Yenə canan görüşü könlümü şad etmədədir
Yenə canan görüşü könlümü şad etmədədir, Sübh nuru gecədən məhvi-səvad etmədədir.
Bəxtimin ulduzu çoxdandı görünməzdi mənə, Yenə ol nazlı nigarım məni yad etmədədir.
Tez yetib kamə öpərdim o gülün ləblərini, Qətlimə tiyğ çəkən qaşlar inad etmədədir.
Hüsni-gülnarı gülər eşq gülüstanı kimi, Fitnəli gözləri hər dəmdə fəsad etmədədir.
Zülf cəmiyyəti sülh ordusu tək qalib ikən, Daima fitnələrə qarşı cihad etmədədir.
Ey Şəfai, nə qəm ol qaş-göz edə fitnə fəsad, Eşq parlaqlı yanaqlar məni şad etmədədir.