Əsas məzmuna keç

Qəzəl

Yaqma canım, naleyi-biixtiyarımdan saqın!

Məhəmməd Füzuli

1

Yaqma canım, naleyi-biixtiyarımdan saqın! Tökmə qanım, abi-çeşmi-əşkbarımdan saqın!

Su verər hər sübhdəm göz yaşi tiği-ahimə, Çox məni incitmə, tiği-abidarımdan saqın!

Cövr odu yaxdı məni, yanımda durma, ey könül! Bir tutuşmuş atəşəm, qürbü civarımdan saqın!

Tən evindən rəxtini, cəhd eylə, ey can, dışra çək, Afəti-seyli-sirişki-biqərarımdan saqın!

Gərçi bir xaki-rəhəm, kimsə məni almaz gözə, Çox həqarətlə nəzər qılma, qübarımdan saqın!

Gəlmə qəbrim üzrə, ey eşq içrə mən tək olmayan! Tə’nə daşidir sənə, səngi-məzarımdan saqın!

Şahi-mülki-möhnətəm, xeylü sipahim dərdü qəm, Xeyli-bihəddü sipahi-bişümarımdan saqın!

Ey Füzuli, qansı məhbubi ki, sevsən rəhmi var, Qıl həzər, ancaq mənim birəhm yarımdan saqın!

Lüğət: Qürb – yaxınlıq; Rəxt – yatacaq, paltar; Sirişk – göz yaşı; Səng – daş; Xeyl – dəstə, zümrə, bölük; Sipah – ordu, qoşun

Məhəmməd Füzuli
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.