Əsas məzmuna keç

Qəzəl

Yar eyləsə üşşaqi-diləfkarə ədavət

Seyid Əzim Şirvani

1

Yar eyləsə üşşaqi-diləfkarə ədavət, Mümkün degil aşiq eləsin yarə ədavət.

Gər qanımı içsə mənim ol dilbəri-xunxar, Mən kafir olum, etsəm o xunxarə ədavət.

Xar etmə məni hicrin ilə, ey güli-bixar, Gülşəndə hacan gül eləyib xarə ədavət?!

Səlmanınam, ey Əhmədi-Muxtari-zəmanə, Səlman eləməz Əhmədi-Muxtarə ədavət.

Bir kərrə ədavət eləsəm mən sənə, ey gül, Yüz kərrə edim Heydəri-Kərrarə ədavət.

Bülbül gülə eylər gilə, ey novgüli-rəna, Hərgiz eləməz gülşənü gülzarə ədavət.

Yandırdı gecə şəmi-şəbistan pərü balın, Pərvanə haçan etmiş idi narə ədavət?

Könlümə dolub mehrin, ədavət yeri yoxdur, Tək sən eləmə Seyyidi-biyarə ədavət.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.