Əsas məzmuna keç

Qəzəl

Yarı gördüm bu gün xəndan oturmuş

Şah İsmayıl Xətai

1

Yarı gördüm bu gün xəndan oturmuş, Yanağı tazə gül, reyhan oturmuş.

Yüzinə qarşu ğönçə güldügiçün Səhər ağzına çalmış qan oturmuş.

Səninlə hüsn içində bəhs edənlər, Necə peşman olub heyran oturmuş.

Sənin simin zənəxdanına, ey dust, Nə həddim var desəm, dəndan oturmuş.

Dodağın çevrəsində qoşa xallar, İki zəngi ona dərban oturmuş.

Sənin Leyli cəmalın görmək içün Yolunda Məcnuni-heyran oturmuş.

Xətayiyə nəzər qıl çeşmin ilən, Qapunda sübhü şam giryan oturmuş.

Lüğət: Xəndan – gülən; Hüsn – gözəllik; Dəndan – diş; Dərban – qapıçı; Leyli – yelda – qışın ən uzun gecəsi; Çeşmi – giryan – ağlar göz

Şah İsmayıl Xətai
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.