbət, Zamandan-zamana uzanasıydı. Analar gözündə sönməz məhəbbət, Hər ana Vurğunun öz anasıydı!

Vurğun dedi: – Söylə görüm, ay Hacı, Hanı mənim həsrətimin əlacı? Doymaz könül aşıq acı, el acı, Dilləndirə xəstəni də, sağı da, Aşıq gərək dərdimizi dağıda!

Bu torpağın hər damarı, hər qatı, Ulu səsli “Cəngi”, “Misri”, “Heyratı”! Bir ömürdü hər oxunan bayatı, Ruhumuz var oxşamada, ağıda, Aşıq gərək dərdimizi dağıda!

Qəmlənəndə göz yaşımız göllənib, Sevinəndə sevincimiz sellənib. O tellərdə dilə gəlib dillənib Günümüzün qarası da, ağı da, Aşıq gərək dərdimizi dağıda!

Tufan var ki, əsib keçməz uzaqdan, Başım çəkib, gözüm qorxmaz sazaqdan, Yanan çoxdu, su gətirin bulaqdan. Dərd istər ki, Vurğun boyda dağ uda, Aşıq gərək dərdimizi dağıda!

Hər görüşdə xalqa sevinc paylayan, Dərdi niyə gətirirdi dilinə? Axı onu qaldırmışdı bu dövran Şöhrətinin zirvəsinə, zilinə!

Bu torpağın işığıydı, nuruydu, Güvənmişdi qələm tutan əlinə. Böyük qəlbi saf sulardan duruydu, Dərdi niyə gətirirdi dilinə?

Bir insan ki, təbiətdən güc alıb, Təbi dönüb bu dağların selinə. El gözündə Qoşqar kimi ucalıb, Dərdi niyə gətirirdi dilinə?

Kül törəyər hər alışan ocaqdan, Xeyrin şəri, toyun yası varıymış. Nahaq yerə söz çıxmazdı dodaqdan, Hər kəlmənin öz əsası varıymış.

Sel dağların sinəsini oyantək Ağrı onu içəridən oyurdu. Bəlkə vaxtsız ağrı tapan bir ürək Sahibini yaşamaqdan qoyurdu?

Öz atını oynatsa da qarlı qış, Üşüməzdi qarın, buzun içində. Əriyirdi yaş əlliyə çatmamış, Üşüyürdü qırx doqquzun içində.

Qəlbə şübhə, gözə duman gətirib Uçururdu şeirimizin taxtını. Vaxtsız əcəl insafını itirib, Vurğun ilə keçirirdi vaxtını.

Bu dəm yenə xəyalından keçirdi: Dərd istər ki, Vurğun boyda dağ uda, Aşıq gərək, dərdimizi dağıda!

Kimsə səslədi birdən: – Yan durun, aşıq gəldi,

Elə yaraşıq gəldi. Üstünüzə gün doğsun, Gözümə işıq gəldi.

Aşıq Nəsib məhəbbətlə baş əydi, Sinəsində çarpazladı əlini. Bu məclisi, bu cəlalı görəndə Xoşbəxt saydı obasını, elini.

Hörmət ilə şair qalxdı ayağa, Salam aldı, salam verdi dostuna. Qəlbi döndü min çeşməli bir dağa, Elə bil ki, nur ələndi üstünə.

Arzusuydu çiçəklənən, güllənən, Aşıq Nəsib taleyindən razıydı. Bir dahinin eşqi ilə dillənən Borçalıda bu gün onun sazıydı!

Vurğun dedi: – Buyur görək, ay Osman, Söz sənindi, saz aşığın, el bizim. Elə çağla dilə düşsün bu dastan, Dövran bizim, meydan bizim, yol bizim.

Bir məclisdə əyləşib iki sənətkar insan, Biri yaşından qoca, biri yaşından cavan. Birinin tunc alnında qat-qat olub qırışlar, Birinin alnındasa nə qat var, nə qırış var. Birinin nəzərində hüdudsuz bir kainat, Birinin nəzərində elə bağlı bir həyat. Birinin səs-sorağı Londondan, Çindən gəlir, Birinin təmiz eşqi Dağ döşündə qaynayır, elin içindən gəlir! Vurğun Osmandan deyir, sənətdən söz düşəndə, Osman daşır, qaynayır, Səməddən söz düşəndə.

Hər ikisi nəğməkar, hər ikisi vətəndaş, Osman Vurğuna sirdaş, Vurğun Osmana qardaş. Bu məhəbbət, bu birlik Ləyaqətin, qeyrətin baldan şirin barıdır, Elə bil ki, bu dostluq Vaqiflə Vidadinin Yaratdığı dostluğun bənzərsiz təkrarıdır! Budağın barı çoxsa, hünər kökündür demək, Yaşaya bilmisənsə, Ömür gözəl ömürdür, gün gözəl gündür demək. Bu yollarda otuz il köhləni qoşa çapan, Əsl səadətini Elin qəlbində gəzib, xalqın içində tapan, Niyyəti təmiz olan, Adı, şöhrəti halal, eşqi bir dəniz olan, Şöhrətdən qaça-qaça şöhrətinə çatanlar, Ana laylası kimi ruhumuza yatanlar, Ucalığı, zirvəsi doğma ellərə bəlli, Bu Vurğun Səmədimiz, Bu Osman Sarıvəlli! Hər ikisi dinləyir elin sənətkarını, Şeirin bağbanı kimi dərir sözün barını. Aşıq Nəsib od olub, od qarışır simlərə, Vurğun deyir: – Yox daha Bir sözüm, ehtiyacım dərmana, həkimlərə! Hər sözdən ürəklərə bir toxumluq dən düşür, Söz qayıdır dünənə, söhbət keçmişdən düşür! Bir vaxt elə burdaca Meydan açıb, söz qoşub Çıldırlı aşıq Şenlik, Faxralı şair Nəbi, Onda da üzə gülüb, Onda da hasil olub elin muraz, mətləbi. Qurbanidən bağlama, Ələsgərdən qıfılbənd, Məclis bir ay uzana, doyası deyil bu kənd. Aşıq yenə dəyişir söhbətin axarını,

Sözü Osmandan açır, şeiri Vurğundan deyir, Məclis hər kəlməsinə “can” – söyləyir, “can” – deyir. Yenə “Müxəmməs” olur məclisin son naxışı, Yağır aşığın üstə, yağır “sağ ol” yağışı!

Deyəndə Nəbinin “Dünya” şeirini, Aşıq lap Vurğunu sehrləmişdi. “Tapar qiymətini, tapar yerini Elin sənətkarı ölməz” – demişdi! “Qılıncın qınsızdı, qolun qüvvətli, Baxmadın qocaya, cavana dünya!”

– Ay Osman, gör şair nə gözəl deyib, Ağlının barıdır, qəlbinin səsi. Çatdıraq ellərə, heyifdir, heyif, İt-bata düşməsin bircə kəlməsi.

Vaxtında olmasaq hər sözdən halı, Sözlər də qəmlənib bürünər yasa. Dili bağlı qalar, gözü qapalı, Yayılıb, səslənib dərk olunmasa!

“Oxucum, belədir aqil babalar, Bir dastan yaradır ikicə sözlə!” Əgər oğulsansa, bu dastanları Qoru oğul kimi ürəklə, gözlə.

Bu günün sabaha heç nəyi qalmaz, Qara bir daş olluq, quru bir kəsək. Kimə arxalanar bu söhbət, bu saz, Babalar deyənə qiymət verməsək.

Osman gülə-gülə deyir, ay Səməd, “Yenə şairliyin baş aparır, haa! Solarmı gözəllik, ölərmi qüdrət, Şeirinlə gedərik gələn sabaha!”

Qoşa bülbül kimi verir səs-səsə, Dost dostu dinləyir, qardaş qardaşı. Yüz yaşlı qoca da gəlir həvəsə, Atır qocalığı, unudur yaşı.

Xəyal qanadlanıb gəzər göyləri, İnsana aşılmaz dağlar aşdırar. Şeir bir loğmandır əzəldən bəri, Duyan könülləri cavanlaşdırar.

Qayalar başından səs yüksəlirdi, Çəkilib gedirdi dağların çəni. Dağlardan Şəmşirin ətri gəlirdi, Vurğun oxuyurdu: “Yada sal məni”.

Arabir havanı yarırdı əli, Ömrə yazılırdı “Bu saat, bu dəm”. Qaynar baxışları bayram məşəli, Vurğun oxuyurdu: “Mən tələsmirəm!”

Sərhədlər aşırdı fikri, niyyəti, Torpaq nəfəsiydi, bərəkət canı. Ruhunda bir xalqın mədəniyyəti, Vurğun oxuyurdu “Azərbaycan”ı!

Onun nəzərində seçilərdimi Alim kim, şair kim, çoban kimiydi. Bir şəxsiyyət kimi kiçilərdimi, Nə fərqi qoca kim, cavan kimiydi!

Hamı yüksələrdi eyni zirvəyə, Sanardın eynidir hamının yaşı. Yaradın, yaşadın, ucalın deyə, Sabaha səslərdi hər vətəndaşı!

Ömründə, günündə barı bir kərə, Heç yerdən biganə keçmədi Vurğun! Ayırıb çinlərə, vəzifələrə, İnsanı insandan seçmədi Vurğun!

Elin məclisindən ayaq kəsmədi, Həm yasda, həm toyda gördülər onu. Dağın görüşünə kim tələsmədi, Hər yerdə dağ boyda gördülər onu.

Faxralı kəndinin doğma məktəbi, Yenə ağzınadək dolub adamla. Elə bil hamının daşacaq təbi, Sevinci ümmandı, kədəri damla.

Şairin gözündə tükənməz varaq, Baxır bu torpağın körpələrinə. Oxuyur hər ömrü o varaq-varaq, Fikri, düşüncəsi gedir dərinə.

Baxır qaragözlü şən uşaqlara, Hər üzdə ağ gündən bir nişan görür. Fikri qanadlanır hey uzaqlara, Hər gözdə sökülən qızıl dan görür.

Uşaqlıq illəri, gənclik illəri, Yenidən canlanır xatiratında. Neçə il keçsə də o vaxtdan bəri, Hər günün çeşidi qalıb yadında.

Məktəb illərini həsrətlə andı, Alın düyünlənib çatılanda qaş. Gözünün önündə gəlib dayandı, Böyük bir müəllim, böyük vətəndaş!

– Şagirdi olaydım Firidun bəyin, Dünənki günlərim qayıdaydı kaş. Heyif, istəyini vermir ürəyin, Nə yersiz həyəcan, nə artıq təlaş.

Yaddaşın gücünə, qüdrətinə bax, Bir anda nələri gətirir yada. Həyat öz hökmünü yeridir ancaq, Zaman qayıdarmı xatırlansa da!

Fikirdən ayırır şairi səslər, Körpələr “Dağlar”ı əzbər oxuyur. Axdıqca ruhuna doğma nəfəslər, Qəlbində yenilməz bir qüvvət duyur.

“Balalar quş kimi verir səs-səsə”, Danışır Şəmistan, Bəxtiyar, Cəlal. Qoşa qanad olur dinləyən kəsə, İnsanı göylərə qaldırır xəyal.

Şeir demək üçün çəkilən hər ad, Elə bil məclisin qəlbi, canıdır. Eldarla Şahsuvar, Vaqiflə Fərhad, Hər biri şairin qəhrəmanıdır!

Bu nə xoş saatdır, bu nə əziz gün, Haqqım var, eşqinə dəli çay desəm. Vurğunun ömrünü uzatmaq üçün Yüz Humay səs verər, bir “Humay” – desəm!

Sığmır duyğuları misraya, bəndə, İlhamsız ötüşmür bircə anı da. Şair seviləndə, şair sevəndə, Şairtək sevilir qəhrəmanı da!

Üzlərdən nur yağdı, gözlərdən işıq, Yetişdi yerinə elin arzusu. Yurdun tarixinə vüqar, yaraşıq, Məktəblə məktəbin görüşüydü bu.

Özümü o yerdə bəxtəvər sayıb, Qəlbim yollarında yandırardı şam. Niyə o günlərə yaşım çatmayıb, Niyə o görüşdə mən olmamışam!

Özümü arxalı bir dağ sayardım, Saçının ağlığı qarım olardı. Onu torpaq kimi qucaqlayardım, Varlığı çiçəyim, barım olardı!

O sənət tanrısı əsirgəməzdi, Şirin söhbətindən dad götürərdim. Elə ki, gözləri üzümdə gəzdi, Odlu baxışından od götürərdim.

Çəkib ciyərimə gur nəfəsini, Udardım, içərdim hava, su kimi. Qəlbimə yazardım hər kəlməsini, Bülbülün ən şiri avazı kimi.

Özümdən xəbərim olmazdı mənim, Bir də görərdim ki, dolub daşmışam. Vurğuna dönərdi çölüm, çəmənim, Bir də görərdim ki, Vurğunlaşmışam.

Zamanı yolundan kim saxlardı, kim, Yazan da, pozan da onun əliydi. Ya mən bu dünyaya tez gəlməliydim, Ya o bu dünyadan gec getməliydi!

Yetə bilməsəm də bu səadətə, Mən də öz şeirimlə muraza çatdım. Baxıb sənətinə, düşüb heyrətə, Vurğuna qəlbimdə heykəl yaratdım.

Gözümdə gül açıb arzu da, kam da, Nə dərdim, düşsə də saçlarıma dən. Onun sağlığında yaşamasam da, Onun zamanında yaşayıram mən.

Sınaqlardan keçir hər şərəfli yol, Eşqi böyüklərin ölməz adı var. Zəlimxan, qəm yemə, sən arxayın ol, Bu xalqın yaşatmaq istedadı var!

Yetirdi özünü ayrılıq çağı, Kövrələn gözdürsə, dolan ürəkdir. Gördü yola düşür elin qonağı, Yenə Sənəm qarı bayatı çəkdi.

Dəryada dəryalıqlar, Suda oynaq balıqlar. Görüşlər nə gözəlmiş, Olmasa ayrılıqlar.

Kövrəltdi şairi qoca Borçalı, Ürək “getmə” – dedi, vaxt “gedək”, – dedi. Elə bil hamının fikri, xəyalı “Ömür qısa olur, vaxt gödək”, – dedi.

Yarımçıq yazılar, böyük qayğılar, Çəkdi sənətkarı Bakıya sarı. Yoluna nə qədər göz dikənlər var, Vurğunla bağlıdır çox arzuları.

Biryolluq “sağ ol”un deyib getmədi, Dünyanı sevincə bələdi getdi. Bir qismət çörəyi yeyib getmədi, Çoxunu çörəkli elədi getdi.

Dildə tükənməyən sözü, söhbəti, Eldə naxışları, izləri qaldı. Çəkilməz olsa da şair həsrəti, Təsəlli, yadigar sözləri qaldı!

Arzular, diləklər döndü bir neyə, Ölüm ürəklərin eşqini qırdı. “Vurğunu dağlara çağıraq”, – deyə Başkeçid görüşə hazırlaşırdı!

Danışım hansını, deyim hansını, Dünyada dünyalar tapardı Vurğun. Bəlkə də “Borçalı” poemasını Qəlbində torpağa apardı Vurğun!

SON SÖZ

Vurğun deyib saf duyğular göz açar, O, tarixdən, tarix ondan söz açar. Yaddaşlarda cığır salar, iz açar, Borçalıda qalan izlər pozulmaz!

Qarlı qışın sərt tufanı qopsa da, Dəli şimşək sal qayanı çapsa da, Yağış olub göylər yerə hopsa da, Borçalıda qalan izlər pozulmaz!

Belə görüş, belə söhbət, belə saz, Hər torpağın qismətinə yazılmaz. Vurğun olub Borçalının vurğunu, Borçalıda qalan izlər pozulmaz!

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.