Yar vəslin istəyən kəsmək gərək candan təmə’
Yar vəslin istəyən kəsmək gərək candan təmə’, Hər kişi kim vəsli-yar istər, kəsin ondan təmə’.
Aruziyi-vəsli-canan, canə afətdir, könül, Ya tə’əllüq candan üz, ya vəsli-canandan təmə’.
Çün mənə bir zərrə yox tabi-təmaşayi-cəmal, Mən kiməm, vəsl etmək ol xurşidi-rəxşandan təmə’.
Aşiq oldur kim, təmənnayi-bəlayi-hicr edə, Yoxsa çoxdur mehr edən ol mahi-tabandan təmə’.
Rişteyi-tuli-əməl dami-bəladır, neyləyim, Üzmək olmaz ol səri-zülfi-pərişandan təmə’.
Arizin görmək həyatım tazə eylər, vəh nə eyb, Gər gəda vəchi-mə’aşın qılsa sultandan təmə’.
Müttəsil hirman qılır hasil təmə’dən əhli-hirs, Türfə kim, artar ona gəldikcə hirmandan təmə’.
İstər olsan həsrətü hirmanə hər dəm düşməmək, Kəs, Füzuli, dəhrdən ümmidü dövrandan təmə’.
Lüğət: Ariz – yanaq; başvermə, meydana çıxmaq; şikayətçi; Vəh – aydınlıq, aşkarlıq; Müttəsil – bir-birinin ardınca, daima; Hirman – məhrum olmaq, əli üzülmək, peşmançılıq