Xət gəlib müshəfi-rüxsarına mənası üçün
Xət gəlib müshəfi-rüxsarına mənası üçün, Ayeyi-Nurə düşüb şərh təcəllası üçün.
Rəşk edir bir-birinə mərdüməki didələrim Nöqteyi-xalının, ey şux, təmaşası üçün.
Eşqinə düşdü Məsiha çü bu ziba sənəmin, Çarmixə çəkilib zülfi-çəlipası üçün.
Xahiş etdi dəhənin sirrini çoxlar, əmma Oldu mədum bu bir nöqtə müəmması üçün.
Zahida, dinüvi sən verdin əbəs şeytanə, Şeyx Sənan verib öz dilbəri-tərsası üçün.
Verdi can könlümü zülfi-siyəhinə o məhin, Çarə bildi onu rəfi-qəmi-sövdası üçün.
Mari-Zöhhak idi geysusi, Firidun xətti, Bu Firidun gəlir dəfinə dəvası üçün.
Seyyidin var idi bir cüzi olan iymanı, Elədi nəzr onu da şəhr kəlisası üçün.