Xoşdur irmək ol bədən vəslinə pirahən kimi
Xoşdur irmək ol bədən vəslinə pirahən kimi, Gəh əl öpmək astin tək, gəh ayaq damən kimi.
Əks salmaz peykərim güzguyə baxsam, zə’fdən, Aləmi-surətdə bir şeyda bulunmaz mən kimi.
Cəm’dir könlün sənin kim, var mən tək çoxların, Mən pərişanəm ki, tapılmaz mənə bir sən kimi.
Bu çəmən gülrüxlərinə dərdi-dil qılmaz əsər, Yüz dilin var isə, xamuş ol, könül, susən kimi.
Gər dilərsən edəsən nəzzareyi-didari-yar, Kənduzin görmə aradə, dideyi-rövşən kimi.
Damənin doldursa gərdun dürr ilən, tök əbr tək, Dürr üçün təlx etmə kamın bəhri-tərdamən kimi.
Sal nəzərdən lə’li həm görsən, sirişki-al tək, Lə’l üçün hər daşə urma başını, mə’dən kimi.
Kargahi-sün’dən bir surət et nəqşi-zəmir, Min xəyalın tutmagil, sərrişteyi-suzən kimi.
Göz yaşilə danə-danə cəm’i-əsbab etmə kim, Yelə verər dəhr onu, pamal edib xirmən kimi.
Bəhrlər seyr eyləsən, mütləq tər olmaz damənin, Gər həvayi-eşq ilə məmlüvisən yelkən kimi.
Qanda olsan, qapı lövhi tək gözət ismət yolun, Açma göz divarlərdən hər evə rövzən kimi.
Ey Füzuli, mənzili-məqsudə yetmək istəsən, Hiç rəhbər yoxdürür ətvari-müstəhsən kimi.
Lüğət: Pirahən – köynək; Gərd – toz; Dürr – inci, mirvarid; Əbr – bulud.Əbru – qaş; Təlx – acı; Sirişk – göz yaşı; Zəmir – könül, qəlb; Lövh – lövhə, səhifə. M; Rövzən – pəncərə, baca; Ətvar – tövrlər, hallar. F