Əsas məzmuna keç

Qəzəl

Yarəb, ol üzün çırağı şəm’i-xavərdənmidir?

İmadəddin Nəsimi

1

Yarəb, ol üzün çırağı şəm’i-xavərdənmidir? Yarəb, ol sərvin yanağı vərdi-əhmərdənmidir?

Yarəb, ol mişkin səlasil kim, niqab olmuş gülə, Mişki-tatari deyim, ya sünbüli-tərdənmidir?

Şol dodağın cür’əsindən əsrimiş ruhülqüdüs, Yarəb, ol camın şərabı abi-kövsərdənmidir?

Ey şəkərdəndir deyən şol cani-şirinin ləbi, Billah ani baxşıdan sor, gör ki, şəkkərdənmidir?

Lə’lini kim yad edərsə nuş olur ağu ana, Şol ləbin zikri, əcəb tiryaki-əkbərdənmidir?

Ey səba, Isanəfəsdir canfəza buyun məgər, Uğradı ərvaha, ya şol zülfi-ənbərdənmidir?

Bərgi-nəsrin üzrə, yarəb, şol düzülmüş incilər Sübhdəm vaxtında düşmüş çeymi, ya tərdənmidir?

Zahid aydır, sevmə xubu, baxma anın üzünə, Şol həcər yürəklü ahən, yoxsa mərmərdənmidir?

Dilbərin cövrü tükənməz, aşiqin bəxti uyur, Bəxt edər, yarəb, bu cövrü yoxsa dilbərdənmidir?

Şol səadətli kəmər kim, qucar anın belini, Taleyi məs’ud imiş, ya qüvvəti-zərdənmidir?

Adı məhv oldu Nəsiminin, qələm çək hərfinə, Ey bu dəftərdən xəbərsiz, ol bu dəftərdənmidir?

Lüğət: Vərd – Qızılgül; Səlasil – Zəncirlər; Şol – O; Zikr – Xatırlama, söyləmə; Ərvah – Ruhlar; Bərg – Yarpaq; Həcər – Daş; Ahən – Dəmir

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.