Yanmasa eşq oduna, cismdə can istəmərəm
Yanmasa eşq oduna, cismdə can istəmərəm, Yanaram şam kimi, atəşdən aman istəmərəm.
Qeyrdən çək gözünü, yar, ki Yusif kimi mən Gülümü qoxlaya əğyar bir an istəmərəm.
Əksini güzgüdə gördükdə, könül qanə dönər, Saf güzgü ola aləmdə, inan, istəmərəm.
Ovladın könlümü, lütf et mənə, gəl öldür onu, Vəslinə çatsın o, ey qönçədəhan, istəmərəm.
Yandırıb atəşi-hicrinlə gecə mənzilimi, Sakini-külxən olub, özgə məkan istəmərəm.
Suvasın qəbrimi dostlar deyə, dürd ilə mənim, Ölərəm meykədədə, baği-cinan istəmərəm.
Hər tərəfdən başıma çünki bəla daşı yağar, Getmərəm kuyinə, cananə ziyan istəmərəm.
Kimsə, razı deyiləm, dostluq edə yarım ilə, Çün, Füzuli, özümə düşməni-can istəmərəm.