Əsas məzmuna keç

Qəzəl

Yanımda eyləməyin eyb o mahi-tabanı

Seyid Əzim Şirvani

1

Yanımda eyləməyin eyb o mahi-tabanı, Könül sevən gözəlin olmaz eybü nöqsanı.

O zülfə dil verəni xatirim olubdur cəm, Məlamət eyləməyin çox da mən pərişanı.

Üzari-yarım ara fövci-xətdi, ya bilməm, Sipahi-Rus tutub mülki-ali-Osmanı?!

Sipahi-hərbi-Qaradağ edibdi Ruma hücum, Və ya ki, ləşkəri-xət tutdu ruyi-cananı.

Hübablərmidi mövci-sirişkim içrə və ya Qara dənizdə vaporlar açıbdı yelkanı.

Xədəngi-yarə gözüm xuni-dildən etdi qiza Ki, şahsevən tutar, ari, əziz mehmanı,

Bu mülkün işrətini, Seyyida, qənimət bil Ki, tapmasan dəxi cənnətdə zövği-Şirvanı.

Seyid Əzim Şirvani
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.