Zəmanə saldı əcəb möhnətü məlalə məni
Zəmanə saldı əcəb möhnətü məlalə məni, O mahrudən iraq verdi qəm zəvalə məni.
Tükəndi tabü təvan, ey xudayi-ləmyəzəli! Ya tez bu canımı al, ya yetir vüsalə məni!
Sənə nə qədri dedim, rəhm qıl mənə, getmə! Gəl indi gör ki, fəraqın salıb nə halə məni!
Nə vaxtadək qəmi-hicrində ahü zar çəkim? Tərəhhüm eylə, gətir sən də bir xəyalə məni!
Kəsildi səbrü qərarım, fəraqə tabım yox, Rəvadı təngə gətirsin bu ahü nalə məni?
Alıbdı əqlimi sərdən, qərarımı dildən, Edib bəlayə fələk, gör necə həvalə məni.
Təəccübəm ki, neçün rəhmə gəlmədin, zalım?! Fəraq oduna yaxıb salmısan bu halə məni.
Nə yaxşı günlər idi kim, səninlə munis idim, Zəmanə indi edib sinədağlı lalə məni.
Vüsalə yetməyibən zarü Natəvan qaldım, Edib fələk yenə həsrət o məhcəmalə məni.
Lüğət: Ləmyəzəl – puç olmayan, həmişəlik; Halə – işıq dairəsi, şüa; Tərəhhüm – mərhəmət göstərmək; Natəvan – qüvvəsiz, halsız, köməksiz