Yarımı ayırdın məndən, çərxi-qəddar, üştə gör!
Yarımı ayırdın məndən, çərxi-qəddar, üştə gör! Yürəkim baş oldu qəmdən, gəl içim yar, üştə gör!
Yaxdı, yandırdı məni yarın fəraqı, neyləyim, Taqətim, səbrim tükəndi, yanıram zar, üştə gör!
Canımı anəstünarən şövqünə yandırma kim, Olmuşam Musa kimi müştaqi-didar, üştə gör!
Dərdimin dərmanı sənsən, çarə kimdən istəyim, Çarəsi səndəndir anın, çarü naçar, üştə gör!
Aşiqin imanı üzündür, saçın həblül-mətin, Mən bu dini tutmuşam belimdə zünnar, üştə gör!
Arizin vərdi-cinandır, bülbülü-ruhülqüdüs, Ey bu vərdin aşiqi, açıldı gülzar, üştə gör!
Doğradı qəmdən fəraqın bağrımı, şol yaradan, Ürəgim qanı gözümdən axar, ey yar, üştə gör!
Ey güli-xəndanım, axır pərdədən çıx, qönçətək Kim, məni şövqündə məcruh eylədi xar, üştə gör.
Ta üzün gülzarı təqdir eylədi məndən cüda, Yandırır şövqün məni, ey üzü gülnar, üştə gör!
Gər ənəlhəq söyləməkdən dara asılsam nə qəm, Bunca Mənsurun asılmış başı bər-dar, üştə gör!
Ta Nəsiminin vücudun nuruna yandırdı yar, Nara düşmüşdür həsəddən necə əğyar, üştə gör!
Lüğət: Yarın – Səhər; Müştaq – Həvəskar; Didar – Görüş; Zünnar – müsəlman dövlətlərində yaşayan xristianların bağladığı qurşaq; Ariz – Üz; Vərd – Qızılgül; Şol – O; Məcruh – Yaralı; Xar – Tikan; Cüda – Ayrı; Dar – Ev