Əsas məzmuna keç

Qəzəl

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm

Xurşidbanu Natəvan

1

Yenə ya rəb, nə qəmgindir mənim bu şad olan könlüm, Rümuzi-eşqdən agah olub, ustad olan könlüm.

Görübdür yari əğyarə olubdur məhvi-nəzzarə, Edibdir sinəsin parə, mənim abad olan könlüm.

Niyə peymanədən keçdin, niyə zəncirdən qaçdın? Nədəndir çöllərə düşdün, mənim bərbad olan könlüm?

Fəraqin ruzi-məhşərdir, sərasər möhnəti-qəmdir. O zülfün kimi dərhəmdir, mənim azad olan könlüm.

Baxın bu Natəvan zarə, günü bəxtim kimi qarə, Gəzər Məcnun tək avarə, mənim naşad olan könlüm.

Lüğət: Nəzzarə – baxış; Peymanə – qədəh; Dərhəm – pozulmuş; Natəvan – qüvvəsiz, halsız, köməksiz

Xurşidbanu Natəvan
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.