Yanar canım, oğul, daim sənin nari-fərağında
Yanar canım, oğul, daim sənin nari-fərağında, Necə pərvanələr hər dəm yanar şəmin ayağında.
Güli-ruyun həvasilə çıxar əflakə əfğanım, Odur bülbül nəvası gül fəraqü iştiyaqında.
Sənin vəslin xəyaliylə gözü-könlüm gəzər daim Ki, çün Məcnuni-sərgəştə, gəzər Leyla sorağında.
Nəhali-qamətin zikri mənim virdi-zəbanımdır, Dəmadəm naleyi-qumri oxur sərvin budağında.
O şirin ləblərin şövqü günü-gündən olur əfzun, Əgər Fərhad tək yüz il dolansam hicr dağında.
Hərisəm bəs ki, ol şirinzəbanın zikrinə hər dəm, Olur xoş nitqli tuti, şəkkər olsa damağında.
Sənin hicrin odu, Abbas, dəxi, çıxmaz ki, canımdan, Səməndər tək yanar daim anan nari-fəraqında.
Lüğət: Sərgəştə – avara; Leyl – gecə; Əfzun – artıq-çox; Hicr – ayrılıq; Səməndər – əfsanəvi quş