Əsas məzmuna keç

Qəzəl

Yarə qılan vəfasını, yara qılır cəfasını

İmadəddin Nəsimi

1

Yarə qılan vəfasını, yara qılır cəfasını, Ey dil, anın cəfasına qatlan, unut vəfasını!

Kim ki, irişmək istədi uca boyun vüsalına, Oldu həmişə fərz ana çəkmək anın bəlasını.

Dərd ilə xoş keç, ey könül, qəmdən usanma, çün bilir Aşiqi-dərdiməndinə dərdi verən, dəvasını.

Zülfü qaşın qarasına bağlamayan kişi könül, Bilməmiş ol üzüqara, zülfü qaşın qarasını.

Vəslü fəraqa vasitə çünki qədərdir, ey könül, Cəhd ilə kimsə qadirin mən’ edəməz qəzasını.

Kövnü məkana vəslini qiymət edüb, bəha qılan, Yoxdur anın gözündə nur, bilməz anın bəhasını.

Ta bilələr ki, az imiş aləmə feyzin, ey günəş, Yerdəvü gökdə göstərər mehri-rüxün ziyasını.

Kə’bə üzündür, ey sənəm, üzünə səcdə eylərəm, Hacısıyam bu Kə’bənin, mən bilirəm səfasını.

Ayinəsində görməyən surəti-nəqşini əyan, Ayinədən gedirməmiş ol qaragünlü pasını.

Zülfi-dütasını anın kövnü-məkana, ey könül, Al və iki cahana sən vermə bir incə tasını.

Canıma şol ala gözün eylədigi cəfaları Ol nə bilir ki, görməmiş gözlərinin alasını.

Gərçi ətasıdır cəfa aşiqə şol vəfasızın, Can ilə istər, ey könül, aşiq anın ətasını.

______________________Milli Kitabxana_______________________

Çinü Xətaya surətin nəqşini göndər, ey sənəm, Ta büti-Çinə tapanın göstərəsən xətasını.

Gərçi sözü Nəsiminin qabili-kimiya imiş, Tuncü hədidə sanma kim, xərc edə kimyasını.

______________________Milli Kitabxana_______________________

Lüğət: Dil – Ürək; İrişmək – Çatmaq; Nur – İşıq; Şol – O

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.