Yenə ol mah mənim aldı qərarım bu gecə
Yenə ol mah mənim aldı qərarım bu gecə, Çıxacaqdır fələkə naleyi-zarım bu gecə.
Şəm’vəş məhrəmi-bəzm eylədi ol mah məni, Yanacaqdır yenə eşq oduna varım bu gecə.
Həm vüsali vurur od canıma, həm hicrani, Bir əcəb şəm’ ilə düşdü sərü karım bu gecə.
Nə tütündür ki, çıxar çərxə, dili-zarə məgər Hicr dağini urur laləüzarım bu gecə?
Sübhə saldı bu gecə şəm’ kimi qətlimi hicr, Ola kim, sübh gəlincə gələ yarım bu gecə.
Parə-parə cigərim itlərinə nəzr olsun, Ol səri-kuyə əgər düşsə güzarım bu gecə.
Var idi sübh vüsalinə, Füzuli, ümmid, Çıxmasa həsrət ilə cani-figarım bu gecə.
Lüğət: Vəş – kimi, tək mənasında işlənən ədatdır; Bəzm – qonaqlıq, kef məclisi