Əsas məzmuna keç

Qəzəl

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə!

Xurşidbanu Natəvan

1

Yıxıb bu könlüm evin, eyləyib viran, getmə! Yoxumdu tabü təvan firqətə, cavan, getmə!

Fəda olum sənə mən, səndən ayrıla bilməm, Yəqin, fərağın edər qəddimi kəman, getmə!

Səninlə rövşən idi qəlbim, ey gözüm nuri! Güman ki təng ola bu canıma cahan, getmə!

Boyun bəlasın alım, sərv tək yıxılma, oğul, Doyunca görməmişəm getmə bir zaman, getmə!

Çıxaydı kaş gözüm, görməyəydi hicranın, Ölüncə, bil, edərəm naləvü fəğan, getmə!

Sabahadək oturub çəkmişəm çəfalərini, Boyüm bərabərisən indi, əlaman, getmə!

Yəqinən əl çəkəcək dostü aşinalərdən, Dəli kimi düşəcək çöllərə anan, getmə!

Səninlə kim, açılıb qəlbimin şükufələri, Mürüvvət eylə, əzizim, edib xəzan, getmə!

Di yumma gözlərini, qoy görüm doyunca səni, Gözümdə cari edib əşk, həm rəvan, getmə!

Tərəhhüm eylə mənə, dərdü mehnətim çoxdur, Qoyub bu hicri-bəla içrə Natəvan, getmə!

Lüğət: Təng – dar; Tərəhhüm – mərhəmət göstərmək; Hicr – ayrılıq; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.