Cavidin qız balası
CAVİDİN QIZ BALASI
Turan Cavidə
Onda lap uşağıydı, Uşaq ağlı dünyanı təzə-təzə kəsirdi. Bəxtinə qənim olan, Acı yellər yoxuydu, Dəli sellər yoxuydu, Başının üstündən yaz küləyi əsirdi. Onda hələ yoxuydu saçlarının gümüşü, Onda ətir saçırdı dodağının gülüşü. Çöldə, bağda, bağçada qayğısız uşaqlığı, Evdə ata əlinin sığalı, yumşaqlığı. Böyüdürdü körpəni hər gün qəmsiz, kədərsiz, Yumruq boyda ürəkdə sevinc vardı qədərsiz. Tanımırdı həyatda nə nisgili, nə yası, Cavidin qızılgülü, Cavidin qız balası!
Gözü-könlü, dünyası min bir diləklə dolu, Ürəyi saf şeirlə, şeiri ürəklə dolu, Ata varıydı, ata! Çağırırdı qızını, Nurlu bir gələcəyə, işıqlı bir həyata! Turan qoymuş olsa da körpəsinin adını, “Nənəsim” – deyə-deyə, Öpər, əzizləyərdi, oxşardı övladını. Turan da həvəsindən sığışmazdı aləmə, Ürəklər şad olanda sevinc gəlməz qələmə! Səsdən qüvvət alardı, sözdən xumarlanardı, Gülün ləçəyi kimi, Ata-ana əliylə tez-tez tumarlanardı.
Min arzuyla açardı hər açılan səhəri, Xəyalın qanadında, Uçardı gələcəyə, Dumanlı sabahından, Ağır gələcəyindən olmasa da xəbəri.
Körpə hardan biləydi gələcək nə cür gəlir, Rahat gəlir, kür gəlir?! Körpə nə biləydi ki, Ata əlindən tutub məktəbə getməyi də, Məktəbdən gəlməyi də, Küsüb ağlamağı da, danışıb gülməyi də, Əsl səadət imiş, əvəzsiz bir səadət! Körpə nə biləydi ki, Qapının ağzındaca, Güdür onu faciə, pusur onu fəlakət. Körpə nə biləydi ki, Həyatın yollarında xeyir varsa, şər də var. Atalı günlər kimi, Onun tale payında atasız günlər də var! Yaşayırdı hələ ki, Gözləri göz yaşından, könül qəmdən xəbərsiz, Baxışlar çən-dumandan, yanaq nəmdən xəbərsiz, Ürək ahdan, amandan, can sitəmdən xəbərsiz.
Evlərində hər gecə yanan işıq varıydı, İşığın yaratdığı bir yaraşıq varıydı. Evlərində hər gecə yanan ocaq varıydı, Bu ocağın başında, Xalqına şöhrət olan, Əvəzsiz bir xəzinə, Tükənməz nemət olan neçə qonaq varıydı! Burda Şaiq əyləşər, Əhməd Cavad gələrdi, Müşfiqin gəlişiylə Deyilən hər kəlməyə təzə həyat gələrdi!
Əsəblər gah dincələr, gah da ki gərilərdi, Xoş arzular bağından meyvələr dərilərdi. Qanadlar açılardı, Duyğular saçılardı. Bunları görə-görə, bunları duya-duya, Gah dalardı xəyala, gah gedərdi yuxuya. Şeirlə yatar, durar, sözlə əzizlənərdi, Damla boyda sevinci coşub dənizlənərdi! Şahbudağın qönçəsi, göy çəmənin lalası, Cavidin sonbeşiyi, Cavidin qız balası!
Gecənin bir aləmi qapıları döyüldü, Yox, deyəsən bu xına o xınadan deyildi. Gələnlər kimlərdisə qonağa oxşamırdı, Onda vaxt eləydi ki, Bircə səsdən ürəyə min bir şübhə damırdı! Adam yeyən əlindən, Qapı döyən əlindən evlər gələrdi təngə, Hər gecə ağız açıb, Dönərdi əjdahaya, çevrilərdi pələngə! Girərdilər içəri, Baxışları buludda, Dodaqları sükutda, Üzü boz, sifəti sərt, Başdan-ayağa namərd! Evyıxan, buyruqqulu, Gəlsə elə gələrdi, Kimi yatmış olardı, Kimi yarıyuxulu! Həyatın düşmənləri, Həyatın dostlarına neçə qəbir qazdılar, Ayılıb düşünənə ölüm hökmü yazdılar. Bu fürsət yoxsulları, Yatanı ayılmağa ömründə qoymazdılar! Gecələrin birində, Bax beləcə döydülər qapısını şairin.
Bu zaman yan otaqda yatırdı şirin-şirin, Açılan sabahından ağır zərbə alası, Şairin ər çiçəyi, Cavidin qız balası!
İllər tufana döndü, çaxdı ildırım kimi, Sinələr dərd əlində açıldı şırım kimi. Döyülməzdi, döydülər! Əyilməzdi, əydilər! Bəlkə də həqiqətin Kökünü kəsərdilər, Alçaqlar ucalarla bacara bilsəydilər! Şimşəklər şığıyanda, Söyüd qaldı kölgədə, Palıd qaldı kölgədə, zərbə palıda dəydi, Namərd yana çəkildi, mərdə min qada dəydi! Hər qasırğa qopanda neçə gəmi batırdı, Hər dalğanın içində bir əjdaha yatırdı! O yedikcə insanı, dişində şirə qaldı, Ağrı, nisgil, intizar, acı xatirə qaldı! 37-ci ildən Sonra gələn illərə, Ağrı, nisgil, intizar, acı xatirə qaldı! Dağdan bir qaya kimi qopardılar Cavidi! Gecələrin birində apardılar Cavidi! Nələr gördü dünyadan gözü eynəkli Cavid, Nadanlar tənəsindən qəlbi göynəkli Cavid! Sıxdı şair qəlbini qara əllər, pəncələr, Başladı, nə başladı əzablar, işgəncələr! Böhtan işini gördü, Tufan işini gördü, şair getdi sürgünə, Həqiqət çox can atdı, Çıxammadı bir yana, çıxammadı bir günə. Yağış kimi, qar kimi dərd üstə dərd ələndi, Xəyanət taxta çıxdı, həqiqət pərdələndi!
Onda beləydi dünya, Yağlı dillər varıydı, qırx qazana çalası! Nə çəkdi dildən çəkdi, Fitnədən, feldən çəkdi. Cavidin ərköyünü, Cavidin qız balası!
Şair getdi sürgünə, Neçə yarımçıq qalan əsərindən nigaran, Canı qədər sevdiyi, Kitabından nigaran, dəftərindən nigaran! Arxasının dayağı bir oğuldan nigaran, Hələ tələbə olan Ərtoğruldan nigaran. Ömrünün yaraşığı Müşkünazdan nigaran, Gözlərinin işığı dərdli qızdan nigaran! Nigaran getdi Cavid yurdundan, yuvasından, Ürəyi şan-şan oldu ayrılığın yasından. Nöqtəsi qoyulmamış neçə əlyazması var, Onların hər birində, Dünya boyda sevinci, dünya boyda yası var. Düşündü öz-özünə: “Görən “Xəyyam” bircə yol səhnəyə çıxacaqmı? “Telli saz”ım, “Knyaz”ım mənsiz darıxacaqmı? Görən “Topal Teymur”a Yenə toxunacaqmı ağlı, qəlbi çolaqlar?! Yenə vurulacaqmı, Əsl bar ağacına cır meyvədən calaqlar?! Uçurumdan yazırdım, Qismətə bax, özüm də uçurumlar qaşındayam! Əlli yaşı keçmişəm, yüz əlli yaşındayam”. Yaman sıxdı Cavidi amansız düşüncələr, Bir şair ürəyində daşınan qayğıları, Qarlı bir dağa yığsan dağ yanar, daş incələr! Düşündürür şairi əlyazmalar, kitablar, Gündən-günə çoxalır, Ruhunda çırpıntılar, qəlbində iztirablar.
Suallar yığın-yığın, Kimdən soruşmaq olar, sükutdadır cavablar! Şair getdi qatarda işıqdan qaranlığa, Ömrü-günü tuş oldu böyük nigaranlığa. Turan öz atasını tez-tez görür yuxuda, Hey çağırır, yalvarır, Haraya yetmir Allah, köməyə yetmir Xuda! Nə qədər ömrü var, Yollara göz dikəsi, fikri yolda qalası, Şairin ümid yeri, Cavidin qız balası!
Arabir məktub gəlir, Dünyanın o başından dünyanın bu başına, Müşkünazın adına – yarına, yoldaşına! Kağızlar parça-parça, sətirlər qırıq-qırıq, Yazanın yazısında, Görüşməyə bir ümid. Oxuyanın qəlbində fəryad, nalə, hıçqırıq. Hər məktubun sonunda, Turanını tapşırır yeganə qardaşına, Evdən gedən nə bilsin, Evdə qalan nə bilsin nələr gəldi başına! Arabir məktub gəlir, Məktubun üzərində ünvan: MAQADAN–BAKI! Həsrətdir, intizardır, Hər sözün qəlbindəki, hər sətrin başındakı. Sahibinin göz yaşı, könül səsi olsa da, Ümid, təsəlli vermək vəzifəsi olsa da, Məktub insan deyil ki, nəfəsi yox, canı yox, Danışmağa qüdrəti, dinməyə imkanı yox!
Buz oldu ata yeri, Bəllidi xata yeri. Məktublar selə dönsə, Heç verməz ata yeri.
Ən böyük dəhşət nədir? Əziz bir adamının, Yollarına göz dikib intizarla gözləmək! Eşqini ürəyində, Adını dodağında, Yaralı bir ney kimi oxşamaq, əzizləmək! Ən böyük dəhşət nədir? Ovu ələ keçməyən, Yorğun ovçular kimi, Yolu, izi, cığırı izlədikcə izləmək! Birən gəlib-keçəndə, “Xəbərim olmaz” – deyib yolları təmizləmək! Dərdin dağ ola-ola, Nə yaxına, nə yada, Ürəyini açmamaq, kədərini gizləmək! Ən böyük dəhşət nədir? Tənhalığın əlində, Saniyənin saata, ayın ilə dönməsi! Ocağın ola-ola, Üşüməyin, donmağın, Günəşin ola-ola işığının sönməsi! Ən böyük dəhşət nədir? Bir insan ömrü qədər həsrətin uzanması! Arzuların puç olub, ümidlərin yanması! Nisgilli baxışların qapıya dikilməsi! Təbəssümün, gülüşün, Yağlı bir əppək olub göylərə çəkilməsi!
Mən aşıq, gözdə qara, Sürmədən göz də qara. Yollarına baxmaqdan Qalmadı gözdə qara.
İlk dəfə kim oxuyub görən bu bayatını, Silkələyib naləsi göyün yeddi qatını.
Oğulumu çağırıb, Qardaşımı, Ərimi? Dünyanın bir bu qədər çəkilməz dərdi varsa, Nə yaxşı qoca dağlar gilə-gilə ərimir?! Bu dərdi çəkə-çəkə Dirsəkləri dizində, Əlləri çənəsində, Zaman-zaman düşünüb xəyallara dalası, Cavidin həsrətlisi, Cavidin qız balası!
Ağrılar ayağında, sərt tufanlar başında, Cavid köçdü dünyadan yaşamalı yaşında! Qazdılar məzarını, Doğma torpağında yox, Sibirin sinəsində, Sibirin sərt qışında. Dərdindən, dərmanından xəbərimiz olmadı, Sızıldayan canından xəbərimiz olmadı! “Sızıldayan” sözünü deyən düz işlətmədim, Cavid bir kişi kimi, Kişilərdən danışdı, Kişilik haqda yazdı. O ölüm ayağında heç vaxt sızıldamazdı! Cavidim can verəndə, “Vaxtın tamamdır”, – deyib, Ölüm fərman verəndə, Dilində kəsik-kəsik, Doğranan sözlərindən xəbərimiz olmadı! Göməşən ayağından, Göynəyən dizlərindən xəbərimiz olmadı! Allah tutdu elə bil, Gözümüzü bağladı, Tutulan gözlərindən xəbərimiz olmadı! Ürəyindən nə keçdi, son nəfəsdə, son anda,
Kim yetişdi hayına, Qarın, buzun içində üşüyəndə, donanda! Qəmli-qəmli baxanda qırılmış qanadına, Kimləri xatırladı, kimlər düşdü yadına? Kim keçdi xəyalından – dostumu, düşmənimi? Kim oldu xoşbəxtliyin qapısını bağlayan, Kim oldu ağ günlərin qaniçəni, qənimi? Yetişən olmasa da harayına, ününə, Bakını xatırlayır, Doğma Naxçıvan gəlir gözlərinin önünə. Gör neçə illər keçib, Bakıdan xəbəri yox! Azərbaycandan ayrı axşamı, səhəri yox! Azərbaycanın necə, Görən varmı xəbəri, oğlu Cavid hardadı? Gecə-gündüz xəyalı göylərlə qucaqlaşan, İlhamı aşıb-daşan, İstedadın sahibi azaddır, ya dardadı! Cavid can üstündədir, qalıb darda çırpınır, Özü harda keçinir, fikri harda çırpınır. Sualların hər biri əlçatmaz dağa dönür, Bəxtinə yağış yağır, gözü bulağa dönür. Düşünür, hey düşünür, Görən, Turan həkimlik məktəbinə girdimi? Ərtoğrul məktəbini, Arzu etdiyitək əlaçı bitirdimi? Görəsən, harda qaldı Müşkünazın axırı? Onun çiyninə düşdü qayğıların ağırı. Görən, yenə vədəsiz döyülürmü qapılar? Hər döyülən qapının gecələr arxasında, Neçə könül yarılar, neçə könül çapılar?! Çəkir sorğu-suala, Yerdəki bəndəsini, göydəki Allahını, Biləmmir təqsirini, biləmmir günahını! Buluda qarışdırır, Canının yanğısını, ürəyinin ahını, Tapammır günahını!
Qarışıq salıb daha, Dumanlı keçmişini, qarışıq sabahını, Tapammır günahını! Cavid ata! Bağışla, mən deyim günahını, Sən doğru danışdığın sözün günahkarıydın. Əyrilər tanıyırıq, Lap bu gün də yaşayır, Sən isə həqiqətin, düzün günahkarıydın! Nəydi bəs Nəsiminin suçu, günahı nəydi? “Ənəlhəq” söylədiyi bir kəlmə sözün üstə, Cəllad xətrinə dəydi, zaman qəlbinə dəydi. Cordano Brunonu alovun qızıl dili, Böyük əqidəsindən əyə bilmədi qəti. Lap bu gün də yaşayır, Sabah da yaşayacaq Qaliley həqiqəti! Heç vaxt barışa bilmir həqiqətlə xəyanət, Xəyanətin önündə Kişiyə bir şey qalır: mərdlik, dözüm, dəyanət! Cavid ata! Heyif ki, Özün görə bilmədin, Aldın bəraətini 56-nın yazında. Döndün şeirə, nəğməyə, Şairlərin sözündə, aşıqların sazında. İnandığın həqiqət, Axır ki, üzə çıxdı, haqqın səsi batmadı! Bu günləri görməyə heyif, ömrün çatmadı! Gözümüzün önündə, Xalqın dostuna döndü “xalq düşməni” olan kəs, Sən bir də təsdiqlədin, Öldürəmmir şairi, Susdurammır nəğməni nə sürgün, nə də məhbəs! Nə yaxşı ki, həyatda, Can torpağa dönsə də, ruh, ölmür, nəfəs ölmür! Yaddaşlara yazılır, nəğmə susmur, səs ölmür! Gedən gedir dünyadan, Qalanın ürəyində məhəbbət, həvəs ölmür!
Dərd didərgin salsa da bir yenilməz ordunu, Vurub dağıda bilməz sənətkarın yurdunu! Əsl sənət oğlunu Vaxtsız öldürsələr də, Onun ölümsüzlüyü bir yerdən nişan verər! “Könül var ki, alov kimi vulkan saçar hər yana, Haqq söyləyən ilhamları ölmüşlərə can verər! Bir gün onu söndürüb də anarlar yana-yana, Yalnız sovrulmuş külləri məzarlara şan verər!” Dözülməz təhqirlərə sinəsi hədəf oldu, Cavid özü demişkən, Öldü, ölümüylə də torpağa şərəf oldu. Turan ata yurdunun ocağıdı, qorudu, Atasının adını təhqirlərdən qorudu, tənələrdən qorudu. Oldu ismət qalası, Oldu qeyrət qalası. Cavidin cəfakeşi, Cavidin qız balası!
Uddu Ərtoğrulu da bir gün qanlı cəbhələr, Tanımasın dünyada, Heç kəsin qapısını acı rüzgar, bəd xəbər! Tanıdısa – qəlbini pencər kimi sıxacaq, Gəlib-gedib axır ki, axırına çıxacaq! Ərtoğrulu həyatdan, Faşistin süngüsü yox, Düşmənin gülləsi yox, Ciyərində kök atan ağrı, vərəm apardı! Daşıdığı ağır yük, çəkdiyi qəm apardı! Dəmir deyil, daş deyil, Buna ciyər neyləsin, buna ürək neyləsin, Min dərd hücum çəkəndə bir adam tək neyləsin. Cavid kimi atanı itirmək asandımı? Məlhəmsiz yaraların ağrısı susandımı?
Ata faciəsini, Ana fəlakətini, Bacı sızıltısını, Qardaş müsibətini, Ellərə yaymaq üçün, Açmışam ürəyimi, vermişəm qələmə sirr, Yazmağı bacarmıram, əlimdə qələm əsir! Tez getməsə həyatdan Ərtoğrul ər olardı, Möhnətə sinə gərib dərdə çəpər olardı. Rəssam ola bilərdi, Dünyanı naxış-naxış bəzəyərdi fırçası, Yaratdığı lövhələr, Olardı təbiətin bir müqəddəs parçası. Şair ola bilərdi, misralar dolu, dəli, Yazdığını yazardı inamlı, əqidəli! Enərdi şeirimizdə enilməyən qatlara, Uçardı, güvənərdi qırılmaz qanadlara! Üzeyirin, Bülbülün istəklisi, əzizi, Bir bəstəkar olardı, Səsi səslər içində həmişə var olardı! Çox şey ola bilərdi, Od üstünə qar yağıb keçməsəydi gur ocaq. Ərtoğrul bu həyatda, Bir çaxım şimşək ömrü yaşaya bildi ancaq! Bacılar çəkə bilməz, qardaş dağı yamandır, Qardaşsız bacıların qəlbi qırıq kamandır! Ata dərdi azıymış, Turan gördü indi də qardaşının dağını, Dilində dağ elədi can yandıran ağını.
Bu ocağa gəlin gəlməz, Vayım dönməz toya, qardaş! Bir həsrətdi, bir də mənəm, Vermişik boy-boya qardaş! Bu ocağın qızı köçməz, Zəhər içən şərbət içməz!
Bu dünyanı gözüm seçməz, Çatan olmaz hoya, qardaş! Ayrılıq, dərd, həsrət, zülüm, Söndü odum, qaldı külüm. Məni də aparar ölüm, Bəlkə gözü doya, qardaş!
Səhəri axşam oldu, gündüzü zülmət gecə, Bu dözülməz itkiyə, Bu çəkilməz ağrıya, İyirmi yaşlı bir qız necə dayansın, necə?! Ömrü boyu dünyada qəm sazını çalası, Yurdumun qəmgin qızı, Cavidin qız balası!
Bir ocağın odunda, İsidərdi qəlbini, qızdırardı əlini, Gəlin ola bilərdi, bir ananın gəlini. Ana ola bilərdi, Çəkərdi körpələrin qayğısını, nazını, Görməsəydi rüzgarın qarını, ayazını. Bir xoşbəxtlik tapardı hər körpənin səsində, Həyat üzə gülərdi ananın nəfəsində. Beşik yırğalayardı, allı-güllü bir beşik, Nəğmələrlə dolardı həyat, baca, ev-eşik. Dilində bala dönər şirin sözlər, kəlmələr, Əziz balalarına layla çala bilərdi. Laylalar qanadında, Səadət uçub gələr, bəxt ucala bilərdi. Dadardı bu dünyanın ləzzətindən, dadından, Alardı təsəllini oğlundan, övladından. Görün nədən danışıram, nədən söhbət açıram, Bədbəxtlik olan evdə xoşbəxtliyin adından!
Gedən qardaş qayıtmaz, Gedən ata qayıtmaz. Bu həyatdan gedənlər, Bu həyata qayıtmaz!
Baxmaz qıza-oğula, Dönər qəmli nağıla. İstər dünya dağıla, Dünya bata, qayıtmaz!
Nə çəkibsə dünyada on dörd yaşından çəkib, Ona elə gəlir ki, on dörd yaşından deyil, Yaranışından çəkib! Qəlbini heç kəsə yox, o ancaq qəmə verdi, Sükuta, sakitliyə, yasa, matəmə verdi. Çoxunun ürəyindən arzu kimi keçsə də, O, heç kəsə sevgili, heç kəsə yar olmadı! Sevgisi buza döndü, eşqi bahar olmadı! Niyə bu yolu seçdi, görəsən, Turanımız? Küskün bənövşə kimi boynunu buranımız! Bu gün yaşayan nəsil Cavidi görəmmədi, Heç olmasa Cavidin nəvəsini görərdi! Nəslinin davamını, Cavidin oxşarını, əvəzini görərdi!!! Bir də, Turan neyləsin? Keçmişi itən kəsin, Böyük gələcəyinə ümid yeri vardımı? Etiqad yaralanıb, əqidə sarsılanda, Ümidə, təsəlliyə bir imkan qalardımı?
Mən nə hayda, o nə hayda, Məsləhətdən nədir fayda. Fəlakətlər daşan çayda, Üzən xoşbəxt olardımı?
Sirdaş olub hər əzaba, Dönüb bağlı bir kitaba, Göz yaşını qabdan-qaba, Süzən xoşbəxt olardımı?
Gedən gəlməz olan yerdə, Tale gülməz olan yerdə, Dərd dözülməz olan yerdə, Dözən xoşbəxt olardımı?
Kimi sayaq günahkar? Yanaqların gülünü yaş soldurdu, nəm yedi, Ürəyin həvəsini kədər uddu, qəm yedi. Ömrün təravətini, Qəlbin səadətini kim taladı, kim yedi?! Qardaş yası saxladı, ata yası saxladı, Qəm onu qucaqladı, o, qəmi qucaqladı! Beləcə ömür sürüb, Yavaş-yavaş saralıb, yavaş-yavaş solası, Cavidin cəfakeşi, Cavidin qız balası!
Həsrət qaldı ömürlük, Dilbər öz Müşfiqinə, Müşkünaz Cavidinə, Şükriyyə Cavadına! Bu otuz yeddinci il, Silinməz bir ləkədir, İlin, ayın, zamanın ünvanına, adına! Nəydi, günahı, nəydi? Neçə qəlbi təmizin, bədbəxtin, günahsızın? Yol gözləyən ananın, gözü yol çəkən qızın? Otuz yeddinci ildə toylar, nişanlar olub, Şadlığın şiddətindən qanı coşanlar olub. Toy şamını yandırıb sevənlər, sevilənlər,
Dövran sürmək istəyib, Bu həyatın qədrini həyat qədər bilənlər. Nəsillər arasında salıb təzə körpülər, Gəlib dünya üzünə şirin-şəkər körpələr. Onda da Günəş doğub, Onda da işıq saçıb, nur çiləyib dan yeri, Ocaq kimi alışıb göyün qızaran yeri. Onda da sarı bülbül nəğməsini oxuyub, Onda da yaşıl çəmən xalısını toxuyub. Onda da torpağında açıb qızıl lalələr, Dağların eşqi kimi, Dağlardan saçaq-saçaq tökülüb şəlalələr! Bəxtə bax ki, bunların heç biri düşmür yada, 3 rəqəmi gözə görünən kimi, Yada düşür ayrılıq, ölüm, sürgün, qan-qada! Qəbri, yeri, ünvanı itənlər yada düşür, Bağrımızın başında, Həsrət ağacı kimi bitənlər yada düşür. Elə bil ki, o zaman, Nə insan ürəyində bir damla sevinc olub, Nə könüllər arxayın, nə qulaqlar dinc olub. Səksəkənin, təlaşın, Təhlükənin əlində adamlar gülünc olub! Gedənlərin hamısı, Quran, yazan, yaradan, cavan olub, gənc olub. Müşfiq bəraət aldı, Cavid bəraət aldı! Haqq, ədalət qayıdıb öz yerini tapsa da, Alınan bəraətin, Qayıdan ləyaqətin, Gecikən səadətin, Müşfiqə varmı xeyri, Cavidə varmı xeyri? Hanı Əhməd Cavadın odlu-alovlu söhbəti, Hanı odlu Müşfiqin canlı nəğməsi, şeiri?!
Dəhşətə bax, dərdə bax, Dərd adlı namərdə bax! Başına gələnləri yazırsan, varaq yanır, Dinirsən, dil alışır, deyirsən, dodaq yanır! Hər sinənin altında, Tüstüsü göz çıxardan, “Ah”dan, “uf”dan yaranmış sönməz bir ocaq yanır! Min illərdir insana sevinc tanış, qəm tanış, Qəm üstündə köklənən Bu qoca dünya tanış, bu sirli aləm tanış. Ancaq mənim yazdığım bu qəm o qəmdən deyil, Təkcə gözə enən çən, saça düşən dən deyil. Qıfıllanmış ağızdı, kilidlənmiş dodaqdır! Susdurulmuş nəğmədir, söndürülmüş ocaqdır! Təhqir görmüş əqidə, zəncir görmüş biləkdir! Ağız açan qasırğa, zəhər yayan küləkdir! Üzə dəyən şillədir! Qəlbə dəyən güllədir! Kəsilən qız döşüdür! Tökülən ər dişidir! Qan ağlayan anadır! Boyun bükən sonadır! Ağı deyən bacıdır! Çəkilməyən acıdır! Buza dönmüş bədəndir! Qan rəngində kəfəndir! Hər sətri, səhifəsi qan ləkəli kitabdır, Oxumaq da əzabdır, düşünmək də əzabdır! Öləsən, məzarını qazanlar tapılmaya, İtəsən, ünvanını yazanlar tapılmaya, Buna dözmək olarmı? Heç kəs yayına bilməz, Hamı üçün bu dünya sınaqdır, imtahandır!
Yaxşının da, pisin də son hakimi zamandır! 37-yə bax sən, 87-ci ildə gəlib imtahan verir, Xəyanət xırıldayır, ölə bilmir, can verir! Üzə çıxır həqiqət, İndi bizə çatır ki, Başçı oyunbaz olub, xalq isə bir oyuncaq! Analar yuxusunda, Dərd görüb dalğa-dalğa, qan görüb qucaq-qucaq! Sehrləyib dünyanı, başçı sehrbaz olub, Onun hər göstərişi, Millətin təpəsinə vurulan qapaz olub! Qarmaqarışıq düşüb adilərlə dahilər, “Allah”a qurban gedib, İstedadı, ilhamı, qüdrəti ilahilər. O qədər qan töküb ki, gözlərini qan tutub, “Xalq atası” xalqının Saysız oğullarına nə qədər divan tutub! Yaxşı ki, qışdan sonra gələn bahar varıymış, Yaxşı ki, Günəş görüb əriyən qar varıymış. Yaz gəldi, yavaş-yavaş şaxtanın şaxı sındı, Ədalətin nurunda İsinənlər isindi, qızınanlar qızındı. Tarix uzunömürlü, Tarixi yaradan xalq təmkinli, tədbirlidir. Görür, o, yaxşı görür, Kimin qəlbi təmizdir, kimin qəlbi kirlidir. O izləyir hamının sevincini, yasını, Qoymur, heç kəsdə qoymur heç kəsin qisasını! Ana ağladanların ağladır anasını, Şöhrət göyə dəysə də, Dağıdır sarayını, uçurur binasını. Hansı rəhbər “mən” – deyib xalqı salmadı saya, Məzarının üstündə əlçatmaz dağa döndü,
“Lənət” – deyə atılmış, yağdırılmış daş-qaya! Cəllad getdi dünyadan, goru lənət qazandı, Cavid köçdü dünyadan, əbədiyyət qazandı! Kimin ürəyi daşdı, kimin ürəyi buzdu, Həyatın yollarında kim uddu, kim uduzdu. Zaman göstərir bizə! Haqqı nahaqqa vermir, yaman göstərir bizə! Elin bir hikməti var: “Yerdən göyə küp düzsələr, Bir-birinə bərkitsələr, Altından birini çəksələr, Gəl onda gör gumbultunu!”
Nə yaxşı ki, o küplərin Altından biri çəkildi. Ədalət qol açan yerdə, Xəyanət geri çəkildi.
Ömür gödək, həyat şirin, Qılınc qanlı, yara dərin. Gəlib çatan xoş günlərin, Nə qədər yeri çəkildi.
Yada düşdü dostum, yadım, Koroğlunu xatırladım:
“Mərd dayanar, namərd qaçar, Meydan – gumbur-gumburlanı. Dəlilərim meydan açar, Düşmən gumbur-gumburlanı.
Top açılar qalasından, Haqq saxlasın balasından. Koroğlunun nalasından, Hər yan gumbur-gumburlanı.”
Hərə bir cür ömür edir bizim ulu dünyada, Kimi onu qocaldır, kimi heç düşmür yada. Hər xalqın, hər millətin, Kişiyə məhəbbəti, nakişiyə nifrəti, İlikdədi, qandadı! İllər ötüb-keçsə də, Koroğlu at belində, Həmzə dəyirmandadı! Zamana heyranam mən! Varı yoxa çevirdi, yoxusa var elədi. Baharı qışa dönən, Zülüm, məşəqqət görən, Neçə insan ömrünü nurlu bahar elədi. Üzməmişdi əlini, bu günə inanırdı, İnanırdı, zamanın hökmünə inanırdı. Yaşamağa, duymağa özünü borclu saydı, Bircə gün yaşamazdı, Cavid gələcəyinə Turan inanmasaydı! Yaşadı da, gördü də zəhmətinin barını, O qaytardı həyata, Bir ata ürəyinin donmuş arzularını. Ata yadigarıtək, Saxladığı nə varsa, Qoruduğu nə varsa, Əlaların əlası! İgid ömrü yaşadı Cavidin silahdaşı, Cavidin qız balası!
İki dəfə qazıldı bir şairin məzarı, Biri qürbətə düşdü, biri doğma yurduna. 4 illik həsrətin inam qırdı belini, Qurtardı intizardan obasını, elini. Göz açdığı torpaqda qucaq açdı yurd ona! Sibirin sərt yerindən gətirdilər Cavidi, Gül-çiçəyin içində itirdilər Cavidi! O sitəmli günlərin ağrısını çəkəndə, Dərd onun sinəsini kotan kimi əkəndə,
Gözünün giləsində son işartı sönəndə, Bu işıqlı dünyamız, Fikrində, xəyalında qaranlığa dönəndə, Ağlına gələrdimi belə bir gün olacaq, Açılmaz düyünləri açmaq mümkün olacaq! Özü gəlməyən yerə cənazəsi gələcək, Sükutun ürəyindən, Sakitliyin içindən, “Şair, burdayam!” – deyən haqqın səsi gələcək! Ağlına gələrdimi, Qorxudan, qadağadan, Bircə kəsin dilində adı çəkilməyən kəs, Yenə duyan ürəyə, yazan ələ dönəcək! “Cavidabad” adlanan neçə kəndin, şəhərin, Ürəyinin başında tunc heykələ dönəcək! Ağlına gələrdimi, Onu deyə bilmərəm. Tək onu bilirəm ki, Onda da gəlib ilham, onda da yazıb qələm! Kağız tapılmayanda daşa, divara yazıb, Necə görüb – ağı ağ, qaranı qara yazıb! Ucuzlaşıb, varını heçliyə döndərməyib, Xilas üçün rəhbərə mədhiyyə göndərməyib. Bəzən də yazdığını oda atıb yandırıb, Onun nifrətinə də, Onun qəzəbinə də, Tarix haqq qazandırıb, zaman haqq qazandırıb! Ömür sürür həyatda, Kimi sevinc qazanır, kimi kədər qazanır, Əqidəsiz olanlar itirir dünyasını, Bu dünyada inamlar, əqidələr qazanır! Gözü vaxtından əvvəl itirsə də nurunu, Əymədi vüqarını, satmadı qürurunu! Hər kimin ki, tanrısı “gözəllikdi, sevgidi”, Hər kim bu Vətən üçün, torpaq üçün dəlidir, O, Cavid düşüncəli, Cavid əqidəlidir!
Hər kimin ürəyində tükənməzdir həsrəti, Bakı vuran ürəyi, Təbriz yanan əlidir, O, Cavid düşüncəli, Cavid əqidəlidir! Hər kim doğma yurdunu bütöv görür, tam görür, Bölünən torpağının bölünməz sevgisinə, Böyük bir inam görür, Kürlə Araz qəlbinin qoşa dinən telidir, O, Cavid düşüncəli, Cavid əqidəlidir! Tüstüsüz ocaqmı var? Duymayan yana bilməz! Əqidə deyilən şey heçdən yarana bilməz! İnsanın damarına süddən, sümükdən gəlir, Nəsillərin qəlbinə çəkilən ağrılardan, Nəsillərin çiynində daşınan yükdən gəlir. Süddə, qanda yetişir, Sınaqlarda bərkiyir, İmtahanda yetişir! Xalqımın ürəyində Əqidənin, məsləkin özülü var, himi var! Tarixin yaddaşında, İmadəddin Nəsimi, Fəzullah Nəimi var! Əqidə zirvəsini görmək istəyən olsa, Babəki göstərərəm! Bax deyərəm, bax ona, gör bu xalqın kimi var! Kökü Babək olan kəs, Cılız budağa dönüb cır meyvə verə bilməz! Turan bir övlad kimi vaxtında dərk elədi, Mənim atam kim olub, özüm kim olmalıyam! Başqa yol yoxdur mənə: İntizara, həsrətə, Ya qələbə çalmalı, ya təslim olmalıyam! Çaldı, qələbə çaldı, Ata şöhrəti qədər bala eşqi ucaldı! Turan – ata yurdunun çırağını yandıran! Tufanların içində sal qayanı andıran!
Cavid öz taleyiylə Daşa çevrilən insan, insana çevrilən daş, Turan – ata heykəli yaradan heykəltəraş! Turan – qardaş əvəzi, rəssam, şair, bəstəkar, Dərdini danışanda Müşfiqin çaldığı tar! Turan – tale çiçəyi, yalqız qalan bənövşə, Gül ömrünü yaşamaq – bəlkə ən çətin peşə!
Turan deyər: qar daşı, Qarlı dağdan qar daşı. Xəstə könlü nar istər, Mənim könlüm qardaşı.
Turan deyər: daşda məni, Daş götür, daşda məni, Qəmli yerdən kağız var, Yazıblar başda məni.
Turan deyər: daşdı canı, Kəkliyin daşdı canı, Bilən yox nə çəkirəm, Deyirlər daşdı canı.
Turan – bayatı çəkən, Turan – göz yaşı tökən, Turan – nağıl danışan. “Ata-ana” nağılı, “Bacı-qardaş” nağılı, Danışmaqla tükənməz, Könüldəki intizar, gözdəki yaş nağılı! Dövr edib dolansa da aylar, illər, fəsillər, Gəlsə də yer üzünə yeni-yeni nəsillər, Bu xalqın ürəyində, Tarixin yaddaşında Zaman-zaman qalası, Ərtoğrulun bacısı! Müşkünazın əzizi! Cavidin Turan qızı! Cavidin qız balası!