Xoş ol zaman ki, qapında gədalığım var idi
Xoş ol zaman ki, qapında gədalığım var idi, Bu etibar ilə bir padşalığım var idi.
Mükəddər etdi qübari-həvadis ilə fələk, Şərabi-nab kimi dilgüşalığım var idi.
Şikəsti-sərsəri-yəs oldu, ey xoş ol gün kim, Səfineyi-əmələ naxudalığım var idi.
Nə çevrəmə dolanırsan bu gün mənim, ey bəxt, Haçan səninlə mənim aşinalığım var idi.
Riyanı tərk elədim, cam tutdum, ey zahid, Mənim də el gözünə parsalığım var idi.
İmamə müqtədiyəm, ey xoş ol zamanlar kim, Şərabxarlərə pişvalığım var idi.
O zülfi-qarə qılıb bəxtimi, məgər Seyyid, Mənim əzəldə bu bəxti-qəralığım var idi?