Əsas məzmuna keç

Poema

Xalqın ehtiyacı var

Zəlimxan Yaqub

1

XALQIN EHTİYACI VAR

Elin dar ayağında, Xalqın haqlı günündə, Müqəddəs duyğuların Boğanaqlı günündə, Öldürülmüş hislərin Dirilən vədəsində, Əsəblərin sim kimi, Gərilən vədəsində, Xalqın ehtiyacı var, Əsil Vətəndaşlara! Döyünən ürəklərə, Düşüncəli başlara! Xalqın ehtiyacı var, Hava kimi, su kimi, Ən böyük bir həqiqət, Ən şirin arzu kimi, Yaşayan oğullara! Çiynində el yükünü Daşıyan oğullara! Bir az sərt, bir az dəli, İnamlı, əqidəli, İnadıyla dağ yarıb, Daş oyan oğullara! Arxalı köpəklərin Dişini qırmaq üçün Güc gərək, kömək gərək Yalqızlara, təklərə. Xalqın ehtiyacı var, Bugünkü Babəklərə! Böyük imkanlı “dostlar”

Böyük həqiqətimi Bürüyürlər pərdəyə. Xalqın ehtiyacı var, Ən güclü şəxsiyyətə, Ən böyük sərkərdəyə! Gör nələr deyilmədi Xalqımın ünvanına. Öz evimin içində Qaçqınam, didərginəm! Dəniz qədər tufanlı, Çaylar qədər gərginəm! Bu gün yaman durublar Dilimin, tariximin, Millətimin qəsdinə. Vallah, mənə baxanda Min şükür Afrikaya, Min şükür Fələstinə! Hər deyilən nahaq söz, Ürəyimi yandırır. Gör düşmən nələr deyir, Özü inanmasa da, Özgəni inandırır. Olan ancaq o olub, Mən heç mən olmamışam! Mən torpaq olmamışam, Mən Vətən olmamışam! Olmayıb bu dünyada Nizami Gəncəvi də, Məhəmməd Füzuli də! Dünyanı sehrləyən Füzulinin dili də! Dünənimin qeyrəti Dədə Qorqudum da yox. Bu günümün şöhrəti Alovum, odum da yox.

Pay-pay böldülər məni, Payımı gizlədilər. Oxumu atsalar da, Yayımı gizlədilər. Neçə dəfə saydılar, Sayımı gizlədilər. On səkkiz milyon nədir, O tayda lap az oldum. O qədər saydılar ki, Axır sayılmaz oldum. Zarafata salıblar Taleyini millətin. Bu ağır zarafatdan, Yaxa qurtarmaq çətin. Qumara qoyulmuşam, Qumarbazlar əlində. Azım çoxlar əlində, Çoxum azlar əlində. Düşünürəm, görəsən Nədir mənim günahım? Bəlkə əliaçıqlığım, Səxavətim günahkar? Bəlkə ədalətsizə Ədalətim günahkar? Bəlkə də həqiqətin, Düzün günahkarıyam? Adı “ənəlhəqq” olan Sözün günahkarıyam? Bəlkə zamanın özü Meydan açır əyriyə? Geniş meydan verir ki, Xəyanət at oynada, Həm yeyə, həm səyriyə? Yox, bu daha ağ olar, Nahaqqa meydan verib, Haqqı alçaltmaq olar!

İnandığım həqiqət Mən səni tanıyıram, Sən alçalan deyilsən. Boş şöhrətə, alqışa Çəpik çalan deyilsən. Xəyanətin bağrına Saplanan bir süngüsən! Sən Koroğlu qılıncı, Sən Fərhad külüngüsən! Xalqımın tarixində Sənə qaralar yaxan Neçə namərd görmüşəm. İt hürər, karvan keçər, Qranit qayalartək Mən səni sərt görmüşəm! Mən sənə güvənmişəm, Həqiqətin gəncliyi, Gəncliyin həqiqəti, Çaşma yolundan qəti. Bu günün gənci kimdi, Sabahın ağsaqqalı! Gəlin, daha birləşək, Olaq dünəndən halı. Gəlin, Təbrizdən əvvəl Özümüzdə birləşək, Gözümüzdə birləşək. Cənginin səslədiyi Doğma səsdə birləşək. Bir canda, bir ürəkdə, Bir nəfəsdə birləşək. Kökümüz bir olubsa, Soyumuz bir olubsa, Havamız bir olubsa, Suyumuz bir olubsa, Niyə bizim işimiz, Sözümüz bir olmasın?

Nə üçün astarımız, Üzümüz bir olmasın? Nə üçün avandımız, Tərsimiz bir olmasın? Yazılan kitabımız, Dərsimiz bir olmasın! Bu gün də birləşməsək, Birləşməyə çağıran Yolu fikirləşməsək, Yönü fikirləşməsək, Onda yenə artacaq Gündən-günə səhvimiz. Səhvimizin nöqtəsi Birdəfəlik məhvimiz! Boylananda arxaya, Babəkin səhvinə bax! Getdi, Səhl-Sumbatı Özünə dost elədi. Səhl-Sumbat Babəkə Dağ çəkdi, qəsd elədi! Xətai boyda dahi Şərəfimi, adımı, Göylərə qaldıranda, Bircə səhvin ucundan Vuruldu Çaldıranda! Bölündük, parçalandıq Neçə-neçə xanlığa! Başımız hazır oldu Həmişə qurbanlığa!

Səttarxan səhv elədi, Şah sözünə aldanıb Tehrana qayıdanda. Ən böyük əməlləri Satqınlığın əliylə Batdı qırğında, qanda!

Burda çar ayaqladı, O yanda da şah məni! Dünənki səhvlərimdən Dərs götürə bilməsəm, Bugünkü səhvlərimdən Saxlasın Allah məni! Dərman əlac eləmir Qəlbə düşən xallara! Xalqın ehtiyacı var, Əsl ağsaqqallara! Ağsaqqalın sözünün Oduna ehtiyac var, Qoruna ehtiyac var. Ağsaqqalın üzünün Nuruna ehtiyac var!

Ağsaqqala ehtiyac, Təəssüflər yaradan Qəlbin ahından doğur. Dumanlı keçmişlərin Min günahından doğur. Nurla dağıtmaq gərək Qatılaşan dumanı. Buludlar çəkiləndə Vətənin göylərindən Yenə şimşəklər bizə Verməyəcək amanı. Əgər yoxsa başçımız, Əgər yoxsa başımız, Onda bədən neyləsin. Qoruya bilmədiksə Şərəfini, adını, Buna torpaq neyləsin, Buna Vətən neyləsin!

Bizə ağsaqqal gərək, Yurdu yada verməsin! Bizə ağsaqqal gərək, Xalqı oda verməsin! Xalqı qana, qırğına, Dərdə, oda verməsin! Bizə ağsaqqal gərək, Qiblə bilək, and içək, Qeyrətinə, adına! Gənclik dara düşəndə Çatsın onun dadına! Bizə ağsaqqal gərək, Biz döyüşə gedəndə O, bizə səngər olsun! Cövhərində kişilik, Sözündə ləngər olsun! Adı çəkilən kimi, Buyruğuna, əmrinə Ellər səfərbər olsun! Bizə ağsaqqal gərək, Güvəndiyi həqiqət, Dayağı bəşər olsun!

19

Zəlimxan Yaqub
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.