Əsas məzmuna keç

Qəzəl

Yüzdən çəkəndə naz ilə, mahım, niqabını

Seyid Əzim Şirvani

1

Yüzdən çəkəndə naz ilə, mahım, niqabını, Torpaqlara fələk salır öz afitabını.

Bilməm ki, nəşəsin nə bilir, həq deyən, meyin, Zahid ki, dadmayıbdı məhəbbət şərabını.

Göz kim, bu qədr giryələr eylər, vüzu qılıb İstər kəfi-nigarə cəmalın kitabını.

Ol qədr şərm var o büti-novrəsimdə kim, Yüz məst ola, şərab götürməz hicabını.

Saymaq sitarə yadi-qədinlə şəbi-fəraq, Könlümdən etdi məhv qiyamət hesabını.

Məlumdür ki, hicrin olur axırı vüsal, Amma könül gərək gətirə hicr tabını.

Ahuyi-Çin üzündə görüb tari-zülfüvü, Etdi fərar, atdı çölə müşki-nabını.

Vaiz, şəbi fəraqda gör halımı, sora Təqrir eylə xəlqə cəhənnəm əzabını.

Canım fəda o qatilə, Seyyid, ki əcrdə Yazmış mələk, həzar şəhidin səvabını.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.