Yusif hüsnündən utandı, mənzili çah oldu, çah
Yusif hüsnündən utandı, mənzili çah oldu, çah, Hüsndə yoxdur tayın aləmdə, ey rüxsarı mah!
Mailəm səndən mənə bir meyl ola, lakin görən, Mən gədayə meyl edərmi sən kimi bir padşah?
Düşdüm ol ləhzə gözündən hər zaman kim, söylədim: Guşeyi-çeşminlə də olsa, mənə bax gah-gah!
Bir baxışla qəmli könlüm böylə səndən şad ikən, Incimə məndən, sənə etsəm əgər bir dəm nigah.
Gər əlinlə qəlbimin qanı tökülsə, qəm deyil, Mən sənə verdim o qəlbi, görmürəm səndə günah.
Üz çevirmək xaki-kuyindən bizə mümkün deyil, Yox mənə bu asitandan başqa bir yerdə pənah.
Ey Füzuli, istəyirsən pak ola qəlbin, gözün, Sel kimi göz yaşı tök kuyində yarın hər sabah!