Yarım kimi bir sərvqədü gülbədən olmaz
Yarım kimi bir sərvqədü gülbədən olmaz. Rüxsarına bənzər o gülün nəstərən olmaz.
Məcruh olur, ey gül, bədənin sayeyi-güldən, Qurbanın olum mən, belə nazik bədən olmaz.
Dəryadə dişintək düri-şəhvar tapılmaz, Ləlin kimi kan içrə əqiqi-Yəmən olmaz.
Eylər hükəma nükteyi-mövhumu müşəxxəs, Sirri-dəhənin nöqtəsin amma bilən olmaz.
Hər adı Məhəmməd ola bilməz şəhi-Bətha, Hər aşiqi-dilxəstə Üveysi-Qərən olmaz.
Dəfn eyləyin üryan məni kuyində o mahın, Şər ilə müşəxxəsdi, şəhidə kəfən olmaz.
Heyvandı ki, yox başının əfsarı, həqiqət, Hər kimsənə kim aşiqi-vəchi-həsən olmaz.
Ol Yusifi-gülçöhrə qəmindən sənə, Seyyid, Şirvan niyə hər ləhzədə beytül-həzən olmaz?