Yazdım bu şanlı naməni ey mehriban sənə
Yazdım bu şanlı naməni ey mehriban sənə, Ta qalmasın bu hali-həzinim nihan sənə.
Hicrində gəldi başıma min möhnətü bəla, Dinlə, edim mən onları bir-bir bəyan sənə.
Saldın araya təfriqə, aldın qərarımı, Olsun Ayın, Günün qənim ey asiman, sənə.
Məcnuni-eşqinəm, nə rəvadır bu tənələr, Eşqinlə zülfə bağlanır aşiq olan sənə.
Zülfin bahar, lalə üzün, qönçə ləblərin, Ey gül görüm ki, əsməyə badi-xəzan sənə.
Sancıldı qəlbi-zarıma müjganın oxları, Cana, dedim mən onda ki, qaşı kaman sənə.
Zülfün o incə telləri tək incəlib tənim, Qoy mən də payibus olum ey mehriban, sənə.
Badi-səba, bu naməni təqdim yar qıl, Olsun həmişə bağü çəmənlər məkan sənə.
Etmə Şəfai, şəkvə ki, yazmış əzəl qələm, Şənlik rəqibə, naləvü ahü-fəğan sənə.