Əsas məzmuna keç

Qəzəl

Yarü dilbər səndən ayrı kim dedi aləmdə var?

İmadəddin Nəsimi

1

Yarü dilbər səndən ayrı kim dedi aləmdə var? Qanı səndən özgə dilbər, qanı səndən özgə yar?

Ey gülər gülgün yanağın cənnətin xəndan gülü, Gəl ki, anın firqətindən bağrımı yandırdı xar!

Çıxdı məğribdən günəş, kəşf etdi eşqin rəmzini, Pərdəsi açıldı, hüsni-dilbər oldu aşikar.

Çün mana eşqin təriqidir sirati-müstəqim, Doğrudur həqdən təriqim, neylər əğyar onda yar?

Zağ ilə bir yerdə tuti gərçi barışmaz, vəli Alamaz təqdir əlindən kimsə, ey yar, ixtiyar.

Din ilə imanıdır əhdə əmanət aşiqin, Kimdə kim, yoxdur əmanət, bil kim, oldu əhli-nar.

Aşiqin me’marı həqdir, yapar anın batinin, Ey evin həqdən yapılmış, sənsən əhli-e’tibar!

Dövləti-didara bidar uğrar, ey gerçək mühib, Gözləri açıq gərəkdir aşiqin leylü nəhar.

Gərçi ağudur fəraqın şərbəti aşiqlərə, Eyləməz vəslin şərabı içənə ol ağu kar.

Mə’rifət kəsb eylə, ləhvü lə’bə məşğul olma kim, Gör nə surət göstərir hər dəm oyunçu ruzigar.

Çün bəqasıdır cahanın malü mülkü ne’məti, Dövləti-Mənsura yapış, istə ömri-payidar.

Eşq əlindən gəl şərabi-səlsəbilü kövsər iç, Keç bu meydən kim, çəkərsən ertə rəncindən xumar.

Gül fəraqından gəl, ey bülbül, səbur ol, ağlama, Qış keçər, xəndan olar gülşən, gələr fəsli-bahar.

Doğru söz doğrar həsudun bağrını şol mə’nidən, Münkirə oldu Nəsiminin kəlamı zülfiqar.

Lüğət: Xar – Tikan; Təriq – Yol; Zağ – Qarğa; Nar – Od; Didar – Görüş; Leyl – Gecə; Kar – İş; Şərabi – nab – Saf şərab; Səbur – Səbirli; Həsud – Həsəd edən; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.