Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs
Xətti-rüxsarın edər lütfdə reyhan ilə bəhs, Hüsni-surətdə cəmalın güli-xəndan ilə bəhs.
Cənnəti kuyinə zöhd əhli münasib desələr, Nə münasib ki, qılam bir neçə nadan ilə bəhs.
Yüzünə durmasın ayinə urub lafi-səfa, Nə rəva məh qıla xurşidi-dirəxşan ilə bəhs.
Gərçi şümşaddə çox lafi-lətafət vardır, Yorulur eyləsə ol sərvi-xuraman ilə bəhs.
Qılsa can lə’lin ilən feyz yetirmək bəhsin, Canibi-lə’lini tut, ey könül, et can ilə bəhs!
Düşər od şəm’ dilinə bu səbəbdən ki, qılır Dil uzadıb gecələr ol məhi-taban ilə bəhs.
Sifəti-hüsnün edər xəstə Füzuli, nə əcəb, Hüsni-göftardə gər eyləsə Həssan ilə bəhs.
Lüğət: Zöhd – zahidlik