Əsas məzmuna keç

Qəzəl

Xoşa ol kimsə kim, vardır həbibi sən kimi məhru

İmadəddin Nəsimi

1

Xoşa ol kimsə kim, vardır həbibi sən kimi məhru, Şəkərgöftarü gülrüxsarü mişkinxalü ənbərbu.

Cahanə gəlməyə hərgiz özüntək bir daxi dilbər, Səidəxtər, sənəmmənzər, pəripeykər, firiştəxu.

Zəhi sane’ ki, sün’ündən yaratmış kəndu lütfündən, Beli incə, ləbi qönçə, xəti rə’na, rüxü niku.

Gəl, ey sərrafi-qiymətgir, nəzər qıl mə’dəni-cövhər, Zümürrüdxəttü siminbər, ləbi lə’lü dişi incu.

Qaşınla kirpigin, zülfün, üzündə bənlərin daxi, Biri əyyar, biri tərrar, biri məkkar, biri cadu.

Səni sevənlərin halı bu dörd işdən degil xali: Gəhi qovğa, gəhi sevda, gəhi divan, gəhi yarğu.

Əgərçi qulların çoxdur, Nəsimi hamıdan kəmtər, Bəsa türkü bəsa zəngi, bəsa qıbçaq, bəsa hindu.

Lüğət: Həbib – Dost, sevgili; Hərgiz – Hələ; Səidəxtər – Xoş taleli; Zəhi – Afərin; Kəndu – Özü; Niku – Yaxşı; Dəni – Alçaq; Əyyar – Zirək, hiyləgər; Sevda – 1. Öd. 2. Məhəbbət

İmadəddin Nəsimi
0şərh

Şərhlər

Hələ şərh yoxdur. İlk şərhi siz yazın.

Şərh yaz

Şərhlər yoxlanıldıqdan sonra yayımlanır.