Ya Rəb, bəhəqqi-xatiri-rindani-dürdnuş
Ya Rəb, bəhəqqi-xatiri-rindani-dürdnuş, Bir an unutmasın bizi ol piri-meyfruş.
Badə deyil üzüm suyu, o, cövri-çərxdən Bir qəlb qanıdır ki, edir hər dəqiqə cuş.
Yoxluq diyarı əhlinin əxbarıdır o səs Kim, cuş edəndə mey, eşidir ləhzə-ləhzə guş.
Düşdü şərab cuşə xüruş, eylədikcə çəng, Çəng isə cuşi-badə ilə eylədi xüruş.
Saqi, dilim açılmaq üçün cami-mey gətir, Ta söyləyim sənə nə üçün qalmışam xəmuş.
Bazari-dəhri bir-birə vurduq tapılmadı Meydən savay bir göhər, olsun bəhası huş.
Olma, Füzuli, dəhrə müqəyyəd ki, eybdir, Təcrid yoluyla get, ol sən də pərdəpuş.