Xoş ol ki, ney kimi hər bəndimi cida edələr
Xoş ol ki, ney kimi hər bəndimi cida edələr, Nəinki mane olub naləyə cəfa edələr.
Bu mahparələr eşq əhlinə vəfa eləməz, Gərəkdir aşiqi min dərdə mübtəla edələr.
Məhəbbət əhli görür arizi-nigari əgər Ayağının tozunu gözdə tutiya edələr.
Əmanətindir o can, saxlamışlar aşiqlər, Yetişdi vəqt, onu bir-bir sənə əta edələr.
Görüb bu gün ki, səni şəhr içində zahidlər, Səhər namazını onlar gərək qəza edələr.
Ağıl yolilə gedənlər, təəccübəm, nə üçün Ki, özlərin qəfəsi-dəhrə mübtəla edələr.
Deyil, Füzuli, pəriçöhrələr vəfa əhli Ki, hərgiz etmə təmə bizlərə vəfa edələr.