Yandı qəlbim, gözdə qanlı qətrələr vardır hələ
Yandı qəlbim, gözdə qanlı qətrələr vardır hələ, Od sönübsə, şöləmizdə yüz şərar vardır hələ.
Bədnəzərdən öz ciyər qanilə olmuş çillə dağ, Olmayır rahət könül, məndə nəzər vardır hələ.
Tazə dağlar cismi-zarimdən mənim əksilməyir, Allah-allah, bu quru şaximdə bər vardır hələ.
Ah çəkdim, qəlbimin dərdisə təskin tapmadı, Ox çıxıb peykan ilə bahəm, ciyər vardır hələ.
Lövhi-aləmdən deyildir xali Məcnun surəti, Mən tək olmaz dəhrdə, ondan xəbər vardır hələ.
Söylədim: eşqində yox, ey yar, özümdən bir xəbər, Söylədi: aşiq deyil, ondan xəbər vardır hələ.
Qəddini əymiş, Füzuli, möhnəti-çərxi-fələk, Xatirində bir kamanqaş, simbər vardır hələ.