Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir
Xoşam kim, dəmbədəm giryan gözüm ol xaki-padəndir. Ziyanı olmaz ol göz yaşının kim, tutiyadəndir.
Dəmadəm mərdümi-çeşmim içər qan zülfü xalından, Bəli əksər mə’aşi əhli-dəryanın qəradəndir.
Demə Fərhad qanın tökmüş ancaq eşq şəmşiri, Mənim gör qanlı yaşım kim, bu həm ol macəradəndir.
Müənbər sünbülündən almadan bu, olmadım rüsva, Bu rüsvalıq mənə səndən degil, badi-səbadəndir.
Hübabi-əşk içində muyi-julidəmlə xoşhaləm, Başımda bu humayun sayə ol ali binadəndir.
Vəfa rəsmin unutmuşsan deyə, incinməzəm zira, Bu kim, məndən cəfa kəm eyləməzsən, həm vəfadəndir.
Kəmali-hüsni-məşrəb, ari olmaqdır təərrüzdən, Riya əhlinə həm çox e’tiraz etmək riyadəndir.
Füzuli, tökmə çox yaş, ehtiyat et getməsin nagəh Gözündən sürmə kim, xaki-rəhi-əhli-səfadəndir.
Lüğət: Mərdüm – göz giləsi; xalq, camaat; Hübab – suyun üzərində əmələ gələn qabarcıq, köpük; Əşk – göz yaşı; Məşrəb – xülq, xasiyyət; Təərrüz – sataşmaq, hücum etmək, dolaşmaq