Əsas məzmuna keç

Qəzəl

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan?

İmadəddin Nəsimi

1

Yandırdı şövqün canımı, ey dərdə dərman, qandasan? Canımda can sənsən, vəli, istər səni can, qandasan?

Vəslin şərabından məni saldı xumarın rəncinə, Yandı hərarətdən içim, ey abi-heyvan, qandasan?

Ey lütfi-hüsnün kişvəri, yandım, irişdir vəslinə, Çün səndən artıq kimsədə yoxdur bu ehsan, qandasan?

Qapdı əlimdən zülfünü cövrü cəfası çox fələk, Aşüftəyəm, Məcnun kimi zarü pərişan, qandasan?

Rə’na boyun şövqündən uş həsrətdə yanar gözlərim, Qan ağlaşırlar sənsizin sərvi-xuraman, qandasan?

Ey qönçə ağızlı, məni yandırdı hicrin tikəni, Gəlgil ki, sənsiz qönçətək doldu içim qan, qandasan?

Eynimdə sənsən rövşəni, könlüm dilər görmək səni, Ey hurieyn Rizvan ilə hüsnündə heyran, qandasan?

Cövri-cəfası çox fələk tufan gətirdi başıma, Andan məni qurtarmağa, ey Fəzli-rəhman, qandasan?

Mişkin saçın zəncirinə verdi Nəsimi könlünü, Ayrux nə hacətdir ana zəncirü zindan, qandasan?

Lüğət: Kişvər – Ölkə; Rövşən – İşıqlı; Rizvan – Cənnət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.